Atamın futbola münasibəti elə də yaxşı deyil. Təkcə klublarımızın avrokubok matçlarını izləyir. Heç oyuçuların da adını əzbər bilmir. Məsələn, Riçard Almeydaya "keçəl”, Dodoya "qara gədə” deyir. Vaxtı ilə maşın alveri ilə məşğul olub deyə, Reynaldonu da 3,2 "mator" "Mersedes"ə bənzədir. Deyir, həm sürətlidi, həm də adamı yolda qoymaz…
Evdən çıxanda da adəti üzrə hara getdiyimi soruşdu. "Futbola, "Qarabağ”ın oyununa” dedim. Başladı sorğu-suala. "Qarabağ” udsa nə olacağını, qalib gəlməsə nə baş verəcəyini sual elədi. Mən də bir-bir sadaladım ki, "Zirə”ni məğlub etsə, ardıcıl üçüncü dəfə çempionluğunu rəsmiləşdirəcək, etməsə… Sözümü kəsdi. "Əşi, "Qarabağ” onsuz da çempion olacaq” dedi…
Atamın "Qarabağ" onsuz da çempion olacaq" fikri ətrafında "Koroğlu”dan Zirəyə qədər düşündüm. Amma yolun uzaqlığı da tutarlı bir cavab tapmağıma kömək etmədi. Atam "Qarabağ”ın gücündən, çempionatdakı rəqabətin zəifləməsindən və Qurban Qurbanovun mükəmməl məşqçi bacarıqlarından və onun futbolçularının ustalığından çox da halı deyil axı… Müləq ki, o, bu fikri "Qarabağ"ın hazırda ən yaxşı olmasına görə səsləndirməmişdi.
Mənzil başına çatdım. "Zirə” – "Qarabağ” matçını sona qədər, bir epizodu qaçırmadan belə izlədim. Ağdamlılar yenə rəqibindən üstün oldu. Nəticədə iki qol vuran Qurban Qurbanovun komandası ardıcıl üçüncü dəfə ölkə çempionluğunu rəsmiləşdirdi. Qızıl medallar yenə "Qarabağ”ındı. Amma…
Amma əvvəlkilərə nisbətən bu dəfə çempionluq sevinci elə də hiss olunmadı. Bu sevinc futbolçuların bir-birini təbriki, Qurban Qurbanovun soyunub-geyinmə otağına yollanması, oyunçuların azarkeşlərə forma hədiyyə etməsi ilə sona çatdı. Bu qədər…
Bəlkə də bu, təvəzökarlıqdan irəli gəlir, nə bilim. Bəlkə də çempionluğu asan əldə etməkdən.. Əslində cavabsız bəlkələr o qədərdi ki…
Sanki azarkeşlər də əvvəlki kimi sevinmədi. Tanıdığım azarkeşlər elə hey bir-birilərinə "Növbəti çempionluğu Ağdamda qeyd edək" deyirdi, xoş arzularını çatdırırdı. Mən də evə çatdım. Atam "nə oldu" deyə, soruşdu. "Qarabağ yenə onsuz çempion oldu" cavabını verdim, öz cavabımı tapdım.
Allah "Qarabağ"a bir də belə çempionluq göstərməsin. Ağdamsız…




Fikirlərini bizimlə bölüş!