Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Orda Qurban Qurbanov, Samir Ələkbərov, Zaur Tağızadə oynamışdı!

AFFA yanında Media Komitəsinin maliyyə dəstəyiylə “Fəaliyyətini dayandırmış Azərbaycan klubları – Səbəblərin araşdırılması” layihəsini davam etdiririk.

İlk ölkə çempionatlarında indikindən fərqli olaraq, region klublarının bolluğu göz oxşayırdı. Hələ sovet dövründə yaradılmış bu komandalar arasında kiçik rayonları, futbolun kütləviləşmədiyi bölgələri təmsil edən komandalarla yanaşı, böyük şəhərləri təmsil edən, güclü azarkeş ordusuna malik klublar da var idi. Həmin dövrdə Azərbaycan futbolunda indikiylə müqayisədə qat-qat az maliyyə dövr etsə də, kütləvilik indikindən artıq idi. Yerli təşkilatlar, zavodlar tərəfindən maliyyələşdirilən region komandalarının heyətinin böyük hissəsi isə yerli gənclərdən ibarət idi. Bu region klublarından ölkə çempionatının güclülər dəstəsində bir-iki mövsüm vaxt keçirib “yoxa çıxanlar” olduğu kimi, təmsil etdiyi rayonun, şəhərin adını çempionatdakı çıxışıyla hafizələrə həkk etdirənlər də oldu. Belə komandalardan biri də, Mingəçevir “Kür”üdü.

“Toxucu”, “Avtomobilçi”, “Kür”

Müstəqil ölkə çempionatının ilk mövsümündə çıxış edən “26”-ların bir çoxu kimi “Kür”ün də yaranma tarixi müstəqillikdən öncəyə təsadüf edir. Ancaq 1990-cı ildə əsası qoyulmuş “Kür”dən fərqli olaraq, Mingəçevir futbolunun tarixi 20-ci əsrin 60-cı illərinə gedib çıxır. 1966-cı ildə rayonu SSRİ çempionatının aşağı dəstəsində təmsil edən “Toxucu” komandası yaradıldı. Amma bu komandanın ömrü elə də uzun çəkmir. 70-ci illərdə sıradan çıxan komandanı 1980-ci ildə Bakıdan Mingəçevirə köçən “Avtomobilçi” əvəz edir. 1989-cu ildə isə “köçkün komanda” da fəaliyyətini dayandırır.

Ancaq “işıqlar şəhəri”nin futbolsuz günləri çox çəkmir. 1990-cı ildə şəhərdə “Kür” komandası yaradılır. Komandanın ilk çalışdırıcısı isə əməkdar məşqçi Ənvər Nəsibov olur. Nəsibov komandanın yaradılmasını belə xatırlayır:

“Şəhərin futbol tarixi “Kür”ün yaranmasından illər öncəyə təsadüf edir. 1966-cı ildən SSRİ çempionatının aşağı dəstəsində “Toxucu” komandası şəhəri təmsil edirdi. Lakin bu komanda daha sonra fəaliyyətini dayandırdı. 1982-ci ildə isə Bakı “Avtomobilçi”si futbolçuları, məşqçiləri, rəhbərliyilə birlikdə Mingəçevirə köçdü. Ancaq 80-ci illərin sonlarında bu komanda da dağıldı. Mingəçevirdə futbolla məşğul olan gənclər çox idi. Onları yığaraq “Kür” komandasını yaratdıq. Həmin komanda sırf mingəçevirli uşaqlardan ibarət idi.

Komanda 1990-cı ildə yaradıldı. “Kür”ün ilk məşqçisi mən olmuşam. O vaxt zavod, fabriklərin hamısı işləyirdi. Onlara müraciət edirdik, komandaya kömək edirdilər. O vaxt belə bir qanun da var idi ki, hər bir idarə, təşkilat, gəlirinin bir faizini idmana yönləndirməlidi. Onda sponsor söhbəti yox idi. Ayrı-ayrı idarələr pul ayırırdı, onun hesabına fəaliyyət göstərirdik”.

Əlavə vaxtda itirilən kubok

Komanda ilk olaraq SSRİ çempionatının 2-ci dəstəsinin Azərbaycan zonasında çıxış etdi. “Kür” ilk mövsümündə 24 komanda arasında 10-cu olur. Mingəçevir klubu növbəti mövsümü isə 20 komanda arasında 5-ci pillədə başa vurur.

1992-ci ildən etibarən isə komanda müstəqil Azərbaycan çempionatının ilk iştirakçısı olur. Çempionatda 26 komanda arasında 7-ci olan “Kür” ölkə kubokunda tarixi uğura imza atır. Mingəçevir təmsilçisi kubokda finala qədər irəliləsə də, Respublika stadionunda keçirilən final oyununda Bakı “İnşaatçı”sına əlavə vaxtda uduzaraq (1:2), ikinciliklə kifayətlənir. 1993-cü ildə isə mingəçevirlilər çempionatı A yarımqrupunda 10 komanda arasında 6-cı pillədə başa vurur. Kubokda isə bir il öncəki qəhrəmanlığı təkrarlamaq mümkün olmur. “Kür”ün qarşısını 1/8 finalda Qusar “Şahdağ”ı kəsir.

“Futbolçular 8 aydı maaş almırdılar”

Çox çəkmir ki, ölkədəki bir çox komanda kimi “Kür” də ciddi maliyyə böhranı keçirməyə başlayır. Sovet dövründə yerli zavodların, idarələrin hesabına maliyyələşən “Kür” ciddi maliyyə problemi yaşayır. Mingəçevir təmsilçisinin çalışdırıcısı olmuş Ənvər Nəsibovun sözlərinə görə, komanda müstəqllik illərində ciddi maliyyə çətinliyi yaşayıb, hətta oyunçular 8 ay maaşsız da çıxış ediblər:

“Zavodların bağlanmasıyla komandada vəziyyət pisləşdi. “Kür” liderlər qrupunda qərarlaşmış komanda idi. Amma futbolçular 8 aydı maaş almırdılar. Elə buna görə də, komandadan ayrıldım.

Ancaq sonradan sponsor söhbəti ortaya çıxdı. Yerli DRES komandanı himayəyə götürdü. Bundan sonra komanda “Kür-Nur” adlandırıldı.

Pis oynamırdıq. Həmişə ilk pillələr uğrunda mübarizə aparırdıq. Sonradan pul ayıran olmadı, komanda fəaliyyətini dayandırdı”.

“Hamınız məşqə çıxın, mən gedib “ispolkom”u gətirəcəm”

Komanda dağılmaq təhlükəsiylə üz-üzə qalır. “Kür” yaranandan dağılana kimi komandanın şərəfini qorumuş Ramiz Məmmədov klubu yaşatmaq üçün dəfələrlə o vaxtkı rayon rəhbərliyinin qəbuluna getdiyini deyir:

“Klubun prezidenti Məmmədrəhim müəllim idi. “Kür”ün yaranmasında onun rolu olub. Kluba Azərbaycan DRES-in rəhbəri Akif Zeynalov sponsorluq edirdi. Şəhərin polis rəisi Nizami Qocayev və şəhər sovetinin sədri Məhəbbət Qarabağlı da komandanın fəaliyyət göstərilməsində yaxından iştirak edirdilər. Şəxsən mən özüm dəfələrlə Məhəbbət müəllimin qəbulunda olmuşam. Mingəçevir futbolu həmin dövrdə indiki günlərini yaşayırdı. 3-4 dəfə onun qəbuluna düşmək üçün cəhd etdim. Uşaqlara dedim ki, “hamınız məşqə çıxın, mən gedib “ispolkom”u gətirəcəm”. Qapıdan qovurdular, pəncərədən keçirdim. Axırda Məhəbbət müəllim məni qəbul etdi, soruşdu “bala, dərdin nədi?” Dedim Mingəçevirdə həmişə futbol olub, burda yenə komanda olmalıdı. Bütün Azərbaycana nur verən elektrik stansiyamız, DRES-imiz, toxuculuq kombinatımız, güclü azarkeş dəstəyimiz var. O vaxt komandanın oyunlarına böyük maraq var idi. Lənkəran, Gəncədəki kimi azarkeş ordumuz var idi. Bunları Məhəbbət müəllimə bildirdim. O isə dedi ki, “sabah şəhərin bütün ağsaqqallarını, idarə rəhbərlərini yığacam, saaat 4-də gələrsən, müzakirə edərik”. Saat 5 tamamda isə bizim məşqimiz idi. Görüşə tək getdim.

Həmin görüşdə DRES-in sədri Akif Zeynalov, şəhərin prokuroru Dağlar müəllim, DRES-də çalışan Məmmədrəhim müəllim, şəhərdə məsul vəzifədə çalışan rəhmətlik Faiq Baxşəliyev iştirak edirdi. Ümumilikdə, görüşdə şəhərin 15-ə yaxın idarə rəisləri, nüfuzlu şəxləri var idi. Orda qərara alındı ki, Mingəçevir futbolunu qaldırmalıyıq. Həmin toplantıdan sonra DRES komandanı himayəyə götürdü.

Qərar qəbul edildikdən sonra gəlib komanda ilə tanış oldular. Futbolçulara tapşırıq vermişdim ki, hamı bir nəfər kimi məşqə gəlsin. İki dəst formamız var idi. Həmin formalarla həm məşq edir, həm də oyunlara çıxırdıq. Amma bütün çətinliklərə baxmayaraq, yeni rəhbərlik futbolçuları ziyarət etməyə gələndə komanda məşqə tam heyətdə, səliqəli formalarda çıxmışdı. Onlar da gördülər ki, pulumuz olmasa da, komandada nizam-intizam var, ruhdan düşmürük. Həmin gündən qərar verildi ki, komandaya maliyyə ayrılsın”.

“Nur”a qovuşan “Kür” və Azərbaycanın top-komandası

1993/94 mövsümündən etibarən “Kür” ona sponsorluq edən DRES-in şərəfinə adının qarşısına “Nur” əlavəsini etdi. Beləliklə, artıq Mingəçevir təmsilçisi “Kür” yox, “Kür-Nur” adlanırdı. Komandanın sponsora qovuşması, nəticələrdə də özünü göstərir. “Kür-Nur”a Samir Ələkbərov, Qurban Qurbanov, Musa Qurbanov, o dövrdə Azərbaycan futbolunun digər məşhur simaları, həmçinin sonradan “Neftçi”dəki və Azərbaycan millisindəki çıxışıyla “Qızıl oğlan” ləqəbi alan Zaur Tağızadə də cəlb olunur. Yeni sponsorun gəlişiylə “Kür-Nur” yenidən ölkə futbolunun güclüləri sırasına qoşuldu. Nəticə də özünü çox gözlətmədi. Komanda tarixində ikinci dəfə ölkə kubokunun finalına vəsiqə qazandı. Ancaq mingəçevirlilərin qarşısını bu dəfə “Neftçi” kəsir. Mayın 28-də keçirilən həlledici oyunda minimal hesabla qalib gələn Bakı klubu “Kür-Nur”un titul arzusunun üzərindən xətt çəkir.

Komandanın heyətinin gücləndirilməsində sonradan “Kür”ün prezidenti seçilən o vaxtkı şəhər polisinin rəisi Nizami Qocayevin əvəzsiz xidmətləri olub. Ramiz Məmmədovun sözlərinə görə, bir çox məşhur futbolçu məhz Nizami bəyin klubda prezident olduğu dövrdə komandaya cəlb edilib:

“Məmmədrəhim müəllimdən sonra klubun prezidenti Nizami Qocayev seçildi. Ümumi şura yığıldı və Nizami Qocayevi prezident seçdilər. Komanda onun dövründə daha böyük sürətlə inkişaf etdi. “Kür”ə bahalı oyunçuların alınmasında Nizami müəllimin əvəzsiz xidməti olub. Onunla danışıb, hansı oyunçunun komandaya faydalı olacağı barədə deyirdiksə, dərhal maliyyə məsələsini yoluna qoyub, həmin futbolçunu komandaya cəlb edirdi. Samir Ələkbərov, Musa və Qurban Qurbanovlar, Aqil Məmmədov və başqa futbolçular məhz Nizami müəllimin səyləri nəticəsində “Kür”ə cəlb edilmişdi.

Komanda Musa Qurbanov, Qurban Qurbanov, Samir Ələkbərov, Azad Mütəllibov, Zöhrab Əliyev, Aqil Məmmədov, Firuz Qulami, Yadigar Süleymanov kimi oyunçularla birlikdə gücünə güc qatdı. Bir sözlə, Nizami müəllimin dövründə “Kür-Nur” həmin dövr üçün Azərbaycanın top-komandasına çevrildi. Kubokda finala qədər irəliləsək də, burda “Neftçi”yə 0:1 hesabıyla uduzduq. Yaxşı komandamız var idi. Ancaq hər şeyin əvvəli olduğu kimi, sonu da olur. “Kür”ün yaxşı günlərinin də sonu çatdı. Komandaya maliyyə yardımı get-get-gedə azaldı və bununla da “Kür-Nur” dağıldı”.

Kürə bənzəməyən “Kür”

“Pis günün ömrü az olar” deyiblər. Amma “Kür-Nur”da bu deyim tam əks istiqamətdə özünü göstərir. Komandaya imkanlı sponsorun himayəsində çox yaşamaq qismət olmur. Artıq komandaya nə şəhər rəhbərliyi, nə də DRES lazımi köməyi göstərə bilmirdi. Maliyyə dayağını itirən klub 1997/98 mövsümüylə birlikdə varlığını da itirir. Azərbaycandan keçən ən uzun çayın adını daşıyan “Kür”ün təəssüf ki, ömrü uzun olmur.

Bu gün Azərbaycanın 4-cü ən böyük şəhəri olan, 100 mindən artıq əhali yaşayan Mingəçevirdə futbol bərbad vəziyyətdi. Düzdü, “işıqlar şəhəri” tam komandasız qalmayıb. Şəhəri birinci divizionda “Energetik” təmsil edir. Buna “təmsil etmək” demək mümkündüsə… Ciddi maliyyə problemləri olan “Energetik” hətta aşağı liqanın belə, autsayderlərindən sayılır. Komandanın astronomik hesablı məğlubiyyətləri də şəhərdə futbolun vəziyyətinin nə yerdə olduğunun göstəricisidi. Mingəçevir futbolunun yetirməsi, vaxtilə millimizdə də çıxış etmiş, “Kür”ün çempionatlardakı ən məhsuldar futbolçusu (44 qol) olan Ramiz Məmmədov da şəhərdə futbolun hazırkı vəziyyətindən narahatdı. Məhz maddi çatışmazlıqlara görə Azərbaycan futbolu bəlkə də hər il neçə-neçə istedadı itirir. Məmmədovun sözlərinə görə, şəhər futbolunda olan hazırkı bərbad vəziyyətin həlli üçün şəhər icra hakimiyyətinə ümid olmaq yox, “yuxarı”dan diqqət ayrılmasına ehtiyac var:

“Çox təəssüf ki, hazırda Mingəçevir futbolu pis vəziyyətdədi. Çox adam bunda şəhərin rəhbərini günahlandırır. Mən bu məsələdə fərqli düşünürəm. Şəhərdə əvvəlki kimi müəssisələr yoxdu axı. Kimlərsə bu məsələdə şəhər rəhbərliyini günahkar bilirsə, yanlış fikirdədi. Mənə elə gəlir ki, bu məsələdə “yuxarılar”ın göstərişi lazımdı. Mingəçevirdə həmişə istedadlı futbolçular yetişib. Burda potensial var. Bir-bir adlar sadalamağa ehtiyac yoxdu, elə təkcə Yuri Romenskinin adını çəkmək kifayətdi. Bu şəhər həmişə futbolçu yetişdirib, yenə yetişdirmək qüdrətindədi. Bunun üçün dövlət başçısı İlham Əliyevə, 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya üzümü tutub deyirəm: Mingəçevir futbolunu bu vəziyyətdən çıxarmaq lazımdı. AFFA prezidenti Rövnəq Abdullayevə də müraciət edirəm. Mingəçevir futbolunu hazırkı bərbad vəziyyətdən xilas etmək üçün tədbirlər görmək lazımdı. Məhz belə olacağı halda, Mingəçevirdə yenidən futbol görə bilərik”.

Mingəçeviri Antalyaya çevirmək olar

“Kür-Nur” ölkə çempionatında ev oyunlarını 10 minə yaxın tamaşaçı tutumuna malik Mingəçevir şəhər stadionunda keçirirdi. Stadion 1996-cı il martın 15-də, Nazirlər Kabinetinin 28 nömrəli qərarı ilə şəhid Yaşar Məmmədzadənin adını daşımağa başlayır. Bu gün idman nazirliyinin balansında olan stadion o qədər də yaxşı vəziyyətdə deyil. Hələ “Avtomobilçi”nin çıxış etdiyi dövrdə stadion ətrafında komanda üçün hər cür şərait yaradılmış, baza tikilmişdi. Lakin Qarabağ müharibəsi dövründə doğma yurd-yuvalarından didərgin düşən qaçqınların bir hissəsinin stadionun bazasında yerləşməsi, bu obyekti futbolçuların əlindən aldı. Ramiz Məmmədov deyir ki, stadionda əsaslı təmir aparmaqla Mingəçevirə Antalyadakı kimi, bir çox komandaları da cəlb etmək mümkündü:

“Şəhər stadionunun içində bizim bazamız var. Qarabağ müharibəsindən sonra klubun bazasında köçkünlərimiz məskunlaşdılar. Əlbəttə, onları başa düşmək olar. Ancaq həmin qaçqınları başqa yerə köçürüb, orda futbol bazasını bərpa etmək olar. Mingəçevirdə Antalya səviyyəsində şərait qurmaq mümkündü. Heç elə maliyyə xərcləməyə də ehtiyac yoxdu. Mingəçevirdə avarçəkmə bazasının oteli də var. Buranın havası Antalyadan o qədər də fərqlənmir. Hətta başqa komandaların burda təlim-məşq toplanışı keçməsinə şərait yaradıb, yaxşı maliyyə də əldə etmək olar. Belədə, şəhərdə fəaliyyət göstərəcək komandanın da maliyyə çətinliyi olmaz. Komanda özü-özünü saxlaya bilər. Şəhərdə 3 stadion var. Ancaq təəssüf ki, bu stadionlar baxımsız vəziyyətdə qalıb.

Ölkə futbolunun inkişaf etməsini istəyiriksə, Azərbaycanda futbolun bazası rolunu oynamış Mingəçevir, Yevlax, Qax, Lənkəran kimi rayonlarda komandalar yaradılmalıdı. Başqa cür mümkün deyil”.

Bu gün qaxlılar üçün “Kürmük”, lənkəranlılar üşün “Xəzər”, bərdəlilər üçün “Pambıqçı” nə deməkdisə, mingəçevirlilər üçün də “Kür” o deməkdi. Amma çox təəssüf ki, fanatlar artıq uzun müddətdi öz sevimli komandalarına azarkeşlik etmək zövqündən məhrum qalıblar.

Rəşad ERGÜN

Fikirlərini bizimlə bölüş!