AFFA yanında Media Komitəsinin maliyyə dəstəyi ilə “Bölgə futbolu: resurslar, imkanlar və reallıqlar” layihəsinin icrasını davam etdiririk.
Azərbaycan futbolunun ən böyük problemlərindən biri də əhalinin sıx məskuşlaşdığı, böyük tarixə malik rayonların bir çoxunda bu idman növünün inkişaf etməməsidi. Bu cür rayonlardan biri də Şamaxıdı. Şamaxı Dağlıq Şirvan iqtisadi rayonunun ən böyük rayonudu. Ötən ilin əvvəlinə olan məlumata əsasən, rayonda 101200 əhali yaşayır. Şamaxı şəhərində isə 38900 insan məskunlaşıb. Rayon əhali sayına, tarixinə görə daxil olduğu regionun lideri olsa da, futbol barədə eyni sözləri demək mümkün deyil. Hazırda Dağlıq Şirvan iqtisadi rayonunu ölkə futbolunda yalnız “Ağsu” təmsil edir. Lakin Şamaxı heç də futbola yad rayon olmayıb. Ölkə futbolunda regionların komandasızlıqdan əziyyət çəkmədiyi dövrlərdə, Azərbaycanın bu tarixi şəhəri də yerli çempionatlarda təmsil olunub.
Şamaxının “İnşaatçı”sı
Şamaxılıların böyük futbolla tanışlığı əsasən, “İnşaatçı” adı ilə bağlıdı. Ötən əsrin 80-ci illərində rayonda fəaliyyət göstərən ev-tikinti kombinatı ölkənin digər bölgələrindən geri qalmayaraq, komanda yaratmaq qərarına gəlir. Maliyyələşdiyi orqanın adına uyğun olaraq, “İnşaatçı” adlandırılan komanda 1987-ci ildən Azərbaycan çempionatında çıxış etməyə başlayır.
1990-cı ildən etibarən Azərbaycan birinciliyi SSRİ çempionatının 2-ci dəstəsinin zonası funksiyasını daşımağa başlayır. Həmin ildə keçirilmiş çempionatda 24 komanda arasında 8-ci olan “İnşaatçı”, növbəti mövsümdə 20 komanda arasında 14-cü olur.
“Şirvan”a çevrilən “İnşaatçı”, oxşar tale
Şamaxı 1992-ci ildə keçirilən ilk müstəqil ölkə çempionatında da təmsil olunur. Bu dəfə “Şirvan” adı altıda çıxış edən şamaxılılar, çempionatı 26 komanda arasında 20-ci pillədə başa vurur. Bu nəticə “Şirvan”ı “aşağı”ya göndərir. 1993-cü ildə birinci dəstənin B qrupunda çıxış edən komanda 4-cü olur. Komanda həmin mövsümdə aşağı liqada çıxış etsə də, ölkə kubokunun 1/16 finalında güclülər dəstəsi təmsilçisi “Azneftyağ”ı mübarizədən kənarlaşdıra (3:1, 2:3) bilir. Lakin növbəti mərhələdə həmin dövrdə ölkənin ən güclülərindən olan “Turan”a uduzaraq (0:3, 0:5) mübarizəni dayandırır.
1993/94 mövsümündə isə daha zəif nəticə göstərən “Şirvan” (B qrupunda 10 komanda arasında 8-ci yer), həmin mövsümdən sonra gözdən itir.
“Demişdilər ki, məşqçiyə maaş veriləcək, lakin heç nə verilmədi”
Sovet dövründə ev-tikinti kombinatı ilə yanaşı, yerli sovxoz və kolxozlar tərəfindən də maliyyələşən Şamaxı təmsilçisi, müstəqillik dönəmində ölkədə maliyyə böhranının yaranmasıyla bu yardımlardan məhrum qalır. Belədə, bu komanda da özündən əvvəlki və sonrakı onlarla klubla eyni taleni yaşayır.
Hələ sovet dövründən komandada çıxış etmiş Ceyhun Rəzimi “Şirvan” komandasını belə xatırlayır:
“Komanda 1987-ci ildən Azərbaycan çempionatında oynamağa başladı. “İnşaatçı”ya yerli ev-tikinti kombinatı maliyyə yardımı edirdi. Bundan başqa, yerli sovxoz və kolxozlar da yardım edirdilər. Baş məşqçimiz vaxtilə “Neftçi”də oynamış məşhur futbolçu Əli Əbilzadə idi. 1991-ci ilə kimi Azərbaycan SSR çempionatında oynadıq. 1992-ci ildə isə müstəqil Azərbaycanın ilk çempionatında çıxış etməyə başladıq. Komandanın əsasını yerli uşaqlar təşkil edirdi. Kənardan gələn uşaqlar da var idi”.
“Şirvan”ın dağılmasıyla böyük futbol Şamaxıdan uzaq düşdü. Belə ki, 1994-cü ildən sonra bu rayon Azərbaycanın heç bir peşəkar liqasında komanda ilə təmsl olunmayıb. Şamaxı arada həvəskarlar liqasında komanda ilə təmsil olunsa da, bu da davamlı olmayıb.
Rəziminin sözlərinə görə, onun rəhbərliyi altında bir neçə dəfə həvəskarlar liqasında, hətta bir dəfə futzal üzrə çempionatda da komanda ilə təmsil olunublar. Amma heç bir maliyyə yardımı almayan, məşqçi və futbolçuların öz hesabına yaşayan bu komandalar da çox davam gətirməyib:
“Mən özüm vaxtilə yerli “İnşaatçı”da da, “Şirvan”da da oynamışam. Lakin həmin komanda 1994-cü ildə maddi problemlərə görə dağıldı. Şamaxıda bundan sonra uzun müddət böyüklərdən ibarət komanda olmadı. 2003-cü ildə isə komanda yaratdıq. Həmin komandanın baş məşqçisi mən idim. Həvəskarlar liqasında “Şamaxı” adı altında çıxış edirdik. Lakin bu komandanı da saxlamaq olmadı. 2011-13-cü illərdə də fəaliyyət göstərdik. Onda da demişdilər ki, məşqçiyə maaş veriləcək, lakin heç nə verilmədi. Komandanı öz hesabımıza saxlayırdıq. Bir müddət futzal üzrə həvəskarlar liqasında da oynadıq. Hər dəfə Bakıya yollanırdıq. Matçlar Əl Oyunları Sarayında keçirilirdi. Oyunlara öz hesabımıza yollanırdıq. Sonra gördük ki, çətindi, çıxışımızı dayandırdıq”.
“Şamaxılılar futbolu sevirlər, ancaq…”
Şamaxı futbol rayonu deyil. Ancaq bu rayonda idmanın şahı sayılan futbola maraq yetərincədi. Ceyhun Rəzimi vaxtilə, həm sovet, həm də müstəqillik dövründə yerli komandanın oyununa marağın yüksək olduğunu deyir. Azarkeşləri stadiona cəlb etmək üçün Azərbaycanın başqa rayonlarında da dəfələrlə sınaqdan keçirilmiş metoddan, lotereya oyunlarının keçirilməsindən də istifadə edirdilər. Rəzimi bu metodun işə yaradığını deyir:
“Şirvan” komandasının oyunlarına maraq böyük idi. O vaxt ev oyunlarımızı 5 min yerlik şəhər stadionunda keçirirdik. Əhalidə maraq yaratmaq üçün lotereya oyunları da keçirilirdi. Burda müxtəlif uduşlar olurdu. Yerli sakinlərin oyunlarımıza marağı böyük idi. Bilirsiz, o dövrdə insanların başqa məşğuliyyəti də yox idi. İnsanlar bu cür yarışlara, ümumiyyətlə, idmana böyük maraq göstərirdilər. Əsas kütləvilik isə elə məhz futbolda idi.
Burda indi də futbola maraq yüksəkdi. Şamaxılılar futbolu sevirlər, ancaq uzun müddətdi burda böyüklərdən ibarət komanda yoxdu. Bu da, marağın müəyyən qədər azalmasına səbəb olur”.
İstifadəsiz qalmış 5000 yerlik stadion
Vaxtilə ölkə çempionatlarında çıxış etmiş yerli komanda ev oyunlarını Şamaxı şəhər stadionunda keçirirdi. 5000 tamaşaçı tutumuna malik arena hazırda “Məhsul” cəmiyyətinin balansındadı. Sovet dövründə tikilən stadionda əsaslı yenidənqurma işləri aparılmayıb. Stadion hazırda da mövcud olsa da, istifadəsiz qalıb.
Şamaxıda da bir çox rayonda olduğu kimi, müasir olimpiya idman kompleksi mövcuddu. 2005-ci ildə istifadəyə verilən olimpiya kompleksində 2000 tamaşaçı tutumuna malik stadion da var. Vaxtilə futbolçu kimi “Şirvan”ın şərəfini qorumuş Rəzimi hazırda UGİM-in futbol şöbəsində məşqçi kimi çalışır. Onun çalışdırdığı aşağı yaş qrupları həm məşqlərini, həm də oyunlarını məhz olimpiya idman kompleksinin stadionunda keçirir:
“Rayonda fəaliyyət göstərmiş komandalar ev oyunlarını Şamaxı şəhər stadionunda keçirirdilər. Bu stadion təxminən 5 min tamaşaçı tutumuna malik idi. Lakin biz hazırda məşqlərimizi olimpiya kompleskinin stadionunda keçiririk. Köhnə stadiondan isə hazırda istifadə edilmir. Bu stadion “Məhsul” cəmiyyətinin nəzdindədi. Stadion sovet dövründəki kimi qalıb, uzun müddətdi təmir olunmur. Oturacaqları elə sovet dövründəki kimi taxtadı. Otu elə də pis deyil. İlin bu dövründə yaxşı olur”.
101 min əhalisi olan rayon, cəmi 3 yaş qrupu
Şamaxıda uzun müddətdi böyük futbol olmasa da, rayonda bu idman hələ də yaşayır. Belə ki, digər bir çox rayonda olduğu kimi, burda da Uşaq Gənclər İdman Məktəbinin (UGİM) nəzdində olan aşağı yaş qrupları var. Rayonda aşağı yaş qruplarıyla məşğul olan Ceyhun Rəzimi hazırda idman məktəbində cəmi üç yaş qrupunun olduğunu deyir:
“Komandalarımız U-10, U-12 və U-14 liqalarında çıxış edirlər. Bundan başqa, turnirlərdə də iştirak edirik. Bu yaxınlarda 28 may Respublika günüylə bağlı turnir keçiriləcək. Orda da çıxış edəcəyik. Komanda Şamaxı olimpiya idman kompleksinin stadionunda məşq edir. Şərait yaxşıdı. Həm əsas meydançada, həm də yardımçı meydançada. AFFA ildə bir dəfə top və formayla təmin edir. Çempionat başlamamış, sentyabrda top və forma göndərirlər. Lakin bu sahədə müəyyən çatışmazlıq var”.
Maraqlıdı ki, Şamaxı əhalisinin sayına görə heç də kiçik rayon olmasa da, burda UGİM-in nəzdindəki qruplardan başqa, heç bir aşağı yaş qrupu fəaliyyət göstərmir. Yəni Şamaxı futbolunun gələcəyi yalnız UGİM-in nəzdindəki üç yaş qrupuna bağlıdı.
Şamaxı rayonu Şimal Futbol Federasiyasına daxildi. Federasiya prezidenti Abdulla Məmmədov rayonda böyük futbolun uzun müddətdi fəaliyyət göstərmədiyini, amma aşağı yaş qrupları üzrə yarışlarda ən fəallardan olduğunu deyir:
“Şamaxıda uzun müddətdi komanda fəaliyyət göstərmir. Amma aşağı yaş qrupları barədə eyni şeyləri demək olmaz. Bu rayonu təmsil edən komandalar bizim keçirdiyimiz yarışların ən fəal iştirakçılarındandı. Elə bu yaxınlarda təşkil edəcəyimiz 28 may Respublika günüylə bağlı turnirdə də yerli UGİM komandayla təmsil olunacaq”.
“Ən azı birinci divizionda çıxış edən komandamız olsa…”
Rayonda az da olsa aşağı yaş qrupları fəaliyyət göstərir, ancaq burda məşq keçən uşaqların gələcək taleyi onların özünü nə qədər tez sübut etməsindən asılı olur. Belə ki, 16-17 yaşına kimi özünü göstərən uşaqlar Premyer Liqa klublarının aşağı yaş qruplarına və ya birinci divizion komandalarına düşərək, karyerasını davam etdirirsə, digərləri sevimli idman növüylə vidalaşmalı olur. Rəziminin sözlərinə görə, bu, Şamaxı futbolunun ən böyük problemidi:
“Burda yetişən oyunçular digər komandalara düşə bilməyəndə, karyeralarını bitirirlər. Hazırda “Qəbələ”də, AZAL-da oynayan yetirmələrimiz var. 2002-ci il təvəllüd olan bir yetirməmiz – Tərlan İsgəndərov “Qəbələ”nin aşağı yaş qrupunda iki dəfə çempion oldu. Hazırda Premyer Liqa klublarında yetirmələrimiz yoxdu. Ancaq birinci divizionda oynayanlar var.
Uşaqların futboldan tez ayrılmasına səbəb rayonda böyüklərdən ibarət komandanın olmamasıdı. Həmin uşaqlar yetkinlik yaşına çatanda, başqa komandaya keçə bilməyəndə, karyeralarını bitirirlər. Orta məktəbi bitirir, əsgərlik yaşı çatır, gedir, qayıtdıqdan sonra isə dolanışığını təmin etmək üçün başqa sahələrdə çalışmalı olurlar. Ən azı birinci divizionda çıxış edən komandamız olsa, həmin uşaqlar futbolda qalar. Onlar üçün də bir stimul lazımdı. Burda komanda olsa, bilərlər ki, müəyyən yaşa çatdıqdan sonra həmin komandada oynayacaqlar. Lakin indi vəziyyət fərqlidi. Premyer Liqa və ya birinci divizion klublarına keçə bilsələr, karyeralarını davam etdirirlər. Əks halda isə futbolla vidalaşırlar”.
Şamaxı heç vaxt futbol rayonu olmayıb. Nə bu rayonu təmsil edən komandalar ölkə çempionatlarında uğur qazanıb, nə də rayonun futbol yetirməsi hansısa iddialı klubun əsas üzvlərindən olub. Lakin bu, heç vaxt olmayacağı demək deyil. Şamaxıda futbola maraq var. Rayonun əhali potensialını da nəzərə alsaq, burda idmanın şahı sayılan futbolu kütləviləşdirmək üçün də yaxşı şəraitin olduğunu görərik. Ancaq hazırda rayonda cəmi üç aşağı yaş qrupunun fəaliyyət göstərməsi, həmçinin, hətta həvəskarlar liqasında belə, komandanın olmaması gələcək üçün yaxşı heç nə vəd etmir.
Reşad ERGÜN




Fikirlərini bizimlə bölüş!