Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Ot kökü üstündə bitməlidi

Atalarımızın məşhur sözüdü. Yaşayırıq və həyatda da təsdiqini hər dəfə görürük. Bitməsini, böyüməsini arzuladığımız hər şeyin kökü olmalıdı. Hər şeyin əvvəlcə kökünə qulluq etməlisən ki, sonra da bəhrəsini görəsən, meyvəsindən dadasan, yaxud da gözəlliyinə və ya əzəmətinə baxıb, həzz alasan. İdman da elədi. Biz isə bunu qəbul etmək istəmirik. Daha doğrusu, idmanımızın başbilənləri, onu idarə edənlər. Kütləvi legionerləşdirmə sayəsində ölkə idmanı iflasa doğru gedir. Yalançı nəticələr, gözqamaşdıran medal parıltıları başımızı yaman qatıb. Faciənin miqyasını dərk etmirik. Vəziyyət o qədər pisdi ki, pəhlivanları ilə öyünən ölkənin güləş millisinə belə əcnəbi idmançıları dəvət edirlər, onlara pasport verib, yarışlara göndərirlər. Xalis azərbaycanlı balaları isə kənarda qalır. Ağır atlet Nicat Rəhimovu ölkədən qaçaq saldılar, o da öz bacarığını Qazaxıstanda sərgilədi. Nicat olimpiya çempionu adını qazananda həm sevindik, həm də kədərləndik. Amma onu Azərbaycandan qaçaq salanlar zərrə qədər də olsun, vicdan əzabı çəkmədilər. Türkiyə üçün tarix yazan dünya çempionu Ramil Quliyevi də Azərbaycandan elə Nicat kimi didərgin salıb, başqa bayraq altında yarışlara qatılmağa məcbur ediblər. Yazırıq, deyirik. Eşitmək, nəticə çıxarmaq, anti-Azərbaycan siyasətinə son qoymaq fikirləri yoxdu.
Oxşar proseslər futbolumuzda və futzalda da yaşanır. Azərbaycanda futbol məktəbləri məhv edilib, bölgələr top oyununa həsrət qalıblar. Əvəzində son 5-10 ildə “milliləşdirilən” dağıstanlıların, ukraynalıların, Almaniya türkiyəlilərinin sayını-hesabını itirmişik. Başbilənlər isə heç utanıb-qızarmadan futbolumuzun inkişafından bəhs edir, doğru yolda olduqlarını deyirlər. Qarşımıza ciddi rəqib çıxan kimi bizi yerimizdə oturdur, Cəbiş müəllimin arvadının sözü olmasın, alman tankları kimi üstümüzdən o tərəf-bu tərəfə keçirlər. Sonuncu belə alçaldıcı məğlubiyyəti bizə Portuqaliyanın futzal millisi yaşatdı. Zaur Axundovun “əl işi” olan braziliyalılardan qurulmuş Azərbaycan millisi 1:8 hesabıyla uduzdu. Bütün dünya ölkəmizdə futzalın necə “inkişafda” olduğunu gördü, özümüzü gülüş hədəfinə çevirdik. İdmanda iki oynayandan biri uduzar, normal haldı. Anormal olan odu ki, biz bu ağır yenilgiyə öz futzalçılarımızla məruz qalmırıq, əcnəbilər bizi rəzil edirlər. Tyaqo, Fineo, Eduardo, Everton, Vassura bizim nəyimizə lazımdı? Legioner bir olar, iki olar, lap uzağı üç nəfər. Daha bütövlükdə komandanı gəlmələrdən qurmaq, sonra da nəticələrlə qürrələnmək haramıza yaraşır?
Bu cür ucuz qəhrəman olmaq həvəsi elə Zaur Axundova yaraşardı. Braziliyalılarla birlikdə bizi dünyaya rəzil etməsi bəs deyilmiş kimi, hələ meydanda dava da saldı, üzümüzü qızartdı. Siz təsəvvür edə bilərsiz ki, İspaniyanın, yaxud da Fransanın Futzal Federasiyasının prezidenti meydana girib, rəqibin oyunçusunu vurmağa çalışsın? Amma bizim Zaur Axundov bunu yaxşı bacarır. İllərdi öz gücünü tabeliyində olan mütəxəssis və idmançılara göstərən prezident indi də rəqibləri cəzalandırmaq həvəsinə düşüb. Heç şübhə etmirəm ki, onun bu qaba davranışları UEFA-nın diqqətindən yayınmayacaq, özündənrazı Axundov cəzasını alacaq. Ondan sonra başa düşəcək ki, bu cür mötəbər yarışda özünü necə aparmaq lazımdı, portuqaliyalı futzalçı ilə Alesio kimi davrana bilməz. Diqqət yetirdizsə, Ramiz Çovdarov həmin epizodun sonunda Rikardinyo ilə qucaqlaşdı və az əvvəl mübahisə edən futzalçılar barışdıqlarını hamıya nümayiş etdirdilər. İdmanın gözəl tərəfi də budu. Meydanda emosiyalar həddini aşanda belə, peşəkarlar özlərini toparlamağı, aqressivliyi dərhal unutmağı bacarmalıdılar. Əks halda idmanın gözəlliyinə xələl gələr, ədalətli oyun prinsipləri pozular, azarkeşlər də hisslərinə yenik düşən idmançılardan üz döndərərlər. Çox təəssüf ki, Zaur bəy bu cür hisslərdən uzaq adamdı. Bütün dünyanın gözü qarşısında etdiyi hərəkətlərlə bir daha isbatladı ki, onun Alesionu döyməsi, Svanadze ilə kobud davranması haqda deyilənlər boşuna deyilmiş.
Azərbaycan futzalının ciddi islahatlara ehtiyacı var. Bu islahatlar rəhbərlikdən başlamalı, daha sonra aşağılara doğru davam etməlidi. Hərbə-zorba, kütləvi “milliləşdirmə” ilə idmanı, o cümlədən də futzalı inkişaf etdirmək mümkün deyil. Bir-iki aldadıcı qələbə qazana bilərsən, amma gec-tez Portuqaliya kimi ciddi rəqiblə qarşılaşmağın və darmadağın olmağın qaçılmazdı. Uduza-uduza bərkiməli, bişməli və inkişaf etməliyik. Azərbaycan futzalı Zaur Axundovun və onun qucaq açdığı braziliyalıların əsarətindən xilas olunmalıdı. Olunmalıdı ki, gələcəkdə Portuqaliya ilə oyundakı kimi utanmayaq, Azərbaycan millisinin formasını Tyaqo ilə Eduardo yox, öz balalarımız geysinlər. Futzal kütləviləşdirilməli, çempionatımızın səviyyəsi yüksəldilməlidi. Böyük futboldan fərqli, futzalda təbii ot örtüyü olan stadionlara, onların saxlanması üçün xeyli xərc çəkməyə də ehtiyac yoxdu. Deməli, düzgün idarəçilik və işə can yandıran rəhbərlik olan yerdə inkişaf, nəticələr özünü çox gözlətməyəcək. Başqa yolumuz qalmayıb. Otun kökü üstündə bitməli olduğunu qəbul etməliyik!

Fikirlərini bizimlə bölüş!