Premyer Liqanın ilk dövrəsinin sonuncu turu hamımızı təəccübləndirən nəticələrlə yadda qaldı. Cümə günü hər kəs "Neftçi”ni AZAL-a uduzduğuna görə qınayırdı. Həmin vaxt 2 gün sonra yaşananlardan xəbərsiz idik. Hardan biləydik ki, Fransa səfərindən əliboş qayıdan "Qarabağ” "Sumqayıt”a da məğlub olacaq, "Qəbələ” doğma meydanda "Zirə”nin qapısına yol tapa bilməyəcək?! Hər bir məğlubiyyətin özünün spesifik xüsusiyyətləri var. Məhz bu səbəbdən də onları ayrı ayrılıqda təhlil etmək lazımdı.
Bəribaşdan AZAL-ı "Sumqayıt” və "Zirə”ylə müqayisə etməyin doğru olmadığını vurğulayım. "Sumqayıt” Samir Abbasovun gəlişindən sonra onsuz da yaxşı oynamağa başlamışdı və komanda hələ "İnter”lə qarşılaşmada qələbəyə sevinməyi haqq edirdi. "Zirə” isə 8-ci turdakı məğlubiyyəti saymasaq, bu mövsümün sürprizidir və Adil Şükürovun yetirmələri heç bir rəqibə asanlıqla boyun əymir. Və ən əsası, həm Qurbanovun, həm də Qriqorçukun Avroliqanın qrup mərhələsi oyunlarının səbəb olduğu sıx qrafikdən şikayətlənməyə cüzi də olsa, haqqı var. Onlardan fərqli olaraq, "Neftçi” ancaq ölkə çempionatında mübarizə aparır.
Özlüyündə avrokuboklardakı təmsilçilərimizin də oxşar və fərqli tərəfləri mövcüddur. Məlum məsələdi ki, qrup mərhələsinin 3-cü turunda məğlub olan hər iki komanda "pley-off”a çıxmaq şanslarını xeyli azaltdı. Rəqibin kimliyindən asılılı olmayaraq, istənilən məğlubiyyət üzücüdür. Üstəlik, bu məğlubiyyət komandanın strateji hədəflərini zədələyirsə, onun gətirdiyi psixoloji təzyiq və ruh düşkünlüyü daha da ağırlaşır. Bu mənada "Qarabağ” və "Qəbələ” 9-cu turda meydana eyni əhval-ruhiyyədə çıxmışdı. Fiziki baxımdan fərq onda idi ki, "köhlən atlar” uzaq Fransa səfərindən qayıtmışdılar, "qırmızı-qaralar” isə "Borussiya”nı Bakıda qəbul etmişdi. Görünür məhz bu fiziki yorğunluğu nəzərə alan Qurban Qurbanov Monakoda ilk dəqiqələrdən meydana çıxanlardan cəmi iki nəfəri "Sumqayıt”a qarşı oyunda start heyətə daxil etmişdi. Şehiçdən fərqli Kintana "Monako”yla oyunun 59-cu dəqiqəsində əvəzləndiyindən gücünə qənaət edə bilmişdi. Bu vacib nüansı nəzərə alsaq, Qurbanovun Sumqayıtda güvəndiyi 11 futbolçunun etimadını doğrultmadığını və onların Avroliqada yorğun olduqlarını iddia etməyə haqlarının çatmadığını yazmaqla qəbahətə yol vermərəm. Yayda böyük ümidlərlə transfer edilən Pupon, Kintana, Dmitrovski bu cür qarşılaşmalarda da çiyinlərini məsuliyyətin altına verib, komandaya 3 xal qazandıra bilmirlərsə, "Qarabağ” onlardan nə vaxt fayda götürəcək? Uzun sözün qısası, ehtiyat oyunçular skamyası kifayət qədər geniş olan, az qala iki bərabər səviyyəli heyətə malik "Qarabağ” üçün son məğlubiyyət ciddi həyacan siqnalı sayılmalıdı.
Roman İosifoviçin Qurbanov qədər geniş seçim imkanının olmaması vacib məqamdı. Belə olmasaydı o, "Borussiya” ilə ağır 90 dəqiqə keçirən legionerlərin demək olar ki, hamısını start heyətə daxil etməzdi. "Qəbələ”nin "Zirə”ylə oyunda meydana çıxan legionerlərinin hamısı 3 gün əvvəl "Bakcell Arena”da da mübarizə aparmışdılar. Deməli, Vaqif Cavadovla Vüqar Nadirov hələ də daxili çempionatda belə legionerləri layiqincə əvəzləyəcək formada deyillər.
Premyer Liqada intiriqa görmək istəyənlər üçün "Qarabağ”la "Qəbələ”nin eyni turda xal itirməsi göydəndüşmə oldu. Gələcəyinin qeyri-müəyyən olduğu deyilən "İnter”i liderlərdən 3 xal, debütant "Zirə”ni isə 4 xal ayırır. İrəlidə bizi daha maraqlı mübarizənin gözlədiyinə inanmaq lazımdı.
Xal itirən avrokubok təmsilçilərimiz isə üzülməyə çox da vaxt sərf etməsinlər, arxadan gələn var!




Fikirlərini bizimlə bölüş!