Həmişə bu mövqedə olmuşam ki, futbolçunun futbolundan öncə onun insanlığı, geyindiyi formaya, qarşısına çıxdığı azarkeşə hörməti əsas tutulmalıdır. Bəlkə də kimlərsə mənim bu məsələdəki mövqeyimi həddindən artıq qəddar saya bilər, amma bu da mənim mövqeyimdir və bu gün də öz mövqeyimdə qalıram. Məsələn, “Neftçi”nin prezidenti olsaydım, azarkeşi söydüyü üçün Araz Abdullayevi bircə gün də olsun komandada saxlamazdım. Yaxud, bir neçə il bundan öncə əvəzləndiyi üçün formasını çıxardıb yerə atdığı üçün Rail Məlikovu da həmin gün komandadan qovardım. Futbolçu nə qədər aparıcı, güclü, lap əvəzedilməz olsa da klubun adından, azarkeşindən, atributlarından üstün ola bilməz. Araz, Rail kimi futbolçular bundan sonra da yüzlərlə yetişəcək, amma “Neftçi” tarixdə bir olub, bir də qalacaq. “Neftçi” Avropa Liqasının qrupuna düşəndə Rail var idi? Yoxsa, “Neftçi” dünən kuboku qazananda Araz oynayırdı? Deməli, əvəzolunmaz futbolçu yoxdur və bunu hamımız dərk etməliyik.
Ancaq təəsüf ki, bizim klub rəhbərləri hələ də futbolçularını klublarının adından üstün tuturlar. Lap elə “Simurq”un prezidenti Anar Bəkirov kimi. Bildiyiniz kimi, Zaqatala klubu bu gün ilk transferini rəsmiləşdirdib və “İnter”dən ayrılan Samir Zərgərovla müqavilə bağlayıb. İlk baxışda burda qeyri-adi heç nə yoxdur. Amma…
Hər şey 1 il bundan öncə baş verdi. Onda da “Simurq” Zərgərovun xidmətində maraqlı idi. Maraqlı idi deyəndə ki, konkret ofisə dəvət edib müqavilə təklif edirdilər. Həmin vaxt Samir üçün də bu ən uyğun variant idi. Çünki “İnter”də ehtiyatda gün keçirməkdənsə, “Simurq”a gəlib əsas heyətdə oynamaq daha uğurlu seçim olardı. Lakin Zərgərov “Simurq” rəhbərliyini sözün əsl mənasında barmağına doladı. Öncə gəlib dedi ki, "verdiyiniz pul azdır mən bu qədər istəyirəm". Rəhbərlik də ilk olaraq, futbolçunun istədiyi məbləğin çox olduğunu desə də sonradan həmin pulu verməyə razılaşdılar və Samiri klubun ofisinə dəvət etdilər ki, gəl, müqaviləyə qol çək. Samir isə ofisə gəlmir, amma telefonda deyir ki, problem yoxdur, gedim rayona 3-4 gün dincəlim sonra gəlib “Simurq”la müqavilə bağlayacam. Bir sözlə, "kişi sözü" verir. Amma o gedən gedir və telefonunu da söndürür. “Simurq” rəhbərliyi bir də onda xəbər tuturlar ki, Zərgərov artıq “İnter”lə müqavilə bağlayıb. Bir sözlə, “Simurq” rəhbərliyi ilə düzgün mırt tutub axırda da onlara atır.
Getdi “İnter”də oynadığı oyunu da gördük. Ehtiyatda özünü günə verdi axırda da “bankirlər”ə lazım olmadı indi təzədən yadına təzədən “Simurq” düşdü. Görəsən onu hansı məntiqlə komandaya götürürlər? Bu futbolçu vaxtı ilə “Simurq”u, onun rəhbərliyini barmağına dolayıb, məzələnib axırda da atıb başqa kluba gedib. İndi bu futbolçunu “Simurq”a götürən rəhbərlik görəsən, az da olsa özünə hörmət edir? Xüsusilə də sözüm klubun prezidenti Anar Bəkirovadır. Çünki komandanın başında duran o insandır. Lap baş məşqçi Zərgərovu istəyə bilər bəs, Anar Bəkirov? Zərgərovun onları barmağına doladığı nə tez unuduldu? Axı bu futbolçu ötən yay “Simurq”a, onun rəhbərliyinə hörmətsizlik edib Zaqatala azarkeşlərinin nifrət etdiyi “İnter”i seçdi. İndi bu futbolçunu yenidən “Simurq”a gətirib Zaqatala azarkeşləri önünə çıxarmaq həmin azarkeşlərə təhqir deyil? Özünə hörmət edən hansı klub prezidenti belə bir futbolçunu yenidən komandasına götürər? Mən əminəm ki, Zərgərov bu kluba heç bir xeyir verməyəcək və sözümün də arxasında sona qədər duracam. Arada olan isə kluba, onun adına, azarkeşinə olacaq. Son sözüm də “Simurq” rəhbərliyinədir. Özünüzə hörmət etmirsiniz, heç olmasa “Simurq”a hörmət edin.




Fikirlərini bizimlə bölüş!