Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Kür aşığından, Araz topuğundan: Bu ağac başını əymədi!

Araz Abdullayevi lap çoxdan tanıyıram. Çantası çiynində “28 May” metrosunda düşüb, “Cəfər Cabbarlı” stansiyasına keçid edib, orada “Xətai” stansiyasına getmək üçün 10 dəqiqə qatar, 4-5 dəqiqə isə maşinist gözlədiyi vaxtdan…

O vaxt Araza çox hörmət edirdim. Eşitmişdim ki, atasız böyüyüb, heç kimi yoxdur. Arzulayırdım ki, yaxşı futbolçu kimi yetişsin, ailəsinin ağır günləri geridə qalsın. Araz, həqiqətən də, istedadlı oyunçu kimi yetişdi. Xüsusən də, onun bir neçə il öncə baş vermiş “Everton” həngaməsi ilə ayaqları yerdən üzüldü. Əsas iş “Everton”un maraq dairəsində olmaq deyil, “Everton”da oynamaqdır. Araz bunu bacardımı? Bacarmadı. Sadəcə, “Everton”a gedib, bu klubda müayinədən keçməsi ilə mətbuatda gündəm oldu. Bəli, insan gündəmdə olan zaman hesab edir ki, ondan yaxşısı yoxdur. O nə desə həyata keçəcək. Amma həqiqət bu deyil. Ən doğru yol inkişaf etdikcə başını aşağı salmaqdır. “Everton” məsələsindən sonra gördük ki, bu ağac bar vermək üzrə olduğu vaxtda belə, başını dik tutanlardandır. Bar verəndə görün nə olacaq…

Zaman keçdi, vaxt yetişdi, Araz adlı ağac bar da verdi. “Neftçi”nin əsas heyəti, milli komanda, gənc olmasına baxmayaraq, böyük çəkişmələrdə gördüyü dəstəklərin fonunda Araz nə etdi? Gedib maşınla adam vurdu. Olur, həyatdır, insanın başına hər iş gələ bilər. Kim bilir ki, evdən işə gedəndə başına hansı hadisələr gələcək? Heç kim bilmir. Araz da bilmirdi, amma gördü, başına bu hadisə gəldi. 20 yaşında erməni yox, adi bir vətəndaşı, balaları üçün zibilləri yığışdıran bir xanımı öldürdü, digərini isə xəstəxanalıq etdi. Həmin vaxt işə kimlər qarışmadı… Nəticədə Araz Abdullayev cəzasız qaldı. Əslində bu mənzərə hərtərəfli ağırdır, sarsıdıcıdır, insanın nə qədər dəyərsiz olduğunu göstərən məqamdır. Belə olan hallarda qanunlarımız, insan haqları nə tələb edir, biz nə etdik? Arazın maşınla vurduğu xanımın ailəsində matəm olan bir vaxt Araz sərbəst şəkildə küçələrdə gəzdi, futbol oynadı. Əslində biz həmin vaxt Araza dəstək olmaqla yeni bəlaların təməlini qoyduq.

Yəqin ki, Araz Abdullayevin son həngamələrindən hər biriniz xəbərdarsınız. Adam vurduğu həmin maşınla küçədə “8 yazan” bu şəxsin daha sonra stadiona öz nəvəsini götürüb gələn yaşlı kişini təhqir etməsi, jurnalistlərə dəfələrlə əlinin arxası ilə “yox” deyib, hörmətsizlik etməsi əslində bizə verilən cavablardır. Yəni “mən həmin yaxşılıqlara layiq deyildim” demək istədi. Maraqlı məqam bilirsiniz nədir? “Neftçi” hələ də şərait yaradır ki, bu futbolçu Arazı topuğundan, Kürü isə aşığından hiss eləsin. Necə? Yəqin xəbəriniz var ki, məlum təhqirdən sonra İntizam Komitəsi Araz Abdullayevə 3 oyunluq cəza verdi. “Neftçi” Arazın bu hərəkətini adi qarşıladı. Amma klub bunun mahiyyətini açıqlamadı. Mənə elə gəlir ki, Araza ən böyük cəza əvəzedici heyətə göndərilmək olardı. Araz Abdullayevin nə 3 başı var, nə də 3 ayağı. Onun Azərbaycan futbolu üçün gördüyü bir iş də yoxdur. İstedad ola bilər, amma işinin nədən ibarət olduğunu biz bir yerdə görürük.

”Neftçi” Rəşad Sadiqov kimi oyunçunu əvəzedici heyətə göndərir, Araza isə “gözünün üstdə qaşın var” demir. Bu hansı kriteriyalara uyğundur? Və ya bir oyunçunun nazı ilə nə qədər oynamaq olar?
Arazın ürəyindən keçənləri mən bu dəqiqə bilirəm: “cəzam bitən kimi yenə əsas heyətdə oynayacağam da”. Bax, bizim bəlamız budur.

Araz Abdullayev istedadlı oyunçudur, gələcəyi var, amma Vətən üçün hələ heç nə etməyib. Hətta hərbi xidmət belə etməyib ki, yağ içində böyrək kimi saxlanılsın!

Fikirlərini bizimlə bölüş!