Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Arazın adadakı uğurunun sirri

Əksəriyyət “Anortosis” – AEK oyununun (3:1) videoicmalını qürurla izlədi (https://m.youtube.com/watch?v=rV_-yfZQDqY). Belə ki, sözgedən qarşılaşmada meydan sahibləri hesabda geridə olduğu vaxtda Arazın parlaq oyunu vəziyyəti dəyişdi. Ardıcıl iki qol ötürməsi ilə komanda yoldaşlarının fərqlənməsinə şəarit yaradan Abdullayev qələbədə böyük pay sahibi oldu. Təbii, cari mövsüm Kamran Ağayev, Rauf Əliyev kimi futbolçularımızın uğurlu legioner həyatı yaşaya bilməməsi fonunda bütün ümidlər Araza idi. Yarımmüdafiəçi isə “Anortosis”dəki çıxışı ilə rəğbət qazana bilib. Görünür, Abdullayev özünü sübut etmək istəyirmiş. Son illərdəki proseslər isə müsbət sonluqla yekunlaşdı. Bir daha həmin gedişata nəzər salaq.
“Qəbələ”də alınmadı
“Neftçi”nin uğursuzluqları fonunda azarkeşlərlə münasibətlər kəskinləşmişdi. Komandanın kapitanı olması isə bütün diqqətləri birbaşa onun üzərinə yönəldirdi. Bu isə Arazın gec-tez futbolun sirlərini öyrəndiyi klubdan ayrılacağından xəbər verirdi. Təbii, azarkeş futbolçunu sevmirsə və tez-tez onu hədəfə alırsa, getməkdən başqa çarə yoxdu. Bu mənada Araza haqq qazandırmaq olar. Ancaq azarkeşlərin tələbləri də başadüşülən idi. Təzyiqə tab gətirməyin çətin olduğunu görən Abdullayev ötən mövsümün ilk yarısından sonra “Qəbələ” ilə müqavilə imzaladı. Hərçənd ki, yarım mövsüm ərzində “qırmızı-qaralar”ın heyətində gözlənilən effekti vermədi. Yaxud da Roman Qriqroçuk onun potensialından düzgün istifadə edə bilmədi. Hər halda, nə Araz “Qəbələ”yə, nə də klub futbolçuya diqqəti cəlb edən qatqıda bulundu. Yarım il ərzində çempionatda 9, kubokda isə 2 oyuna şıxan yarımmüdafiəçi qol hesabını aça bilmədi. Yayda isə avrokubok matçlarında şans qazanmadı. Beləcə, “Qəbələ” onu “Anortosis”ə icarəyə verdi.
“Everton”, Berti Foqts və “Panionios”
“Anortosis”dəki çıxışa keçməzdən öncə daha bir məqamı xatırladaq. Belə ki, Araz ilk dəfə legioner həyatı yaşamır. O 2010-cu ildə İngiltərə “Everton”unun maraq dairəsinə düşmüşdü. 2011-ci ilin yanvarında yarımmüdafiəçi bu klubla 3 illik müqavilə bağladı. Lakin “Everton”un heyətində bir oyuna da çıxa bilmədi. Səbəb isə işçi vizası ilə bağlı idi. London təmsilçisi Arazın İngiltərədə iş icazəsi alması üçün onu yenidən mövsümün sonuna qədər “Neftçi”yə icarəyə verdi. Məhz həmin vaxt yığmanın baş məşqçisi Berti Foqtsun inadı da Abdullayevə problem yaratdı. Belə ki, alman çalışdırıcı onu yığmaya dəvət etsəydi, bu məsələ asanlıqla həllini tapacaqdı. Müqavilə ilə “Everton”a məxsus olan Abdullayev 2012-ci ildə Yunanıstanda legioner həyatı yaşadı. Belə ki, “Panionios”a icarəyə verilən futbolçu Yunanıstan superliqasında 8 oyun keçirdi. Ancaq “Panionios”dakı karyerası da parlaq alınmadı. Burda icarə müddəti bitən Araz “Everton”la da müqaviləyə xitam verdi. Onu da unutmayaq ki, həmin vaxt Abdullayevin cəmi 20 yaşı var idi.
“Anortosis”də uğurlu qrafik
Əslində dəfələrlə Arazın xarakterində problemlər olduğunu qeyd etmişik. Söhbət qətiyyətsizlikdən və ya xaricdə legioner həyatı yaşamaq iqtidarında olmamasından getmir. Məlum avtomobil qəzası, bir neçə dəfə azarkeşlərlə kəllə-kəlləyə gəlməsi, mətbuata münasibəti istənilən səviyyədə deyildi. Ancaq görünür, artıq yaş öz işini görür. Hələ “Anortosis”də təzə-təzə möhkəmləndiyi dövrdə – yığmanın San Marino ilə oyunundan sonra jurnalistlərə müsahibəsində fərqli bir Arazın olduğunu çoxları qeyd etmişdi. Çox güman, yaxşı futbolçu olmaq və sevilmək üçün çox çalışmaq, hər kəsə hörmətlə yanaşmaq lazım olduğunu artıq dərk edib. Bunun nəticəsidi ki, “Anortosis”də əsas heyət üzvünə çevrilməyi bacarıb. Keçirdiyi 16 oyundan sonra hesabında 2 qol və 3 məhsuldar ötürmə var. İsrailli Ronni Levi isə ona güvənməkdə davam edir. Ümid edək və inanaq ki, Araz digər futbolçularımız kimi ucuz bəhanələrlə vətənə üz tutmayacaq, uğurlu gedişatın davamını gətirəcək. Hər halda, onun potensialı buna imkan verir. Bir çoxlarının bacarmadığını reallaşdırmaq və yığmanın liderinə çevrilmək onun öz əlindədi.

Fikirlərini bizimlə bölüş!