Azərbaycan futbolla AFFA rəhbərliyinin futbolla olması arasında qalıb. Adamlar olub qurtara bilmirlər. Heç ölüb qurtarmırlar da.
Xub, Rövnəq Abdullayevin əlinə futbolla yanaşı neft sektorunu, üstəlik, Milli Məclisdə deputat mandatını da veriblər, çatdıra bilmir. İş-güc adamıdı. Hərçənd, mənə görə bir adama eyni vaxtda iki vacib sahəni tapşırmaq yumşaq ifadə etsəm, yanlış hərəkətdi. Orda hansısa quyudan neft fontan vuranda burda «Neftçi» – «Xəzər Lənkəran» oyununda kim kimə çatdı vurur, şillə-təpiyin altına salır. Gəl çatdır ikisinə də, görüm necə çatdırırsan.
Abdullayevin futbolla ola bilməməsinin fonunda futbolla ola biləcək şəxslərdən biri Ramin Musayevdi. Ki, AFFA prezidentinin rəhmətlik qardaşı ilə dostluğu hesabına Azərbaycan futbolunda yoxdan var olub. Amma ciddi adam deyil. Rəsmi açıqlama ilə zarafatın fərqini anlaya bilməyəcək səviyyədə biridi. Məsələn, sabah çıxıb «superkubok oyunu bundan sonra Gəncədə keçiriləcək» deyib, bir həftə sonra «zarafat edirdim» deyəcək qədər mırt biridi. Yəni PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyevdən başqa keç kim üçün ciddi qəbul olunan biri deyil. Nə olsun ki, PFL-in prezidentidi? Musayevə ciddilik verən yeganə məqam da oturduğu məqamdı – PFL-dəki kreslo.
Rövnəq Abdullayevin futbolla ola bilməməsinin fonunda futbolla olan şəxslərdən digəri Elxan Məmmədovdu. Hə, bax, bu, artıq ciddi məsələdi və söhbət yetərincə ciddi birindən gedir.
Elxan Məmmədov haqqında istər mətbuatda, istərsə də futbol ictimaiyyəti arasında fərqli düşüncələr var. Kimisi onu mədəni, intellektual səviyyəli, işgüzar biri kimi qələmə verir, kimisi isə Azərbaycan futbolunun bəlalarında əsas səbəbkar kimi onu göstərir.
El arasında «pambıqla baş kəsən» deyimi var. Sizin bu katib bütün kriteriyaları ilə bu deyimə uyğun gəlir.
O, mətbuatı iki yerə parçalayıb – əl altından reklam adı ilə pul verdikləri, millinin səfər oyunlarına daim abunə etdiyi jurnalistlər, mətbu orqanları var. Və bir də düşmən kimi baxdığı mətbu orqanları var. Ancaq o, bütün tədbirlərdə hər iki «cəbhə»yə eyni təbəssümü göstərə bilən biridi. Daim gülümsəyir.
O, millinin istənilən biabırçı hesablı məğlubiyyətindən sonra heç nə olmamış kimi açıqlamalar verə biləcək biridi.
O, Berti Foqtsa ildən-ilə artan nifrətin qarşısında təbəssümlə dayanır. Bəzən düşünürsən ki, ümumiyyətlə, alman məşqçinin altı ildi boğazımıza kəndir kimi keçməsində Məmmədovun zərrə qədər də günahı yoxdu. O, bəzən o qədər məsum görünür ki…
O, Azərbaycan futbolunun inkişafı üçün ayrılan milyonlarla manatın havaya sovrulması fonunda həmişə «təmiz», «pak» qalır. Hələ indiyə kimi Elxan Məmmədovdan kiminsə hesab tələb etməsi faktına rast gəlinməyib. Oysa Rövnəq Abdullayevin yoxluğunda bütün günü AFFA-da oturan, hər şeyə nəzarət edən baş katibdi. İllər ərzində milyardlarla vəsait xərclənib, Azərbaycan millisi sadəcə, bir dəfə güc-bəla ilə qrupunda 9 xal yığıb, aşağı yaş qrupu üzrə komandalar qatıldıqları bütün turnirlərdə qapazaltı olub. Ayrılan milyard manatlar və qazanılan 9 xal. Təsəvvür edirsiz, altı il ərzində futbolun inkişafı üçün milyardlarla manatlar ayrılıb, son nəticə ötən tsikldə toplanan 9 xal olub. Amma…
Amma Elxan Məmmədov hələ də AFFA-nın baş katibidi. Hələ də gülümsəyir, hələ də ondan hesab soran yoxdu. Hələ də Berti Foqtsla əl-ələ verib Azərbaycan futboluyla flört edir.
AFFA-da bir də vitse-prezidentlər, İcraiyyə Komitəsinin üzvləri var. Onlar Rövnəq Abdullayev ildə bir dəfə vaxt tapıb futbolla olanda futbolla olan adamlardı – konfrans olanda, iclas olanda olurlar futbolla. Ancaq aralarında elələri də var ki, vaxtları çoxdan keçib, nəinki futbolla, ümumiyyətlə, ola bilməzlər. Nə ola, nə də ölə bilirlər. Elə Azərbaycan futbolunun özü kimi.|”Komanda”
Pambıqla baş kəsən – baş katib




Fikirlərini bizimlə bölüş!