“Bakı”nın baş məşqçisi Milinko Pantiç “Qəbələ” ilə oyundan heç-heçə ilə ayrıldıqdan sonra yaman dilxor olub. “Eşitdim ki, “Rəvan” Zaqatalaya əsas oyunçularını aparmayıb. Birinci diviziona heç bir klubun düşməyəcəyi barədə qərarın çıxarılmasından sonra klublarda arxayınlıq yaranıb” deyən Pantiç, hiss olunur ki, İcraiyə Komitəsinin çıxardığı qərardan çox narahatdı.
Serb mütəxəssisin narahat olması heç də əbəs yerə deyil. Axı, onun rəhbərlik etdiyi komanda martın 19-da Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündə “Rəvan”la qarşılaşacaq. Paytaxt klubundan qorxan çalışdırıcı düşünür ki, “Rəvan” “Simurq”la oyuna əsas futbolçularını aparmadığı üçün bütün gücünü “Bakı” ilə oyuna saxladı.
Düzdü, İK Premyer Liqanı heç bir klubun tərk etməyəcəyi ilə bağlı qərarı açıqlamaq üçün heç də düzgün vaxt seçmədi. Çünki qərar açıqlandığı gündən sonra biz bir o qədər də qızğın mübarizənin şahidi olmayacağıq. Həmçinin də aşağı pillədə mübarizə aparan “Sumqayıt” və “Rəvan” İK-nın qərarından arxayınlaşdıqları üçün növbəti turlarda bir o qədər də can yandırmayacaqlar. Və Pantiç İK-nın bu qərarına irad bildirməklə yerlə göy qədər haqldı.
Amma “Mövsümün qalan dövrü ərzində çoxlu yoldaşlıq matçı izləyəcəyik” deyən Pantiç bir məsələni, deyəsən, yadından çıxardıb. Axı, bu qərarı qəbul edənlərdən biri də onun çalışdığı klubun prezidenti Hafiz Məmmədovdu. Görəsən, Azərbaycan futbolunu “qaldırmağa gələn məşqçi” doğurdanmı, Məmmədovun İK-nın üzvü olmasından xəbərsizdi və ya xəbərdardısa, bu sualı ona da verə bilərmi?
Gördüyünüz kimi serb mütəxəssis qərarın İK tərəfindən düzgün vaxtda açıqlanmadığına irad bildirir. O, düşünür ki, bu qərarın mövsümün gedişində açıqlanması mübarizəni bir qədər zəiflədəcək.
Bəs, idman jurnalistləri necə düşünür? Pantiç açıqlamasında nə qədər haqlıdı? O, bu iradı ilk növbədə klubunun prezidenti və İK-nın üzvü Hafiz Məmmədova bildirməli deyildimi?
Mahir Rüstəmli, “Futbol+” qəzetinin baş redaktoru: “Təbii ki, Pantiçin sözlərində böyük həqiqət var. Bu kimi qərarlar mövsümün axırlarına bir neçə tur qalmış çıxarılmır. Mövsüm başlamamışdan əvvəl hamı bilməlidi ki, kimlər elita ilə vidalaşacaq, hansı komandalar Premyer Liqada debut edəcəklər. Bu mənada Pantiç haqlıdı. Hətta mən deyərdim ki, “Sumqayıt” “Neftçi” ilə oyunda fədakarlıq göstərib, 2:0 hesabı ilə qalib gəldi. Bu qərardan sonra “Sumqayıt” həmin fədakarlığı digər iddialılar ilə oyunda görsətməyə bilər.
Özünüz də bilirsiniz ki, AFFA-nın İcraiyyə Komitəsində qəbul olunan qərarla heç də demokratiya şəraitində verilmir. Rəhbərlik nə istəyirsə, o da olur. İndiki halda İK-nı formal qurum hesab edirəm. Pantiçin bu iradı Hafiz Məmmədova bildirib-bildirməməsinin də heç bir mənası yoxdu. Pantiç demokratik futbol mühiti olan bir ölkədən gəlib. Ona görə də burada gördüyü qərarlar onu təəccübləndirir. Pantiç hələ çox surpriz qərarlar görəcək”.
Rəşad Ergün, “Komanda” qəzetinin baş redaktoru: “Çox təəssüf ki, azərbaycanlı məşqçilərin deməli olduğunu İspaniyadan gəlmiş serb deyir. Pantiç tam haqlıdı və hələ bəzi detalları dilə gətirməyib. Təkcə yoldaşlıq oyunlarına bənzəməyəcək. Həm də klublar üçün oyunları qumara – bukmeker kontorlarına qoymaq imkanı da genişləndi. Pantiçə əvvəldən hörmətim çox idi, son açıqlamalarından sonra bir qədər də artdı. Azərbaycanlılar “kişi söhbətləri”ndə həssas olurlar. İndi isə siz deyin – sözün düzünü deyən kişi sayılmalıdı, yoxsa öz məqsədi naminə həqiqətə göz yuman? Pantiç kişi adam imiş! Azərbaycanlılar öz məqsədləri naminə hər şeyi göz yumarlar. Hafiz Məmmədov da azərbaycanlıdı. O da heç vaxt Rövnəq Abdullayevə qarşı çıxmaz. Amma əminəm ki, Pantiçin danışmaq imkanı olubsa, bu barədə Məmmədova deyib”.




Fikirlərini bizimlə bölüş!