Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“Atletiko” və “Lans”ı bəzər, “Bakı”nı “lüt” gəzdirər

“Bakı”da vəziyyət sözün hər mənasında acınacaqlıdır. Bilirsiz nədən? Sadəcə pulsuzluqdan. Gülməlidir, hə? Madrid “Atletiko”suna, Fransa “Lans”ına on milyonlarla avroları xərcləyən, az qala qarşısına çıxan xidmətçiləri də görəndə onlara pul paylayan Hafiz Məmmədov futbolçusuna maaş verməyə, klubun bazasının komunal xərclərini ödəməyə pul tapmır?!

Bu, məsələnin görünən tərəfidir. Klubun Biləcəri qəsəbəsində yerləşən bazasında kommunal xərclər ödənmədiyi üçün aidiyyatı qurumlar işığı, qazı və suyu kəsmişdilər. Bir neçə gün bu baza məhz adları çəkilən təbii sərvətlərdən məhrum olmuşdu. Halbuki, indi heç ucqar dağ kəndində dəki ən kasıb daxmada bu cür vəziyyət yaşanmır. Doğrudur, sonradan bu problem həll olundu. Hətta bu problemlərin vitse-prezident Yaşar Seyidovun sayəsində aradan qaldırıldığı bildirilir. Yəni, Seyidov Məmmədova əl borcu verib…

4 aydır maaş almayan futbolçulara bir müddət əvvəl “Qarabağ”la oyundan sonra pullarının ödəniləcəyi barədə söz verilmişdi. Ancaq bu dəfə də verilən söz yerinə yetirilmədi. Məhz bundan sonra komanda üzvləri sözü bir yerə qoyaraq məşqə çıxmaqdan imtina ediblər. Hətta komandanın futbolçularından birindən aldığımız məlumata görə, yerlilər bir neçə legioner də daxil olmaqla sözü bir yerə qoyublar ki, pullarını almayana kimi nə məşqə çıxacaqlar, nə də oyunlara. Bu səbəbdən də “Qarabağ”la matçdan sonra məşqlərə çıxmaqdan belə imtina ediblər. Vəziyyətin çıxılmaz olduğunu görən baş məşqçi Milinko Pantiç isə əsas komandaya cəlb olunan gənc futbolçularla yanaşı, əvəzedici heyəti Qəbələyə aparmaq məcburiyyətində qalıb.

Əvəzedicilər Qəbələdən döndükdən sonra Pantiç onları yanına çağıraraq, ertəsi günü yenidən səfərə çıxacaqlarını, bu dəfə əsas komandanın heyətində oynayacaqlarını bildirib. Gənc oyunçular isə Bakıya gəlib və sabahı yenidən geri qayıdacaqlarındansa, niyə elə Qəbələdə qalmadıqları barədə Pantiçə süal ünvanlayanda, ondan “pul yoxdur, harda qalacaqdız” eşidiblər. Əvəzedicilərə də tapşırılıb ki, oyun günü, yəni mayın 7-də səhər saat 9-da klubun bazasında olsunlar. Tapşırıq yerinə yetirilib. Amma bazaya gəldiklərində əsas komanda üzvlərinin də orada olduğunu görüblər. Bir qədər sonra yerlilərdən əvvəlcə Əfran İsmayılov, daha sonra digərləri görünüb. Legionerlərin də hamısı eyni anda bazaya təşrif buyurublar. Komanda isə “Qəbələ”ylə oyun günü – təxminən 12 radələrində səfərə çıxıb. Halbuki oyun saat 17:00-da başlayacaqdı. Nəzərə alsaq ki, Qəbələyə ən azı 3 saatlıq var, “Bakı”nın istirahətsiz, hətta məşq etmədən oyuna yorğun çıxacağı aydın olur. Məhz bu səbəbdən bakılılar fiziki cəhətdən meydanda yox kimiydilər. Görün, böhran hansı həddədir ki, “Bakı” pul tapıb Qəbələyə bir gün əvvəl gedə bilmir.

Maraqlidir, pullarını ala bilməyən, məşqə və oyuna çıxmaqdan imtina edən futbolçuları fikirlərindən nə daşındırıb? Bu suala da elə adının açıqlanmasını istəməyən futbolçu cavab verib: “Vallah, biz sözü bir yerə qoymuşduq, amma elə yerdən zəng gəldi ki, heç kim “yox” deyə bilmədi”.

“Yuxarı” deyiləndə isə bunun klub prezidenti Hafiz Məmmədov olduğunu yəqindi. “Hafka” onları arayaraq “Qəbələ”ylə oyundan sonra pullarının veriləcəyini bildirərək oyuna çıxmağa razı salıb.
Buna baxmayaraq, hələ də “Bakı”da heç kim maaşını almayıb. İşin faciəvi tərəfi isə odur ki, baş məşqçi Milinko Pantiçin maaşı hər ay hesabına köçürülür. Pantiç insandır, futbolçular yox? İlk aylardan yaxşı komanda qurmağı bacaran serbiyalı baş məşqçi bu olaylarda ən önəmli olan insanlığını nümayiş etdirə bilmədi. Çünki o da haqlarını tələb edən futbolçulara qoşulmalıydı və belə olanda problem daha tez həllini tapardı.

Artıq komandanın aparıcı futbolçusu Əfran İsmayılov hələ bir illik müqaviləsi olmasına baxmayaraq, “Bakı”dan getmək istədiyini bildirib. Mətbuatda isə komadadan bir neçə legionerin ayrıldığı yazılıb. Getmək istəyənlər arasında Rauf Əliyev, Cavid Hüseynov və Şəhriyar Əliyev də var və onlar fikirlərini rəhbərliyə bildiriblər. Hamısı da pulsuzluğa görə? “Lans” və “Atletiko”nu pula tutan Hafiz Məmmədovun “Bakı”ya xərcləyəcək pulu yoxdur? Yoxsa, bununla kimlərəsə gözdağı verir?

Bəndənizin fikrin soruşsaz, sonuncu variant daha ağlabatandır. Son illərdə titullar klublar arasında bölüşdürülsə də, “Bakı”nın adı siyahıda özünə yer tapmır. Məhz bu səbəbdən, indi “Bakı”da vəziyyət kritik həddə çatıb və kimlərə klubun dağılmaq təhlükəsində qalması, daha doğrusu dağıdıla biləcəyi göstərilir. Hər-halda, bu xəbər bir neçə dəfə klubun bazasına baş çəkən ölkə prezidentinə də xoş gəlməyəcək ki, bu səbəbdən də kimlərsə bu işi ciddiyə almalıdır. Heç şübhəsiz ki, bu göz dağı da AFFA prezidenti cənab Rövnəq Abdullayevə ünvanlanır.

P.S. Hörmətli Hafiz müəllim son yayımlanan müsahibəsində bildirib ki, hələ Pantiç kimi məşqçi görməyib. Pantiç heç yerə getmir, ancaq Bakıda qalır. Cənab Məmmədov, bütün komandanı 5 aya yaxındı pulsuz qoyub, baş məşqçinin cibini kim doldursa, həmin adam dəli deyil ki harasa getsin!

Fikirlərini bizimlə bölüş!