"Atletiko"nun mənəvi, "Lans"ın hüquqi, "Bakı"nın faktiki prezidenti olan Hafiz Məmmədov bu 3 klubu idarə etməkdə çətinliklər çəkir. Zaman keçdikcə şahidi oluruq ki, Məmmədovun "BAL" ("Bakı" – "Atletiko" – "Lans") layihəsində bir sıra axsaqlıqlar var. Bunu nəzərə alıb, cənab Hafiz Məmmədova bir sıra təkliflər verməyi qərara aldıq. Hər halda məsləhətli don gen olar.
1. Cənab Məmmədov, bildiyiniz kimi "Bakı"nın stadionunda jurnalistlərin öz işinin öhdəsindən gəlməsi üçün lazımı şərait yoxdu. Bunun üçün media nümayəndələri oyunu işiqlandırmaq üçün gah azarkeşlərin yanında, gah da bazanın içərisində olan kafedən oyunu izləməyə məcbur qalır. Bunu nəzərə alıb, media nümayəndələrinin rahat əyləşib, öz işini görməsi üçün yer hazırlatsaz, daha yaxşı olar. Bu, sizə həm də arada verdiyiniz müsahibələrdən ucuz başa gələr.
2. "Bakı"nın bazasının girişində nəzir qutusu qoyulsun. "Bakı"ya canı yananlar hər gün, yaxud da matç ərəfəsində nəzir qutusuna pul salsınlar. 3 aydı futbolçuların maaşını verə bilmirsiz. Bəlkə bu yolla sadiq azarkeşləriniz komandanın çətin vəziyyətdən çıxmasına yardımçı olar.
3. Millimizin toplanışı nəticəsində Premyer Liqada yaranan fasilədən istifadə edib, "Bakı", "Atletiko" və "Lans" arasında mini-turnir təşkil edin. 3 komandanın iştirakı ilə keçirilən yarışdan gələn gəlir sayəsində "Lans"a əlavə yatırım etmiş olarsız. Deyilənlərə görə, Radamel Falkaonu "Lans"a gətirmək istəyirsiz.
4. Klubun bazasına yalan detektoru yerləşdirin. Bunun sayəsində kimin sizə pul atmasını, aldatmasını, yalan danışmasını tez bir zamanda bilmiş olacaqsız. Təsəvvür edin ki, filankəs komandaya futbolçu gətirir, 5 manat qiyməti var, sizə 20 manata sırıyır. Bunun qarşısını almaq üçün həmin adamın yalan detektorundan keçməsini tələb edin. "Filan futbolçunu neçəyə almısan" sualına cavab verən zaman detektor "Bu, yalnış cavabdı" desə, dərhal onu cərimələyin. İnanın, indiyə kimi belə etsəydiz, “Bakı”nın heyətində bu qədər lazımsız əcnəbi toplaşmazdı.
5. Əziyyət çəkib, "Bakı"nın rəsmi saytının açılması üçün pul xərcləmisiz. Müsahibələrinizi də birbaşa klubun saytı vasitəsi ilə yayımlasaz, daha yaxşı olar. Bu, həm də büdcənizdən pulun azalmasının qarşını alacaq. Nəbadə videomüsahibə zamanı sualları ünvanlayan şəxsə pul, yaxud da qol saatı verərsiz ha…
6. Bazada Azərbaycan dili kursunun açılması üçün göstəriş versəniz, daha yaxşı olar. Bunun üçün bir o qədər də ciddi vəsait tələb olunmur. Bunun sayəsində ölkəmizə təşrif buyurmuş legionerləriniz "Bakı"dan ayrıldıqdan sonra aldığı pullardan savayı, 2-3 söz bilmiş olacaq. Axı, siz ölkəmizin tanıtımı üçün çalışırsınız.
7. Bizdə olan məlumata görə, "Bakı"nın futbolçuları sizdən küsüb. Bilirsiniz niyə? Gedib "Lans"ın futbolçuları ilə şəkil çəkdrirsiz, "Bakı"nın futbolçuları qıraqda qalır. Deyirlər ki, prezidentimiz bizi "Lans"ın futbolçuları qədər çox istəmir. Onlara da diqqət yetirin.
8. Məsləhətimizdən biri də ondan ibarətdi ki,"Bakı"nın formasının önündə "Biləcəridən çıxan pullar" yazılsın. Çünki "Lans" və "Atletiko"nun formalarının önündə "Land of fire Azerbaijan" yazılandan sonra həmin klublar çempionluğa oynayırlar. Bəlkə "Biləcəridən çıxan pullar" yazısı Bakıdakı komandanıza düşərli oldu?
9. Bilirik, klubun idarəetmə sistemini heç cür müəyyənləşdirə bilmirsiz. İspanlarla sizə yaxın adamların arasında qalmısız, onlar da bir-birini istəmir. Nə edirsiz-edin, tez qərar verin, yoxsa icraçı direktor Yaşar Seyidov özünü mətbuat xidmətinin rəhbəri kimi təqdim edəcək. Klubda danışmağa ondan başqa kimisə tapa bilmirik.




Fikirlərini bizimlə bölüş!