Budaq Nəsirov da Azərbaycandan kənara çıxdı. Ötən mövsüm “Kəpəz”in heyətində parlayan 20 yaşlı yarımmüdafiəçi Portuqaliyanın nəhəng klublarından biri – Lissabon “Sportinq”i ilə 5 illik anlaşmaya imza atdı.
İlk diqqət çəkən məqam: futbolçunun yaxın 5 ildə “ayağı bağlı”dı. İndi Nəsirov parlayacağı təqdirdə, lissabonlular onun transferindən yaxşı pul qazanacaqlar. Zarafat deyil, futbolçunu “Sportinq”dən transfer etmək istəyən klub 60 milyon tərləməli olacaq. Məhz bu üzdən də onunla uzunmüddətli sazişə qol çəkilib.
Portuqaliya bazarına son dövrlərdə ikinci gənc azərbaycanlının qədəm qoyması əlbəttə ki, sevindirici faktordu. Elnur Cəfərovdan sonra Budağın da Pireney yarımadasına transfer olunması millimizin perspektivi baxımından da olduqca önəmlidi. Axı, Ramil Şeydayevlə Emin Mahmudovun da Azərbaycan pasportu alması söhbəti gündəmdədi. Maraqlıdı ki, Mahmudov da Portuqaliya çempionatında çıxış edəcək ki, artıq bu ölkədə “Yeni Azərbacan Partiyası”nın yarandığını iddia edə bilərik.
Nəsirovun bir mövsümün içində parlamasında heç şübhəsiz ki, “Kəpəz” faktoru 1-ci yerdə dayanır. “Kəpəz” dedikdə isə ilk öncə Şahin Diniyevin adı çəkilməlidi. İstedadlı yarımmüdafiəçiyə əsas heyətdə daim yer verən təcrübəli mütəxəssis de-fakto onun transferinin banisi oldu.
Nəhayət, daha bir məqam. Ötən mövsümdən Azərbaycan klublarında maliyyə sıxıntıları baş qaldırmağa başladı. Həmin dövrdən etibarən, yerli oyunçulara layiq olmadıqları pulları ödəyən klublar “oksigen”i kəsdi. Bu da öz növbəsində həmyerlilərimizin sərhəddən kənara boylanmasını şərtləndirir. Nəticə göz qabağındadı. İndi futbolçularımız tər də tökəcək, Biləcəridən sonrakı dayanacaqlara da boylancaq.
Eyni zamanda, Portuqaliya bazarına da yol açıldı. Mövsümlərarası fasilə davam edir və bu müddət kəsiyində yeni simaları da Portuqaliyada görsəniz, təəccüblənməyin. Bu müqavilə futbolumuz adına yeni səhifənin açılmasına həlledici təkan verə bilər. Yetər ki, Elnurla Budaq özlərini yaxşı tərəfdən göstərməyi bacarsınlar. Samir Əliyevin Ukrayna “Volın”ınına transferini xatırlayın. Bu keçid sonradan neçə-neçə həmyerlimizə cığır açdı. Eyni halın təkrarlanması indi yeni nəslin nümayəndələrinin əllərindədi. Hərfi mənada götürsək – ayaqlarında.
Budaq Nəsirova gəlincə, onun yeni komanda yoldaşlarının 9-nun Portuqaliya yığmasının heyətində Avropa çempionu titulunu qazanması hər şeydən xəbər verir. Həmin ulduzlarla çiyin-çiyinə məşq etmək elə nəyə desən dəyər! “Sportinq”in Kriştianu Ronaldonu, Nanini, Luiş Fiqunu yetişdirdiyini xatırlatsaq, həmyerlimizə Avropanın daha nəhəng klublarının skautlarının nə cür maraq göstərəcəyi aydın olar.
İndi Nəsirov Portuqaliyada tək özünü deyil, Azərbaycan futbolunu, azərbaycanlıları təmsil edəcək. Bu psixoloji təzyiqə tab gətirmklə yanaşı, yarımmüdafiəçi ikiqat əzmlə heyətə düşmək uğrunda mübarizə aparmalıdı. Onun Şahin Diniyevə zəng vurması da karyerası baxımından vacib addım olar. Təcrübəli mütəxəssisin verəcəyi məsləhətlər ona həm stimul olar, həm də dərslik. Əlaqə saxlanılmalı daha bir şəxs Vəli Qaımovdu. Həmin Qasımov ki, Portuqaliyada futbolçu həyatı yaşayıb və nəyin necə olduğunu hamıdan yaxşı bilir.
Nəhayət, sonuncu məqam haqda. Budaq qısa zaman kəsiyində portuqal dilini öyrənməlidi. Zəngin futbolçu karyerası qurmaq istəyirsə, o, Lissabonun mənzərəli yerlərini gəzmək barədə deyil, portuqal, ingilis dillərini səlis öyrənmək haqda düşünməlidi. Çünki tərcüməçi vasitəsi ilə Jorje Lesusdann tapşırıq almaq heç vaxt birbaşa ünsiyyəti əvəz edə bilməz.




Fikirlərini bizimlə bölüş!