Qəzavü-qədərə bax e… Dövlətin külli miqdarda və bizlərin ancaq yuxuda görə biləcəyi vəsaitini talan etməkdə suçlanan AFFA İcraiyyə Komitəsinin üzvü Cahangir Hacıyevin həbsindən heç bir həftə ötməmiş elə həmin komitənin digər üzvünün – "Şöhrət" ordenli İsgəndər Cavadovun adı ölkənin siyasi gündəmini dəyişən Akif Çovdarovun əlaltısı kimi hallandı. Nəhayət, Cavadovun "üçü çıxmamış" Maşallah Əhmədov nə az, nə çox – 196 min 360 manatlıq fırıldağın iştirakçısı kimi Binəqədi polisinin təcridxanasına salındı…
Hacıyevlə Cavadovun İcraiyyə Komitəsinin üzvü olduğunu, Əhmədovun isə oyunlara AFFA nümayəndəsi kimi getdiyini nəzərə alıb, bu qurumu potensial cinayətkarların yuvası adlandır-mağa tam əsasımız var. İctimaiyyətin, xüsusən də uşaqların, yeniyetmələrin özünə ideal saydığı, örnək götürməli olduğu adamlar bir-birinin ardınca ifşa olunur, adamlar belələrinin vücudunun əslində 10 qəpiyə dəymədiyini anlayır.
AFFA-nın əcaib kadr siyasəti, çörəksiz qalmasınlar deyə biliyinə-bacarığına, mənəvi-əxlaqi keyfiyyətlərinə fikir vermədən istənilən veterana iş verməsi haqda zaman-zaman yazılıb və danışılıb. Oğru, quldur, fırıldaqçı, hətta anasının əmcəyini kəsən də AFFA-da iş tapa bilər. Yetər ki keçmişdə futbol oynamış olsun!
Akif Çovdarov ifşa olunsa da, şəxsən məndə onun əlaltılarının bu gün də yüksək vəzifələrdə – xüsusən də futbol təsərrüfatında – oturduğuna dair ciddi şübhələr var. Məsələn, son günlər saytlarda Çovdarovun PFL prezidenti Ramin Musayevin qardaşının qaynatası olduğuna dair xəbərlər gəzir. Gözləmək olardı ki, hörmətli Ramin bəy jurnalistlər önünə çıxacaq və Çovdarovla əlaqələrinin xarakterinə dair hansısa açıqlama verəcək. Amma adamdan səs-səmir yoxdu, sanki qeyb olub. Mən susmağın razılıq əlaməti olduğuna dair köhnə hikməti yada salmaq istəmirəm. Fəqət Ramin Musayev də durumun ciddiliyini anlamalı və personasına yönələn şübhələri dağıtmalıdı.
Maşallah bəyə gəlincə… Bəlkə də onun oğlu polisə şikayət ərizəsi ilə müraciət edənləri razı salacaq və hörmətsiz veteran dəmir barmaqlıqlar arasından çıxacaq. Amma şəxsən mənim Əhmədovun peşəkar fırıldaqçı olduğuna zərrəcə şübhəm yoxdu. "Futbol+"in elə bu sayından bir daha əmin olacaqsız ki, haqqında məhkəmə hökmü də var. 196 min 360 manat söhbətinə qədər də adı müxtəlif fırıldaqlarda, kimlərəsə pul atmaqda, başqasının mülkünü ələ keçirməkdə, İmişli rayonunun icra başçısı Vilyam Hacıyevlə şübhəli işbirliyində hallanıb.
2009-cu il dekabrın 31-də əl qumbarasını partlatmaqla intihar edən Rasim Əliyevin qanı birmənalı şəkildə onun üzərindədi. Və belə imicə, belə dəyərlərə sahib birisi AFFA nümayəndəsi kimi çempionat oyunlarına təyinat almaqla yanaşı, qurumun üzvlərindən olan Regional Futbol Federasiyasının vitse-prezidentidi, İsgəndər Cavadovla birgə çalışır. Cavadovun da adının hansı işlərdə hallandığını yuxarıda xatırlatdığımdan, belə çıxır ki, taylı tayını tapıb…
Söz Maşallahdan düşmüşkən, oxucuya bir başagəldi də danışmaq istəyirəm. Deməli, 2009-cu ilin martında 50 yaşını qeyd etməyə hazırlaşan Vaqif Sadıqov məclisdə masaların üzərinə qoymaq üçün özü haqqında broşür hazırlamağımı istəmişdi. Danışdıq, anlaşdıq və sifarişi yerinə yetirdim. Sadıqovdan iki ay sonra 50 yaşını tamamlayan Əhmədov da broşürü bəyənərək, bəndənizi aradı. Təbii ki, onun istəklərini və təkliflərini nəzərə almaqla yenə eyni işi gördüm. Broşür çap olunmadan bütün səhifələri oxudu və razılıq verdi. Ancaq hesablaşmaq vaxtı gələndə onsuz da yüksək olmayan zəhməthaqqımdan 100 dollar kəsdi. Əvvəl olayın fərqinə varmadım. Belə şanlı-şöhrətli adamın, biznesmenin ən azı statusumu nəzərə alacağına, "zarafatın" ona baha başa gələcəyini anlayacağına inanırdım. Nə isə, söhbət daha bir neçə gün uzandı və xoş təsadüfdən elə həmin günlərdə İTV bizi ölkə futbolu ilə bağlı hansısa məsələnin müzakirəsinə çağırdı. Yaxşı ki Maşallah bəy məsələnin ictimailəşəcəyini anladı və elə ordaca borcunu ödədi.
Demək istədiyim nədi? Beləsi ad-sanından, nüfuzundan, hüquq-mühafizə orqanlarında çalışanlarla əlaqələrindən yararlanıb, istənilən adamı nəinki haqsız çıxara, hətta şərləyib içəri atdıra da bilər. Güman edirəm ki, nəhayət, daş qayaya rast gəlib, yəni Maşallah Əhmədov, heç olmasa, bu dəfə əməllərinə görə layiqincə cəza alacaq, ədalət gözləyən onlarla sıravi vətəndaşımızın ürəyinə su səpiləcək. AFFA-dan isə, açığı, heç bir ədalət-filan gözləmirəm…




Fikirlərini bizimlə bölüş!