Nə demişdik – “Müsyo Jordan qələt edir”. Elə də oldu. Bizə çox qol vurmaqla “obrozovolni” etmək olmaz, biz çox qol buraxmayacağıq. Bizə hansısa firəngistan alimi lazım deyil, elə özümüzünkü bəs edər.
1995-ci ildəki qəza ləkə deyil, nəticə çıxarmalı hadisə olmalıdır. Ən böyük futbol ölkələrinin belə ağır məğlubiyyətləri olub.
Ayxan Abbasov seçimi üzərində durmaqla doğru yanaşma sərgiləyən AFFA gördü ki, media, futbol ictimaiyyəti haqlıdır. Məsələ heç Abbasovda da deyil, bizim hazırkı imkanlarımıza görə “sükançını” xaricdən gətirmək avantüra, hətta özbaşınalıq olar…
Oyun planı, tayminq, üslub və s. predmetlərdə MƏZMUN gördük. Yerli məşqçi komandaya qısa zamanda ən lazımlı neməti – ruhu bəxş edə bilib. Onsuz da ekstra güc qazanmaq mümkün deyil, potensialın maksimumu məlumdur. Çalışıb bu yolla davam etmək və mütləq gələcəyə ağıllı, təcrübəli beyinlərlə yatırım etmək gərəkdir.
Fransaya qarşı 0:3 məğlub olmaqdan pis nəticə də çıxarmaq olar, yaxşı da. Baxır, hansı pəncərədən boylanırsan.
Nəticəyə yox, prosesə önəm verməyi öyrənməsək, cari məsələlər üzərindən çal-çağırdan başqa nəsə əldə etməyəcəyik.
Günəşli Parisdən yağışlı Krakova gəlmişik. Didərgin Ukrayna ilə burda qarşılaşacağıq.
İslandiyadan yediyi 3 qola 5 dəfə cavab verən rəqib Bakıdakı 1:1 hesablı affekt vəziyyətindən çıxmağa, imicini bərpa etməyə çalışacaq. Özləri bilər, bizə maraqlı oyun planımızın nə dərəcədə möhkəmlənməsi və hansı fərqliliklərə nail ola biləcəyimizi izləməkdir.
Dediyimiz kimi, nəticədən çox prosesə önəm verməli, onu izləməliyik…
Elçin CƏLİLOV /Krakov




Fikirlərini bizimlə bölüş!