"Sən bizimsən, bizimsən durduqca bədəndə can. Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!" – bu sətirlər böyük şair Almas İldırım tərəfindən qələmə alınmış, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə tərəfindən bir neçə dəfə təkrarlanıb. Biz də həmin misraları ömürlük öz beynimizə həkk etmişik, övladlarımıza əzbərlətdirmişik.
Aprelin əvvəlindən bəri cəbhə xəttində vəziyyət gərgindi. Vətən oğulları toprağımızın hər qarışı uğrunda canlarından keçir, əli silah tutanlar düşmənin üzərinə atılmaqdan ötrü Ali Baş komandanın əmrini gözləyirlər. Arxa cəbhədə olanlar bir an belə təslimçilik, məğlubiyyət hisslini yaxına buraxmır, qanıyla-canıyla ordumuza dəstək olmaq haqqında düşünürlər.
"Hərbi əməliyyatlar Bakıya yaxın yerdə baş vermədi. Buna rəğmən, həyat yoldaşım qorxurdu. Axı uşaqlarımız məktəbə gedirdilər. İndi Xorvatiyada olduğumuzdan, məktəbi bir neçə günlük buraxmalı olacaqlar” – bu sözləri isə ölkəsinin mətbuatına Azərbaycan millisinin xorvatiyalı baş məşqçisi Robert Prosineçki deyib. Sən demə, cəbhədə vəziyyət bir azca gərginləşən kimi ailəsini də götürüb, Bakını tərk edib. Qorxu o qədər güc gəlib ki, övladlarının təhsilini belə yarımçıq saxlamaqdan çəkinməyib. Halbuki AFFA başbilənləri və onların məddahları tərəfindən Robinin Foqtsdan yaxşı olduğu haqda təbliğat qurularkən xorvatiyalının ailəsiylə birlikdə Bakıda yaşayacağı, uşaqlarının burda təhsil alacağı tez-tez vurğulanırdı. Nə dəyişib? Fövqaladə nə baş verdi? Məzuniyyət zamanıdımı? Cəmisi iki ay bundan əvvəl Prosineçki Zaqrebdə ticarət mərkəzinin açılışına qatılmışdı. İndi də idman mərkəzinin açılış mərkəzində iştirak edir. Bu nə vaxtın istirahətidi? Azərbaycan premyer-liqasının ən qızğın çağıdı, çempionatın sonuncu dövrəsi keçirilir, mükafatlar uğrunda mübarizə qızışır. Prosineçki mayda toplanışa çağıracağı futbolçulara nə vaxt göz qoyacaq? AFFA Azərbaycan millsinə baş məşqçi gətirib, ya ticarətçi, biznesmen, şoumen?
Özünü Azərbaycana bağlı sayan birisi belə çətin məqamda Zaqrebdə oturub, bizə dəstək bəyanatları verməklə başımızı aldatmamalıdı. Demirik ki, Prosineçki əlinə silah götürüb, cəbhəyə getsin. Heç olmasa Zaqrebə qaçmazdı, işinin başında, AFFA-dakı rahat otağında, çempionatın oyunları zamanı stadionda yerini tutsaydı, yetərliydi.
Siz hara baxırsız, AFFA-nın başbilənləri? Orta məktəbin ibtidai sinif dərsliklərində oxumamısız ki, çətin məqamda insanı atıb gedənlə dostluq etməzlər?
"Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” – bunu da rəhmətlik Məmməd Araz deyib!




Fikirlərini bizimlə bölüş!