Berti Foqtsun bu yaxınlarda 71 yaşı tamam oldu, 72 yaşa qədəmlərini basdı. Allah ona cansağlığı versin, ömrü uzun olsun. Yaşının bu vaxtında ona nəsə pis bir şey arzulamaq fikrim yoxdu. Amma dəyişməyən bir həqiqət var ki, Azərbaycan futboluna çox ciddi zərbələr vurdu, bizi xeyli geri saldı. Özü də milyonlarla avro pulumuzun hesabına. Yaşının ahıl vaxtında AFFA-dakı bir qrup işbazın bahalı oyuncağına çevrildi, alət olmağa razılaşdı. Azərbaycana gələndə də xeyli yaşlıydı, 62 yaşı var idi. Biz deyirdik ki, alman məşqçi ömrünün təqaüdçü çağındadı, onun nə vecinə Azərbaycan futbolunun inkişafı? Bizə futbolumuzu yaxşı tanıyan, iddialı və özünüsübut həvəsiylə alışıb-yanan mütəxəssis lazımdı. Amma özümüz dedik, özümüz də eşitdik. AFFA tutduğunu buraxmadı. 2008-ci ildən 2014-cü ilə qədər sərasər milyonlarla avronu Foqtsun bank hesabına ötürdülər. Dəqiq rəqəm açıqlanmadığı üçün konkret fikir söyləmək olmurdu. Etibarlı mənbələr Foqtsun AFFA-dan ildə 2-3 milyon avro aralığında maaş aldığını bildirirdilər. Bizim futbolda şəffaflıq olmadığı üçün alman mütəxəssisin aldığı maaş rəsmilər tərəfindən açıqlanmadı. Ona görə də “Kəpəz”dəki maliyyə yeyintilərinin, fırıqldaqların üstü açılanda, Elxan Məmmədov AFFA-nın şəffaf qurum olduğunu deyəndə mənə gülmək tutmuşdu. Şübhə etmirəm ki, sizin də aranızda eyni vəziyyətə düşənlər çox olub.
Lap iki milyon avrodan hesablasaq, AFFA herr Bertiyə 6 il ərzində 12 milyon avro maaş ödəyib. Qazancımız nə oldu? Seçmə mərhələlərdə qazandığımız heç-heçələr, yalnız bir seçmə mərhələdə topladığımız 9 xal. Bir də gözümüzü açıb gördük ki, özümüzü göyün yeddinci qatında hiss edirik, amma ayağımızın altında heç nə yoxdu. Elə ona görə də həmin yerdən damba-durumbla yıxıldıq. İndi FİFA-nın reytinq cədvəlində adı dünya xəritəsində olmayan ölkələrlə qonşuluq edirik, ikinci yüzlükdən Mozambikə və Tanzaniyaya doğru boylanırıq. Amma AFFA prezidenti Rövnəq Abdullayevlə baş katibi Elxan Məmmədov özlərində cürət tapıb Azərbaycan futbolunun inkişafından, hər ilin sonunda qazandıqları uğurlardan danışa bilirlər. Mən bu adamlara heyrət edirəm. Halbuki təkcə Berti Foqtsu xatırlatmaqla hazırkı rəhbərliyin AFFA-dakı son 10 ildəki fəaliyyətinin üzərindən qalın bir qara xətt çəkmək mümkündü. Ölkənin aşağı yaş qrupları üzrə millilərinə də Dağıstan, Almaniya, Hollandiya, Türkiyə və Ukraynadan futbolçu axtarırlarsa, AFFA son 10 ildə nə işlə məşğul olub? Berti Foqtsa milyonları niyə yedizdirmişik? Bertinin Azərbaycandan gedəndən sonra işsiz qalması, heç kimə lazım olmaması da AFFA-nın necə “uzaqgörən” və “məqsədyönlü” siyasət apardığına, “düzgün” kadr seçiminə nümunədi. Almaniyalı qoca isə məşqçi kimi bizdən başqa heç kimə lazım olmadı. Bir az Amerikada, Yürgen Klismannın yanında gününü keçirdi, indi də Almaniyadakı evində oturub, bizi ələ salmaqla məşğuldu.
Bertinin maaşı rəsmən açıqlanmasa da, ondan sonra Azərbaycan millisini çalışdıran Robert Prosineçkiyə verilən pulun məbləğini şəxsən AFFA prezidenti dilə gətirmişdi. Cənab Rövnəq Abdullayev bildirmişdi ki, xorvatiyalıya ildə 1,2 milyon avro ödəyəcəklər. Düzdü, sonradan bu məbləğin Prosineçkinin iki həmyerlisi ilə birlikdə alacağı iddia edildi. Lap olsun. Onların üçünə belə birlikdə bu qədər pul verməyə dəyməzdi. Necə ki, Bosniya və Hersoqovina futbolunun başbilənləri bu həqiqəti bizə isbatladılar. Bizim dağın başına qaldırdığımız, ayağının altına neft milyonları səpdiyimiz Robi “boşnaklar” üçün aylığı 15 min avroya çalışmağa ikiəlli razı olub. Birvaxtlar kimlərsə bizi şantaj etmək, AFFA-dan daha artıq pul qoparmaq məqsədi ilə gündə bir xəbər yazdırırıdı. Prosineçkini gah ölkəsinin millisinə, gah da Avropanın hansısa aparıcı yığmasına calayırdılar. Türkiyədəki dostları da pis çalışmırdı. “Bursaspor”un rəsmi şəxslərini Bakıya qədər gətirib çıxarmışdılar. Məqsəd isə AFFA-nı təlaşa salmaq, qiymət qaldırmaq idi. Hara getdi o müştərilər? Prosineçki faktiki olaraq Almaniya ilə oyundan sonra, yəni oktyabrın ortalarından işsiz idi. AFFA ilə bağlar da noyabrın ilk günlərindən qopdu, Robi sərbəst mütəxəssisə çevrildi. İki ay Zaqrebdə və Bakıda işsiz dolaşandan sonra başa düşdü ki, heç də hamı Azərbaycandakı futbol başbilənləri kimi səxavətli deyil. Onunla heç kim yüzminlik, milyonluq müqavilə imzalamayacaq. Bizdən aldığı pulları xərcləyib qurtarmayıb, amma indidən bostanımıza daş atır, Azərbaycandan ayrıldıqdan sonra Bosniya və Hersoqovina millisini çalışdırmasını irəliyə doğru atılmış böyük addım adlandırır. Sanki bizim xəbərimiz yoxdu, Bosniya və Hersoqovina millisi Avropanın sayılan 3-4 komandasından biridi. Bizimkilərə elə bu da azdı. Amma mən Şehiçin həmyerlilərinə minnətdarlığımı bildirirəm. Onlar Prosineçkini 15 min avroya razı salmaqla bizim gözümüzü açmağa, həqiqətləri qəbul etdirməyə çalışdılar.
Robi Azərbaycanda aldığından təxminən 5-6 dəfə az məbləğə “hə” deyibsə, AFFA-ya rəhbərlik edənlər Foqtsdan sonra daha bir israfçı seçimlərinə görə vicdan əzabı çəkməli, utanmalıdılar. Belə çıxır ki, ya Prosineçkiyə dəyərindən artıq pul vermişik, ya da Azərbaycandakı işi xorvatiyalı mütəxəssisin “qiyməti”ni xeyli dərəcədə aşağı salıb. Üçüncü ehtimal da var. “Kəpəz”də başverənlər, Şahin Diniyevin aldığı maaşdan Mikayıl Nərimanoğluya pay verməsi hamımızın yadındadı. Belə görünür ki, AFFA-da “otkat” almağı yaxşı bacaran işbazlar var. Çox maraqlıdı, Prosineçkini də Şahin Diniyevin gününə salıblarsa, Mikayıl Nərimanoğlunun “rolunu” kim oynayıb?
Amal ABUŞOV
Prosineçkinin qiyməti




Fikirlərini bizimlə bölüş!