Bəxtin cilvəsi, səmavi qüvvələrin yardımı, ilahi ədalətin təntənəsi – hansı adı qoyursuz-qoyun, amma püşkün martın 8-dən bəri çempionat və kubok oyunlarına çıxmayan Azərbaycan klublarının üzünə gülməsi danılmaz həqiqətdi. Mənə elə gəlir ki, bundan daha yaxşı variant ola bilməzdi. Özü də bizimkilərin bəxtinə münasib rəqiblər düşməsi azmış kimi, bütün oyunları evdə keçirmək də əlavə üstünlükdü. Sanki lotereyada cek-pot udmuşuq. İnanmıram ki, Avropanın hansısa başqa ölkəsinin təmsilçilərinin bəxti belə gətirə. Lap gətiribsə də, öz işləridi. Bizim məsələ bir qədər fərqlidi.
Bildiyiniz kimi, martın 7-8-də keçirilən oyunlardan sonra ölkədaxili yarışlar dərin yuxuya getdi. Azərbaycan futbolunu idarə edənlər yarışların bərpası yolunda canfəşanlıq göstərmədi, hökuməti bunun vacibliyinə inandıra bilmədi, beləcə klublar artıq uzun müddətdi ciddi oyun təcrübəsindən məhrumdu. Təbii ki, yoldaşlıq oyunlarının müəyyən faydası var, amma bunlarla çempionat görüşləri arasında bərabərlik işarəsi qoymaq naşılıq olardı.
“Evdə divarlar da kömək edir” – futbolun bu yazılmamış qanunu azarkeşsiz oyunlarda da işləyir. Əlbəttə, UEFA hansısa şərtlər daxilində azarkeşlərin stadiona girişinə icazə versəydi, lap yaxşı olardı. Amma bunsuz da klublarımız böyük üstünlük qazanıb. Onlar başqa ölkəyə uçmalı olmayacaqlar, saat və iqlim fərqindən doğan təbii problemlər yaşamayacaqlar. Yəni “Qarabağ” avqustun 18-nə, “Neftçi”, “Keşlə” və “Sumqayıt” isə 27-nə qədər olan müddətdə Şimali Makedoniya və Albaniya klubları ilə duellərə ən yaxşı şəkildə hazırlaşmaq üçün hər cür imkana malikdi. Avroliqada mübarizə başlayana qədər ölkə çempionatında da ilk tur arxada qalacaq və komandaları iş başında görə biləcəyik. Daha bir gümanım var: azarkeşlik etməyə həvəsli jurnalist ordusu üçün meydan bir az da genişlənəcək, həmkarlarım əsas funksiyalarını unudaraq, avrokubok iştirakçılarını irəli səsləyəcəklər.
Məsələyə bir də yalnız komandalarımızın səviyyəsi prizmasından yanaşaq. İndiyə qədər futbol ictimaiyyəti “Sumqayıt”ın durumuna görə narahatlıq keçirirdisə, ötən şənbə “Keşlə” də bu sıraya qoşuldu. Zaur Axundovun prezidenti olduğu klubda bəzən elə gözlənilməz hadisələr baş verir ki, adamın dil-dodağı quruyur. Məsələn, indi aydın olur ki, Tərlan Əhmədov təxminən 40 gün müqaviləsiz çalışıb. Çempionatın startına 13 gün qalmış Zaur bəy ona qapını göstərdi. Niyə, hansı səbəbdən – bunlar həm maraqlıdı, həm də maraqsız. Fakt budu ki, bizim ölkədə müqaviləsiz işləyən məşqçilərin, futbolçuların sayı çoxdu. Və belədə Allah eləməmiş, yaşıl meydanda onların başına hansısa hadisə gəlsə, kimin məsuliyyət daşıyacağı bilinmir. Zaur Axundovun idarəçilik üslubu isə ayrıca yazının mövzusudu. O, özünü klub prezidentindən daha çox qoluzorlu mafiya başçısı kimi aparır, istər baş məşqçiyə, istərsə futbolçulara münasibətdə hər an “oğru dünyası”nın qayda-qanunlarına müraciət edə bilər ki, buna görə kimsə Axundova “gözün üstə qaşın var” deyə bilməz. Kim deyəsidi ki? AFFA rəhbərliyinin gözündə Axundovun tükənməz etimad limiti var. Kefi necə istəyirsə, elə də yararlanır. Açığı, Zaur bəy mənə “Bakılı”nın sabiq prezidenti, məşqçiləri baxışa çağırmasıyla məşhurlaşan Misir Əbilovu xatırladır. Güman edirəm ki, ekstravaqant prezident “Laçi” ilə dueldəki mümkün uğursuzluq halında necə təzyiq dalğasıyla üzləşəcəyinin fərqindədi.
Bunlar sonranın söhbətidi. Bu gün isə püşkün hökmünə sevinməyə, hətta “dörddədörd” planları qurmağa dəyər. Bütün oyunları Bakıya salan püşk Azərbaycan futbolundan lütfünü əsirgəmədi. İndi bizim klublar da Şimali Makedoniya və Albaniya klublarını evə əliboş yola salmaqla bu fürsətdən yararlanmalıdı. Cek-pot qazanmışıq, ağılla xərcləyək!
HUŞƏNG
Püşk, yoxsa Azərbaycan üçün cek-pot?




Fikirlərini bizimlə bölüş!