Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Qəfil yada düşən idman prinsipləri…

"Qarabağ" Qarabağın və Azərbaycanın adını Çempionlar Liqasının pley-offunacan yüksəldib.

Bu, ağlagəlməz, heç bir məntiqə sığmayan, inanılmaz, fantastik, kosmik uğurdu.

Çempionlar Liqasının əsas mərhələsində ilk 24 komanda sırasında imzamız bilinəndən sonra Ağdam təmsilçisinin daha böyük uğurunu ölkə-xalq olaraq istəməliyik.

Elementar ona görə ki, Azərbaycan hər hansı sahədə beynəlxalq miqyasda tez-tez bu səviyyəyə yüksəlmir…

Qarabağ-Azərbaycan məsələsini də daha demirəm.

Bəs biz nə görürük?

"Qarabağ" futbol tariximizin ən vacib qarşılaşmasından öncə 2 dəfə "Şamaxı"nın bərbad vəziyyətdə olan süni meydançasında kubok və çempionat oyunları keçirir.

Normal havada belə zədə ehtimalı yüksək bu meydançada baş tutan kubok matçı dumana, çempionat qarşılaşması isə qara görə az qala təxirə düşə. Amma hər şeyə rəğmən ağır hava şəraitində oyunlar keçirilir.

Qarşıda "Qarabağ"ı Premyer Liqaya nə üçün gəldiyini özü də bilməyən "İmişli" ilə "vacib matç" üçün Quba səfəri gözləyir. Ordakı meydança da Şamaxıdakından geri qalmır. Belədə "Nyukasl"la oyunöncəsi Qurban Qurbanov əsas futbolçuları zədədən qorumaq üçün meydana buraxmamalıdı.
Yol yorğunluğunu da nəzərə alsaq, ümumiyyətlə, Qubaya 2-ci heyət getsə yaxşı olar.

Bəs bu matçın yerini Bakıya dəyişmək olmazmı? Ki, "Qarabağ" "Nyukasl"la qarşılaşacağı meydançada oynasın?

Əlbəttə, olar. Amma biz mız qoyuruq ki, "Nyukasl" "Qarabağ"la oyuna görə hansısa kluba deyib ki, mənim oyunumun yerini dəyiş, təxirə sal?

Halbuki, hamı hər şeyi gözəl anlayır. Nə "Nyukasl"ın buna ehtiyacı yoxdu, nə də İngiltərənin!

Azərbaycan İngiltərə deyil, "Qarabağ" da "Nyukasl"! Adları eyni olsa da, liqaların da fərqi bəllidi.

Və …qəfil hamının yadına idman prinsipləri düşür. "Neftçi"ni anlamaq olar, artan iddia, prinsipial rəqib, oyun da Bakıda. Tonusda qalmaq üçün bu qarşılaşmanın bəlkə "Qarabağ"a da faydası dəyər.

Amma "Şamaxı" ilə "İmişli"ni anlamaq çətindi. Bu komandalar nə avrokuboka gedəsidi, nə də 1-ci liqaya düşəsi.

Ölkə olaraq bu fantastik uğurun dəyərini anlamalı və davamı üçün əlimizdən gələni etməliyik!

Amma biz tarixi zəfərin memarı Qurban Qurbanovu qar təmizləmək məcburiyyətində qoyuruq…

Allah axırımızı xeyir eləsin…

Fikirlərini bizimlə bölüş!