Emosiyalar sakitləşdi. Artıq bəzi məsələlərə soyuq basla yanaşa bilərik.
Anşlaq və deyilənə görə, oyuna bilet tapmayıb bayırda qalan bir o qədər tamaşaçı. Yəni Olimpiya stadionunu dolduracaq qədər adam.
Onlayn satışın olmamasına və dəllalların biletləri nominaldan onqat baha qiymətə satmasına etiraz edənlər.
Əlbəttə, həvəskarlıqdan peşəkarlığa avtomatik keçid mümkün deyil. Amma "Qarabağ"ın kifayət qədər Avropa təcrübəsi və uğurlu idarəçiləri var. Məsələn, ötən ay Rusiyada keçirilən Konfederasiyalar Kubokunda "qara bazar"ın qarşısı tam alınmışdı. Bunun üçün onlayn və ya kassalardan bilet alan hər kəs eyni zamanda fərd olaraq "fanat identification" sistemindən keçməli, biletinin nömrəsi, rəngli fotoşəkli, ad-soyad, ata adı və şəxsiyyətini təsdiq edən sənədin nömrəsini həmin "fanat id"də göstərməli idi. Oyuna gələndə "fanat id" hər bir tamaşaçının boynundan asılmalı idi və bu sənəddə yazılan bilet nömrəsinin uyğunluğu yoxlanılırdı. Dəllalların bu sistemə qarşı nəsə fikirləşməsi qeyri-mümkün idi.
"Kopenhagen"lə cavab matçı ərəfəsində yenə xoşagəlməz durum var. Turfirmalar Danimarka paytaxtına təyyara bileti və 1 gecə oteldə qalmaq üçün nə az, nə çox – düz 3500(!!!) manat pul istəyir! Reallıqdan çox uzaq olan bu kosmik rəqəmə hətta oyuna bilet də daxil deyil! Deyilənə görə, "Qarabağ" azarkeşləri üçün nəzərdə tutulan bütün biletlər kluba verilib. Belə olan halda kassalardan bilet alacaq azarkeşlərimiz danimarkalı fanatlarla eyni sektora düşəcək…
Bu məsələnin dünyada qəbul olunmuş sivil yolu klubun öz turfirması vasitəsilə çarter reyslərini təşkil etməsidi. İllik abunələrə sahib fanatlardan demək olar ki, heç bir qazanc güdmədən onların tribunalardan azarkeşlik etməsini təmin etmək mümkündü. Digər azarkeşlər üçün paketlər isə qiymətinə görə klub fan-klubunun üzvləri ilə müqayisədə baha olsa da, məqbul qiymətə satılır. Paketə yalnız aviabilet və otel yox, həmçinin qonaq sektora bilet, viza dəstəyi, transferlər, şəhər gəzintisi, sığorta və s. daxil olur. Amma necə deyərlər, "Amerika birdən qurulmayıb". Təki "Qarabağ" Çempionlar Liqasının qrupuna düşsün, bu məsələlər də həllini tapar.
ÇL-in qrupuna düşmək üçün isə "Qarabağ"ın hər cür şansı var. Çempionumuz rəqibdən güclüdü. Bunu Bakıdakı oyunda da gördük. Püşk üzümüzə gülüb və demək olar ki, potensial rəqiblərdən ən zəifini çıxarıb. Bu şansı qaçırmaq olmaz. Düzdü, ötən il "Viktoriya"dan da güclü idik. Amma indi daha təcrübəliyik və ən əsası çox ciddi iki üstünlüyümüz var. Səfərdə yaxşı oynamağımız və 1:0 hesablı ev qələbəsi. Avrokuboklar tarixində evdə qol buraxmadığı bütün oyunlarda "Qarabağ" mərhələ keçib! "Bir qol vursa, söhbət bağlanır" deyənlərin isə həyəcanlanmamasını istəyirəm. "Qarabağ" qol vurmayıb, 0:0 oynasa da, bəs edir.




Fikirlərini bizimlə bölüş!