Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Qanadları qırılmış “təyyarə”

Vaqif Sadıqovun AZAL-dan ayrılmasına təəccüblənmədim. Çalışdırıcının son müsahibələrini oxuyanda tezliklə nəyinsə baş verəcəyini hiss etmək çətin deyildi. Təcrübəli mütəxəssis hər dəfə həyasına qısılıb, AZAL-dakı problemləri ört-basdır etməyə uğursuz cəhdlər edirdi. Özü də yaxşı başa düşürdü ki, onun bu cəhdləri belə gözlənilən gedişin qarşısını almağa kifayət deyil.

Onun 4 il bundan əvvəl “Neftçi”dən ayrılması da təxminən bu cür gerçəkləşmişdi. “İnter”ə məğlubiyyətdən sonra klub prezidenti Sadıq Sadıqov paltardəyişmə otağında sərt şəkildə giley-güzar etməyə başlamış, cavab olaraq Vaqif müəllimdən “bu futbolçularla nəticə qazanmaq olmaz” sözlərini eşitmişdi. O zaman Vaqif bəy “Neftçi”dən getdi və dərhal da klubda ciddi islahatlar aparıldı. Rəhbərlik dolayısıyla etiraf etdi ki, çalışdırıcı əlinin altındakı “material”ın keyfiyyətsiz olduğunu deməklə haqlı imiş.

Təəssüflər olsun ki, ötən illər Azərbaycan futbolunda ciddi dəyişiklikləri özüylə gətirə bilmir. Bunun da ən ciddi səbəblərindən biri klub başbilənlərinin futbola baxışının dəyişməməsidi. Təlim-məşq toplanışında Şüvəlandan kənara çıxa bilməyən, yoxlama oyunlarında gücünü dvizion təmsilçiləri ilə sınayan AZAL-ın rəhhbərliyi ciddi şəkildə böyük iddialara düşübsə, onların bu düşüncə tərzinə acı-acı gülməkdən özümü saxlaya bilmirəm.

Yadınızdadısa, bir-neçə gün bundan əvvəl AFFA İK-nin toplantısına qatılan Hafiz Məmmədov Milinko Pantiçin tərifini yerə-göyə sığdırmayaraq, yaxın günlərdə serbiyalı çalışdırıcıyla müqavilənin müddətini 3 illiyə uzadacaqlarını bildirmişdi. Bahalı transferlərə, İspaniyada təşkil olunan yüksək səviyyəli təlim-məşq toplanışına, kifayət qədər zaman verilməsinə baxmayaraq Pantiç hələ də “zolaqlılar”ı yeni səviyyəyə çıxararaq, mükafatlara iddiasını açıq şəkildə ortaya qoyub, sabit oyun sərgiləyən komandaya çevirməyi bacarmayıb. Əvəzində əcnəbi çalışdırıcıya “gözün üstündə qaşın var” deyən yoxdu.

Pantiçə göstərilən diqqət və qayğının təxminən eynisi Syominə münasibətdə müşahidə olunur. “Qəbələ”nin rəhbərliyi qocaman rus mütəxəssisin bir sözünü iki eləmir. Bahalı legionerlərin yer aldığı “Qəbələ”də kənardan baxanda hər şey ideal görünür. Pul var, şərait var, fantastik mükafatlar var, amma nəticə yoxdu. Syominin komandasının sonuncu dəfə nə vaxt qələbə qazandığını xatırlamağa çətinlik çəkirik. Belə çıxır ki, Tale Heydərov çoxdan Yuri Pavloviçi Moskvaya qədər qovmaq haqqında göstəriş verməliydi?

Vaqif bəyin AZAL-dan istefa verməyə məcbur edilməsi Azərbaycanda yerli mütəxəssislərə qarşı sayqısız davranışın növbəti nümunəsidi. Nə vaxta qədər yerli futbol məşqçiləri bu cür ikili standartların qurbanına çevriləcək? “Bakı” və “Qəbələ” kimi klublarla müqayisədə Vaqif Sadıqovun komandası yanacağı qurtaran “təyyarə”yə bənzəyirdi. Yanacağı olmayan, pərləri fırlanamayan təyyarə necə səmaya yüksələ bilər?

AZAL rəhbərliyinin “Neftçi”ylə oyundan əvvəl qəfil avrokubok həvəsinə düşməsi özlüyündə xeyli təəccüblüdü. Yoxsa, başbilənlərdən hansısa gecə yatıb, yuxusunda AZAL-ın Avroliqanın qrup mərhələsində oynadığını görüb? Guya, Vaqif Sadıqovsuz “təyyarəçilər” qalan 11 turda 4-cü sıradakı “İnter”lə 16 xallıq fərqi qapatmağı bacara biləcək?! Sanki, rəqiblər əl-qollarını yanlarına salıb, AZAL-ın onları ötüb, keçməsini gözləyəcəklər. Əlbəttə, bütün bu iddialar xam xəyaldan başqa heç nəyə bənzəmir. Bəlkə də, AFFA İK-nın məlum toplantısından sonra elitadan düşməyəcəyinə əmin olan rəhbərlik komandanı oyun alverinə sürükləməyə çalışıblar. Belədə qürurunu ayaqlar altına atmaq istəməyən Vaqif bəy bütün bu “oyunlarda” yer almamaq üçün istefa verməyi üstün tutub.

Hər halda bu ehtimalların nə dərəcədə real olduğunu tezliklə biləcəyik. Amma əmin olduğum odu ki, Sadıqovun istefasıyla AZAL çox şey itirəcək. İki ilə yaxındı səbatsız rəhbərliyin sayəsində qəza vəziyyətində olan klubun ağır yükünü çiyinlərində çəkməyə çalışan mütəxəssisin istefasıyla AZAL-ın qanadları qırılmış “təyyarə”yə çevriləcəyinə şübhəm yoxdu.

Fikirlərini bizimlə bölüş!