Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Kökdən düşmüş piano

Vaqif Sadıqovun AZAL-la yollarını ayırması yadıma Mövlud Süleymanovun ssenarisi əsasında çəkilmiş “Kökdən düşmüş piano” televiziya tamaşasını saldı. Hörmətli oxucularım az qala hər dəfə Azərbaycan futbolunda baş verənləri hansısa bədii əsərlərlə müqayisə etdiyimə görə məni qınamasın. Əsl qınamalı adamlar futbolumuzu teatra çevirənlərdi. Həmin tamaşanın əsasını piano kökləyən Qəhrəmanın (Yaşar Nuri) uğursuz taleyi təşkil edir. Piano kökləmək üçün gəldiyi evdə isti ailə münasibətini görən Qəhrəman istər-istəməz öz dağılmış ailəsini xatırlayır…Sizcə, Vaqif Sadıqovun taleyi ilə Qəhrəmanın taleyi arasında oxşarlıq yoxdu? Onun adı futbol başbilənlərinin yadına çətin məqamlarda düşür. Yadınızdadı, bir vaxtlar millini Avstriya ilə oyuna çıxarmağa məşqçi tapılmırdı, Vaqif bəyi irəli verdilər. Uzun müddət böhrandan qurtula bilməyən “Neftçi” də dara düşəndə onu xatırlamışdı. Nazim Süleymanovun gedişindən sonra məşqçiləri əlcək kimi dəyişən AZAL Sadıqovun gəlişindən sonra ciddi komandaya bənzəyirdi.

Nə yazıq ki, bu gün Azərbaycanda Pantiç, Syomin, Foqts, Lippert kimilərinə yaradılan şərait yerli çalışdırıcılar üçün şirin arzulardan başqa bir şey deyil.

Elə AZAL-ın özü də kökdən düşmüş pianonu xatırladır. Belə pianonun arxasında dünyanın ən məşhur bəstəkarı əyləşsə də, könül oxşayan hansısa musiqi əsərini səsləndirmək mümkün olmaz. Pianodan bir-biriylə uyğunlaşmayan müxtəlif səs tonlarının cingiltisi eşidiləcək. “Anji”dən ayrılandan sonra təcrübə və bacarığını nümayiş etdirmək həvəsi Vaqif bəyi AZAL-a apardı. Əslində, dünyanın işlərindən arif olan mütəxəssis qeyri-peşəkarların rəhbərlikdə cəmləşdiyi "təyyarə”də onu xoş günlərin gözləmədiyini yaxşı bilirdi. Məqsədi dözmək, səbr etmək, ortaya qoyacağı işiylə daha iddialı klubların diqqətini cəlb etmək idi. AZAL Nazim Süleymanovun başına hansı oyunları açmışdısa, eyni taleyi Vaqif Sadıqova da yaşatdı. Şüvəlanda baza inşa edəndən sonra sinəsini qürurla irəli verən klub başbilənlərinin xəbəri yoxdu ki, təkcə bazayla böyük uğurlar əldə etmək olmaz.

Bu işin sonrası da var. Məşqçinin əlinin altında böyük iddialara uyğun futbolçular olmayanda onun bacarığı da heç nəyə yaramır. Son vaxtlar AZAL pusquda duran pişik kimi ancaq “Rəvan”a lazım olmayanları “ovlayır”. Hansısa futbolçu komandadan göndərilən günün ertəsi həmin futbolçu AZAL-ın düşərgəsində görünürdü: Şəhriyar Rəhimov, Samuel Barlay, Rəşad Abdullayev. Bu futbolçular hansısa komandanı gücləndirə biləcək səviyyədə olsaydılar, “Rəvan”da onlara qapı göstərərdilərmi? İndi həmin heyət Tərlan Əhmədova tapşırılıb. Buyursun, klub rəhbərliyi Əhmədovdan Avroliqaya vəsiqə tələb etsin. Axı Sadıqov məhz bu tələbi eşidəndən sonra istefa vermişdi.

Dünən Tərlan bəyin yeni postunda ilk müsahibəsini oxudum. Həmkarım çalışdırıcıdan yeni işində məqsədinin nə olduğunu soruşur. Cavab: “Özüm burda futbol oynamışam, burda necə işləmək lazım olduğunu bilirəm.” Əla etirafdı. AZAL-ın çalışdırıcısı olmaq üçün Vaqif Qasımovun bir sözünü iki etməmək, komandaya yararsız legionerlərin doldurulmasına göz yummaq, bu günü unudaraq gələcək üçün boş xəyallar qurmaq və ən əsası lazım gələndə müqaviləsiz belə işləməyə razılaşmaq tələb olunur. “Neftçi”dəki əmək fəaliyyətindən Əhmədovda bu keyfiyyətlərin xeyli inkişaf etdiyini yaxşı bilirik. Bizə qalan hər iki tərəfə “izdivacınız xeyirli olsun!” deməkdi. AZAL daha bir ilini boş yerə küləyə versə, dünya dağılmaz…

Fikirlərini bizimlə bölüş!