Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Vaqif Sadıqovun ƏYRİ-ÜYRÜ “düz yolu”

AZAL 4 turdu qələbə həsrəti ilə çırpınır. Üçüncü dövrənin ilk həftələri Şüvəlanda anlaşqla qarşılanmadı. Vaqif Sadıqovun «təyyarə»sini çatan-çatan raketlə vurur. «Sumqayıt»la evdə xalları yarı bölən AZAL-a daha bir həmlə «Qəbələ»dən gəldi. Yoldaş Syomin 2 turluq eniş zolağından yüksəlişə bu qəsəbədə keçdi. Şəhriyar Rəhimovun avtoqolu Yuri Pavloviçə yeni həyat bəxş elədi. Nəhayət ki, 3-4 günü üzü gülümsünəcək. Görən, oyundan sonra Şəhriyara minnətdarlıq elədimi? Görən, alacağı mükafatın bir parçasını ona göndərəcəkmi? Görən, daha nə fikirlər dolaşır beynində?

Vaqif Sadıqovu başa düşmək olmur amma. deyəsən, AZAL-ın özünü Arximed sayan baş məşqçisinin fəlsəfəsini başa düşmək üçün bizə yeni velosiped ixtira etmək lazım gələcək. Başqa çarə qalmır, Sadıqovun «dünya» planetimizdən çox uzaqda yerləşir. Məncə, əqli cəhətdən inkişafına şübhə eləməyən istənilən şəxs Vaqif bəyi çözmək iqtidarında deyil. Dörd turdu qələbə görməyən çalışdırıcı deyir ki, düzgün yoldayam. Bu, necə düzgün yoldu ki, uduş niskili böyüyə-böyüyə qara buluda dönüb?

Karlo Ancelotti «Real»ı aşağıdan gətirib «Barselona» ilə turnir cədvəlində qoşa lider etdi, o, heç belə danışmır. Turnir cədvəlində sondan 3-cü yerə enən AZAL-ın baş məşqçisi, bəlkə Şüvəlana təzə çəkilən yolları nəzərdə tutur? Hə, mümkündü bu.

Əgər fikrini düzgün oxumuşamsa, xahiş edirəm ki, gələn oyundan sonra sadə açıqlama versin. Heç də bütün jurnalistlər onu düşündüyü kimi anlamır, fikrini ora-bura yozur. Yəqin havaların bu aralar kəskin dəyişməsindən və pisləşməsindəndi. Qarlı-çovğunlu havada AZAL-ın təyyarələri relsləri təxirə salmayıbsa, bu, yolların düz olmasındandı. Ancaq bunun Sadıqova, komandasına nə dəxli? Vaqif bəy belə yol çəkəndisə, getsin mühəndisliyini etsin. Bir əlinə mazut vedrəsi, bir əlinə də bel alsın. Ya da əyləşsin asvaltbasan kombaynın sükanı arxasında, şəhərin girəcəyindəki çala-çuxur yolları düzəltsin, AZAL-ın komandasında nə işi var?

Düz yolla irəlilədəklərini o məşqçi iddia edər ki, komandası qələbədən usanmaz, çempionatın ab-havasını müəyyənləşdirər, rəqiblərinə qan uddurar. Sən «Sumqayıt»ı evdə uda bilmirsən, hansı düz yoldan dəm vurursan, Sadıqov? «Qəbələ»yə uduzmaq «düz yol»la olubsa, sözünün başını kənd-kəsəkdən salma. De ki, uduzmaq tapşırığı almışdıq, biz də uduzduq. Belənçik «düz yollar» Azərbaycan futbolunda tez-tez salınır. Amma axırı olmur. O «yollar» tez də sökülür, dağılır, silinir. Sadıqov AZAL-ı bu yolla sökmək, dağıtmaq və silmək əndişəsi çəkməsin. Sökülən sökülüb, dağılan dağılıb, silinən silinib artıq.

Artıq AZAL-da Sadıqovluq bir ş qalmayıb. «Düz yol»dan şəxsinə heç nə götürməyə bilər. Onda da nəzərlər rəhbərliyə tuşlanmalıdı. Bu adamı ona görə dəvət etmişdilər ki, AZAL-ı göydən yerə salsın, qara zolaqla sürütdəsin? Bəlkə də bunun üçün. İstefa verməyi ağlının ucuna sallamayan baş məşqçi, görəsən, yolçəkən olsaydı, AZAL-ın yolu hardan, hansı təpənin yamacından keçərdi? |sport favorit

Fikirlərini bizimlə bölüş!