Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Qara bəla

19 yaşlılardan ibarət millimizin üzvü, keçən il İspaniyanın “Malaqa” klubunda məşq edən Qara Qarayev adlı futbolçu Azərbaycana qayıdıb. Deyib ki, mən bir də İspaniyaya qayıtmayacam, burda özümə klub tapacam, pul qazanacam, atamın maddi vəziyyəti pisdi, ona kömək edəcəm.

Deyilənə görə, AFFA bu futbolçuya bir xeyli yatırım edib, “Malaqa”ya getməsinə kömək edib. Üstəlik bu futbolçuya başa salmağa cəhd ediblər ki, a Qara, ay qağa, İspaniya qanunlarına görə 18 yaşın olmamış səninlə müqavilə bağlaya bilməzlər, sənin də mart ayında 18 yaşın olur. AFFA çox deyib, futbolçu az eşidib. Qara deyib ki, atamı işdən çıxardıblar, mən Azərbaycana qayıdıb, bir klubla müqavilə imzalayıb, evə çörəkpulu qazanmalıyam. Aldığım məlumata görə, artıq “İnter”lə müqavilə imzalayıb. İtaliyanın “İnter”iylə yox ee, Azərbaycanın “İnter”iylə.

Özüm bir xeyli il universitet oxumuşam. Cana yaxın insan olduğum üçün bir xeyli də insan tanımışam. Kasıbını da, varlısını da, orta imkanlısını da görmüşəm. Elə kasıb insanlar görmüşəm ki, öz boğazından kəsib övladının təhsilinə pul ayırıb. Soyuq günlərdə bir oğlunun olduğu otaqda qızdırıcı yandırıblar ki, təki övladımız oxusun. Buna gələcəyə yatırım deyirlər. Bir-ik il əziyyətdən sonra uşaq onun artığını qaytarır. Övlad özü də yaxşı yaşayır, ailəsi də. Yəni Qaranın atasının işdən çıxması, Qaranın pul qazanmaq adı ilə, atasına kömək üçün Azərbaycanda özünə klub axtarması tamamilə cəfəngiyatdı. Qara Qarayev sadəcə görüb, anlayıb ki, İspaniyada oynayacaq səviyyədə futbolçu deyil, indidən qayıdıb, üstəlik minnət də qoyub ki, özünü haqlı göstərsin.

Qara, daha o zaman deyil ee, müqavilə bağladığın “İnter” bilinmir bu gün dağılacaq, ya sabah. Artıq ölkəyə neft pulları gəlmir. “Çirkli pullar”ın yuyulması üçün klublara pul axıdılmır. Ölkə böhrandadı. Əsl “perajki dövrü” yaxınlaşır. Gələn il çempionat olacaqmı, o belə bilinmir.

Azərbaycanlı futbolçuların köhnə xasiyyətidi, xarici kluba gedəndən 3 ay sonra “dədəsi evinə göndərilən təzə gəlin kimi” qaytarırlar üstümüzə. Bura gələndən sonra bəhanələri də belə olur ki, “ailəm üçün darıxdım, geri döndüm”.

Təhsil almaq üçün illərlə xaricdə yaşayan azərbaycanlı tələbələr var. Pul qazanmaq üçün Rusiyada yaşayan, aylarla ailəsini, övladını, həyat yoldaşını görməyən insanlar var. Bir tikə çörəyin arxasınca düşüblər. Onlarınki ailə deyil, bizim bu futbolçuların ailəsi əziz oldu? Deyin ki, 3 aydan sonra bizim nəyə qadir olduğumuzu bilirlər, Azərbaycanda qazandığımızdan daha az maaş alırıq, ona görə gəlirik.

Azərbaycanlı futbolçular bu aralar Türkiyənin birinci liqasından yuxarı qalxa bilməyiblər. Təxminən elə o səviyyədə olan futbolçulardı.

Mənə ən çox təsir edən Rahid Əmirquliyevin xaricdə bir klubda oynamamasıdı. Son illər ortabab klub olan “Xəzər Lənkəran”da başını girələdi. İndi də klubun vəziyyətini görüb, keçdi “Qarabağ”a. Heç kim mənə “Rahid “Xəzər Lənkəran”a sadiq qaldı” nağıllarını danışmasın. Rahid “Xəzər Lənkəran”ı 3 il öncə tərk etməli idi, özü də xaricə getməli idi. Deməli, Rahid də Azərbaycan səviyyəsində bir futbolçudu. Azərbaycanda başını girələyib, pulunu qazanıb, futbolçu karyerasını sonlandıracaq. Rahid bir misaldı, hamısı belədi.

Uşaq futbolunda çalışanlara deyəcəm indidən uşaqlara başa salın ki, bir futbolçu üçün vətənə ən böyük xidmət ölkə xaricində oynamaqdı, qayıdıb mənə deyəcəksiz ki, uşaq futbolu var ki, uşaqlara da nəsə başa salaq?

Bəlkə nə vaxtsa düzəldi… Ölkənin bütün sahələrində peşəkarlar işləyəcək, futbol da onlardan biri olacaq. Güllük, gülüstanlıq olacaq ölkəmiz. Yəni:

Bir qırıq da ümid var,
Düzələcək haçansa.

Necə əsəbiləşdimsə, heç soruşmadım ee, devalivasiyadan sonra necəsiz? Yeni ili necə qeyd etdiz? Siqaret alıb, çəkməyə pul tapırsız? Yazın arada, dərdləşək.

Fikirlərini bizimlə bölüş!