Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“Qarabağ” – “Arsenal” oyunu haqqında

Ya kütləvi yaltaqlıqdırmı, ya da “Qarabağ”ın adına görə yaranan marazmdırmı, nədirsə dünən “Arsenal”ın ikinci heyətinə 0:3 uduzmuşuq, yenə bütün jurnalistlər ayağa duraraq əl çalıb, alqış yağdırırlar. 0:3 ee. Yəni, 1-2 yox, 0-1 yox. Mən ağdamlıları başa düşürəm, fanatları başa düşürəm – onların bütün hallarda təəssübkeş olmağa haqqı var. Amma bu jurnalistlər niyə emosiyanı kənara qoyub oyunu ciddi, soyuq başla və ədalətlə analiz etmirlər?!

Ya savadsızdırlar, ya da təmənnalı. Bunun başqa adı yoxdur. Biri yazır ki, “Oyuna görə Qurbana yağlı 5, o biri yazır əla, gözəl oyuna görə təşəkkür”. Mən yalnız bizdə görürəm ki, məğlubiyyəti jurnalistlər alqışlayır. Rusiya və Avropa mətbuatına baxdım – qısaca yazıblar ki, “Arsenal” asan qələbə qazandı. Bunlar başa düşmür ki, “Qarabağ”a hər kəs azarkeşlik edir, dünən mən də qol imkanları qaçırılanda divana təpik vurmaqdan mebeli korlamışam. Mxitaryanın komandasını udmağın ikiqat yeri olardı. Amma olmadı. Niyə? Bu suala cavab axtarsaq, ədalətli tənqid etsək nə olacaq ki? Tənqid olmasa inkişaf olmayacaq. Dünyanın ən brend restoranlarının, top futbolçuların, klubların, şirkətlərin belə tənqidçiləri var… Biz “Qarabağ”ı sevirik, amma sevdiyimizi məgər tənqid edə bilmərik? Ailədə sevdiyiniz övladın səhvlərini məgər gözardına vurursunuz?!

Qapımıza qol vuran Emil Smitin adı heç klubun saytındakı komandanın siyahısında yoxdur. 18 yaşlı yeniyetmə akademiyadan parta arxasından gəlib qol imkanından necə istifadə etmək dərsi keçdi bizə. Uduzmaq ayıb deyil ki, öyrənməmək ayıbdır. Mədətov, çoban Günüqara/Emeqara qoysun kaseti baxsın ki, bu balaca uşaq necə soyuqqanlı və ustalıqla iti bucaqda olduğu halda yarım qol vəziyyətini qola çevirdi. Bu bircə epizod bir master-klass idi. Yoxsa “hay-huy, qoyma gəldi, vur…ay daaaa, moment batdı”. Bu futbolu Alay Bəhramov, İmamyar Süleymanov oynayanda bəraət qazandırırdıq. Onlar “Pambıqçı Bərdə”, “Avey Ağstafa” ilə oyunda təcrübə toplayırdılar, özü də peraşki yeyə-yeyə. Mədətovlar, Abdullayevlə, Qarayevlər isə ən son model maşınlarını “hörültü” ilə yanımızdan elə sürüb-keçirlər ki, az qala üstümüzə çıxacaqlar. İllərdir top klublara qarşı oynayırlar, orta statistik azərbaycanlının yuxusunda görməyə belə cəsarət etməyəcəyi maaşları alırlar, amma millət üçün daşıdıqları missiyaya baxın: “biz uduzaq, siz sevinin” – bir toplumu uduzmağı qənimət bilməyə alışdıran futbolçuya necə alqış düşə bilər axı. Özü də ikinci heyətə…Nə isə.. Zənnimcə, dünənki oyunun qısaca şərhi belə idi:

“Arsenal” meydana ikinci heyətlə çıxmışdı, belə oyunlarda top komandalar yarı gücü ilə oynayır və bu da o deməkdir ki, “Qarabağ”ın tarixi nəticə qazanmağa şansı vardı. Əfsuslar olsun ki, nə futbolçularımızın ustalığı, nə də baş məşqçinin seçdiyi taktika buna imkan vermədi, Ağıllı və strateji futbol yox idi, yenə emosional, hay-küy futbolu vardı. Mən heyəti görəndə şəxsən əmin idim ki, bu “Arsenal”la ən azı heç-heçə etmək olar. Amma 0:3 heç ağlıma gəlməzdi”.

Atəş SULTANOV

Fikirlərini bizimlə bölüş!