Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Qarabağ həqiqətləri və “Qarabağ” həqiqətləri

Bu dünyada "idman siyasətə qarışmır” deyimi qədər qeyri-səmimi ifadə yoxdu. Bütün digər qeyri-səmimi sözlər elə həmin bu deyim qədər qeyri-səmimidir. "İdmanın şahı" sayılan futbol da zaman-zaman siyasilərin əlində alətə çevrilib. UEFA və FİFA-nın başbilənləri, eləcə də ayrı-ayrı futbol məmurları özlərinə sərf edəndə top oyunundan öz məqsədləri üçün yararlanıblar. Biz də futbolun verdiyi təbliğat vasitələrindən yararlanmağa, dünyanın kor olub görmək, kar olub eşitmək istəmədikləri həqiqətləri məhdud imkanlar çərçivəsində yaymağa çalışırıq. Bu işdə ən böyük dəstəkçimiz isə, sözsüz ki, erməni işğalı altında inləyən Ağdamı təmsil edən "Qarabağ”dı.

"Köhlən atlar” ölkəmizin hüdudlarını aşıb, avrokuboklarda mübarizə aparanda təkcə Ağdamın yox, bütövlükdə Azərbaycanımızın elçisinə, qüruruna çevrilir. Ardıcıl neçənci mövsümdü ki, Qurban Qurbanov və onun güvəndiyi, zərgər dəqiqliyi ilə seçib komandasına topladığı futbolçular öz missiyalarını uğurla həyata keçirirlər. Dəfələrlə şahid olmuşuq ki, "Qarabağ”a rəqib olan tanınmış klubların saytları, onların təmsil etdiyi ölkələrin mətbuatı Qarabağ probleminə biganə qalmayıblar. Onlar Azərbaycanın əbədi və əzəli torpaqlarının işğal altında olmasından, bir milyondan çox insanın doğma yurd-yuvalarından qaçqın düşməsindən, ermənilərin vəhşiliklərindən bəhs edib, yazılı və ya görüntülü məlumatlar yayıblar.

Özlüyündə bu bir futbol komandasının öz ölkəsinə, onun siyasi rəhbərliyinin yürütdüyü siyasi xəttə verdiyi ən böyük dəstək sayılmalıdı. "Köhlən atlar” Qarabağ həqiqətlərini dünyaya açıq mesajla çatdırmaq missiyasının öhdəsindən bacarıqla gəlir. Amma bütün varlığımızla siyasi və diplomatik təbliğata aludə olmaqla idman prinsiplərini də unuda bilmərik. Sadəcə bir məqamı unutmamalıyıq ki, bir futbol komandası olaraq "Qarabağ”ın qarşısında duran birinci hədəf meydanda nəticələr qazanmaq, rəqiblərini məğlub etməyi bacarmaqdı. Ən azından ona görə ki, Avrokubokların qrup mərhələsində zəif komandanın yer alması mümkünsüzdü.

Üstəlik biz "köhlən atlar”dan daha artığını gözləyirik. İstəyirik ki, "Qarabağ” Çempionlar Liqasının qrupuna yüksəlsin, Avroliqanın pley-off mərhələsinin iştirakçıları arasında olsun. Belədə avtomatik olaraq çempionumuza diqqət artacaq, daha nüfuzlu klublarla bir cərgədə dayandıqdan sonra əcnəbilər "Qarabağ”la daha çox maraqlanmağa başlayacaqlar. Bundan ötrü isə qazanılan uğurlarla kifayətlənməmək, hədəfləri daim yüksəltmək və həmin hədəflərə çatmağı bacaracaq heyət formalaşdırmaq tələb olunur.

Ötən mövsüm müzakirə etdiyimiz bir vacib məqam bu il də öz aktuallığını qorudu. "Qarabağ”da lider futbolçuların layiqli əvəzediciləri tapılmadı. Ən azından bir sadə həqiqəti qəbul etməliyik ki, Reynaldo sıradan çıxdıqdan sonra "köhlən atlar” Avroliqada gözlədiyimiz qədər inamlı təsir bağışlamadı. Düşünməyin ki, mən də ictimai-siyası mətbuatın nümayəndələri kimi, "Qarabağ”ın (daha) 3-4 peşəkar futbolçuya ehtiyacının olduğunu düşünürəm, klub rəhbərliyini mütləq Reynaldo və Almeyda səviyyəsində yeni futbolçular transfer etməyə çağırıram. Belələrindən fərqli olaraq, biz "Qarabağ”ın və Azərbaycan futbolunun həqiqətlərini yaxşı bilirik. Özbəkistanın "Bunyodkor” komandası bir-neçə il bundan əvvəl Braziliyadan Skolarini, Rivaldonu dəvət etmişdi. Nəticə heç də gözlənilən qədər fantastik olmadı. Xərclənən milyonların qarşılığında "Bunyodkor” heç Asiya Çempionlar Liqasının finalına yüksəlməyi belə bacarmadı. Elə Azərbaycanın özündə də yetərincə belə nümunələr var. "Bakı” və "Xəzər Lənkəran” dünyaca məşhir məşqçiləri, onların ardınca futbolçular ölkəmizə gətirirdilər. Amma onlar heç "Qarabağ”ın qazandıqlarının yarısına nail ola bilmədilər. Odur ki, fantaziyalarımıza yox, məntiqimizə güc verək. Pafoslara yox, həqiqətə inanaq.

Qurban Qurbanovun bu sahədə yetərincə püxtələşib, tükü tükdən, yəni legioneri legionerdən ayırmağı yaxşı bacarır, komandasının strateji hədəflərini düzgün müəyyənləşdirir. O da yaxşı başa düşür ki, sponsorların pulunu havaya sovurub, milyonluq 4-5 futbolçunu heyətə qatmaqla dağı dağ üstünə qoymaq mümkün deyil. Həmin milyonerlər avrokubok oyunlarının gərginliyindən sonra Azərbaycan çempionatının boş tribunalar önündə keçirilən oyunlarına çıxanda olan-qalan motivasiyalarını da itirəcəklər. Çıxış yolu Azərbaycan futbolunun və ölkə çempionatının səviyyəsini yüksəltməkdədi. Ona qədər də "Qarabağ” ölkə həqiqətlərini təbliğ etməkdə davam edəcək!

Amal ABUŞOV

Fikirlərini bizimlə bölüş!