Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Superkubok yox, Superköpük!

Bu artıq tam bir rüsvayçılıq dosyesidi – PFL-in bəh-bəhlə reklam etdiyi və qəfil təxirə saldığı superkubok oyununu nəzərdə tuturam. Qəbələdə çox maraqlı bir oyuna tamaşa edəcəyini gözləyən futbolsevərlərin arzusunun gözündə qalmasından çıxan iki önəmli nəticə var: birincisi, nə qədər acı olsa da, PFL üzərinə düşən təşkilatçılığın öhdəsindən lazımınca gəlmir; ikincisi, ölkə futbol təsərrüfatında bütün işləri qaydasına salmalı olan iki qurum – AFFA və PFL ədalətli hakim roluna iddia etmək əvəzinə birmənalı şəkildə tərəf rolunu oynayır.

Ötən həftənin cümə gününün sonuna qədər superkubokla bağlı hansısa müəmma yox idi. PFL-in sözçüsü Aslan Şahgəldiyev, eləcə də Qəbələ stadionunun direktoru Mehman Qambayev "Futbol+"ə açıqlama verərək, oyunun təşkili yolunda heç bir problem olmadığını, hazırlığın nəzərdə tutulan şəkildə getdiyini bildirirdilər. Amma Rövnəq Abdullayevlə Ramin Musayev "Qarabağ"la "Neftçi"ni səfər oyunlarında doyunca dəstəkləyib dönəndən sonra nə dedilərsə, aləm qarışdı. Prinsipcə hər şey aydındı: bizim futbol qayda-qanunla yox, ayrı-ayrı adamların istəyi və iradəsi ilə idarə olunur. Yəni bu futbol qurumlarının tərkibindəki İcraiyyə Komitəsi, İntizam Komitəsi, Hakimlər Komitəsi, Apellyasiya və Ekspert Komissiyası, nə bi-lim, Hüştürumqulu Komitəsi heç tualet kağızı əvəzində işlətməyə də yaramır. Onsuz da enin-də-sonunda qərarı Rövnəq bəylə Ramin bəy verəcək.

Futbol qurumlarının rəhbərləri elə mövsümün startındaca başqa klublara anlatdılar ki, ortada "Qarabağ"la "Neftçi" varsa, sizin turnir maraqlarınız bizim üçün zərrəcə əhəmiyyət daşımır. Məsələn, "Qarabağ" və "Neftçi" avqustun 13-də Qəbələdə meydana çıxsaydı, üç gün sonra on-larla qarşılaşmalı olan "İnter" və "Bakı" avtomatik müəyyən üstünlük qazanacaqdı. Yəni bu klublar Avroliqa iştirakçılarından asanlıqla xal ala biləcəkdi. Amma hesab edirəm ki, nəin-ki "İnter"lə "Bakı"nın, hətta "Tvente" ilə "Partizan"ın da hüquqları pozuldu. Axı sən vaxt azlığından, zədə ehtimalından, həftədə iki oyun keçirməkdən, bir sözlə, "Tvente" ilə "Partizan" önündə uğursuzluğa düçar olmaqdan qorxursansa, Avroliqada nə itin azıb? Get öz şirəndə, yəni öz çempionatında qayna da!

Bizim klublar nədənsə çox adi həqiqətləri anlamır və ya anlaya bilmir. Həyatın axarını müəyyənləşdirən dialektika qanunlarının ziddinə getmək olmaz. Tutaq ki, Reynaldonun başına nə qədər ağıl qoysan da, o sabah bir başqa Hintereggerin üzərinə yenə qoşa təpiklə (görünür, "Qarabağ"ın "köhlən atlar" ləqəbini daşıdığını adama yaxşı anladıblar…) gedəcək. Hava mübarizəsindən sonra yerə hansı ayağı ilə düşməyin vacib olduğunu bilməyən anlamaz yenə də heç nədən özünü zədələyəcək və s. və i.a.

Demək istədiyim odu ki, avropalılar önünə belə futbol saxtakarlıqlarıyla çıxmağa dəyməz. Kim nə deyir-desin, futbol ilk növbədə kişi oyunudu. Futbolun və kişiliyin yazılmış-yazılmamış qanunlarından azca kənara çıxdınsa, gec-tez cəza-lanacaqsan. Və həmin mübarək cəza anında gündə 5 yox, lap 15 dəfə namaz qılmağın da canına faydası dəyməyəcək!

Superkubok ideyasının superköpükə çevrilməsində, heç şübhəsiz, "Neftçi" və "Qarabağ" ilə yanaşı, AFFA və PFL də yandaşdı, tərəfdaşdı, hətta bəlkə də mafioz çetenin qollarıdı. Təkcə son ayların olaylarına baxmaq kifayətdi ki, futbol qurumlarının dəfələrlə özünə aid ol-mayan işlərə burnunu soxduğunu, tərəf, hətta bank rolunu oynadığını görək.

Baxın, AFFA "Bakı"nın əcnəbi futbolçulara borcunu ödəyir, yəni özünü bank sayır və bu hərəkətlə hər bir sıravi vətəndaşın quruma kredit götürmək istəyi ilə müraciət etməsinin mümkünlüyünü göstərir. Ardından Rövnəq Abdullayev heç bir qayda-qanuna yox, istisnasız Misir Əbilovla şəxsi münasibətlərə söykənərək, ən azı 10 (!) dəfə ölkə çempionatının oyunlarına əsassız yerə çıxmayan "Bakılı"nı bağışlayır.

Daha sonra Abdullayev, Musayev və AFFA-nın başqa rəsmiləri azar-keşlik mərəzinə yoluxur, əvvəl "Qarabağ"ın, sonra da "Neftçi"nin oyununda özlərini fanat ki-mi aparırlar. Soruşmağa tam haqqım var ki, bəs "İnter"lə "Qəbələ"nin səfər oyunlarında, yaxud davalı "böyük oyun"da hardaydız? Amma soruşmayacam. Çünki diskussiya, müzakirə, hesabat mühiti normal futbol ailələri üçündü. Daha ayrı-ayrı fərdlərin istəyinin qayda-qanunun fövqünə qalxdığı, bilərəkdən bəzi klubların güzəşt və qayğı ilə əhatə olunduğu Azərbaycan kimi ölkələr üçün yox. Odu ki, yazını burdaca bitirmək istəyirəm. Amma yox…

İki kəlmə də var. Belə rəhbərliyin Fuad Musayev dönəmi haqda nəsə danışmağa, onu yamanlamağa zərrəcə haqqı yoxdu! Bir də nə qədər gec deyil, çempionla kuboku qazananın duelinin qalibinə verəcəyiniz mükafatın adını dəyişin. Nə superkubok-muperkubok salmısız? Buyurun, yeni adla tanış olun: Superköpük!

Fikirlərini bizimlə bölüş!