“Dünya Ədalətli Oyunlar Günü”nə tüpürən PFL

“Dünya Ədalətli Oyunlar Günü”nə tüpürən PFL — illüstrasiya

Azərbaycan futbolu əzəldən təcrübə meydanı, bənzəri olmayan unikal qərarların icra yeri olub. Demək olar ki, hər mövsüm futbol ictimaiyyəti hansısa hadisə ilə bağlı analoqu olmayan addımların şahidinə çevrilib. Əvvəllər belə şeylərə daha çox rast gəlinirdi. Düzdü, son illərdə bu mənada tez-tez təəccüblənmirdik. Amma dünən PFL-in sonuncu turun oyunları ilə bağlı məlum açıqlaması cari çempionatın da sürprizsiz başa çatmayacağını ortya qoydu.

Futbolumuzda müəyyən qədər “konsititusiya”sına uyğun işləyən bir normal təşkilat var idi ki, onların da bu addımı gözlənilməz oldu. Qurum reqlamentə, ədalətli mübarizə prinsiplərinə tüpürdü. Adının sonunda yox, önündə peşəkar sözü olan təşkilat “Kəpəz” – “Neftçi” və “Turan Tovuz” – “Sabah” oyunlarının məkanlarında dəyişiklik etdi.

Bunu da klubların müraciəti, müvafiq stadionların razılığı, son tur öncəsi oyunların turnir cədvəlinə idman prinsipləri baxımından təsir etməməsi, klubların avrokuboklara idman və texniki baxımdan daha yaxşı hazırlaşması məqsədilə əsaslandırıb. Yalan və ucuz bəhanə….

Lap deyək ki, klublar müraciət ediblər, onların gətirdikləri arqument nə qədər əsaslı olar bilər?! Başlayaq lap sonuncudan. Komandaların avrokuboklara idman və texniki baxımdan daha yaxşı hazırlaşması deyəndə nə nəzərdə tutulur? Çempionat finişə çatmalıdır ki, klublar istər daxili, istərsə də avrokubokların real planlamasını həyata keçirsinlər. Aydın məsələdir ki, öncədən qarşıya qoyulan hədəflər var, amma bu, heç bir halda Gəncə və Tovuz azarkeşini mövsümdə sonuncu dəfə komandasını evdə görməkdən məhrum edə bilməz.

Futbol azarkeşlər üçündürsə, deməli, PFL də klubların bu istəyinə rahatlıqla razılıq verməməliydi. “Kəpəz”ə görə Yevlaxda, “Turan Tovuz”a görə bu rayonda azarkeş sayı tribunalarda daha çox olacaqdı. Aydın məsələdir ki, həm “Neftçi”, həm də “Sabah” rəhbərliyi AFFA, PFL qarşısında daha nüfüzlüdur, sözükeçərlidi və birbaşa onların səfərə getməmək istəyi bu işdə əsas rol oynayıb. Qarşı tərəfin mövqeyi xüsusi önəm daşımayıb. Onsuz da azarkeşi kimdir vecinə alan?!

Yeri gəlmişkən, məkanı dəyişdirilən iki oyundan biri tarixi derbi adlandırdığımız “Kəpəz” – “Neftçi” qarşılaşmasıdır. Derbi, derbidir, rəqiblərin mövqeyindən, PFL-in sırıdığı oyunun turnir cədvəlinə idman prinsipləri baxımından təsir etməməsi kimi ucuz bəhanəsindən asılı olmayaraq. Cənablar, siz derbilərlə bağlı heç dünya futbolunda buna bənzər təcrübəyə rast gəlmisiz? Axı oyun statusundan məlumdur: derbi – əzəli rəqiblərin simasında güzəştsiz mübarizə adlı “tamaşa”nın adıdır! O derbi ki, ölkənin ən böyük tarixi köklü iki klubu qarşılaşır.

Əslində, “Kəpəz”in neytral meydanda oynamaq istəməsi böyük ehtimal ki, İdarə Heyətinin üzvü Fərman Əlizadənin beyninin məhsulu, rəqibə növbəti jestidir. Ötən yay rəqib düşərgəyə davamlı “Gəncə səbəti” göndərən birisi “qoca çinarı” necə müdafiə edə, mənafeyini düşünə bilər?

19 may “Dünya Ədalətli Oyunlar Günü” kimi qeyd olunur. Dünən PFL verdiyi qərarla idmanda təmizlik, dürüstlük, hörmət, rəqiblərə qarşı ədalətli münasibət və həmrəylik kimi etik dəyərlərin təbliğinə hansı qarşılığı verdiyini göstərdi. Çempionatdakı altı oyundan üçünü Sumqayıta rahatlıqla salmaqla futbolumuzun coğrafiyasını blokadaya aldı.

“Dünya Ədalətli Oyunlar Günü”nə tüpürən PFL — illüstrasiya

Mövzu üzrə digər yazılar: Formal oyunda “Kəpəz”ə hörmətsizlik görüntüsü.


Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!