Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Qarabağ öldü… Yaşasın futbol!

AFFA İcraiyyə Komitəsinə iddialı adamların adını oxuyanda məni qəribə hisslər bürüdü. Təbii ki, ora düşmək iddiam yoxdu. Heç o qədər sadəlövh də deyiləm ki, ölkə futbolunun taleyini həll edən quruma yaşı az, işləmək həvəsi daha böyük olanların düşə biləcəyinə inanım. Sadəcə, ictimai futbol təşkilatları üçün nəzərdə tutulan iki yerdən birinin xarici işlər naziri Elmar Məmmədyarova ayrıldığını görəndə məni gic gülmək tutdu. Bəlkə də bu şair demişkən, dəli bir ağlamaq idi – hər halda, adam hansısa xəbərdən şok keçirəndə hisslərinin rəngini dərhal müəyyənləşdirməkdə çətinlik çəkir, haldan-hala düşür.

Əcəba, bu siyahı hansı məntiqlə tərtib olunub? Doğrudanmı, bu ölkənin xarici siyasət kursu ilə bağlı bütün məsələlər həllini tapıb, cənab nazir indi də bilik və bacarığını futbol sahəsində sınamaq fikrinə düşüb?! Azərbaycanın Qarabağ adlı daim qanayan yarası var. Qarabağın, doğma torpaqların həsrətini çəkən minlərlə soydaşımız artıq dünyasını dəyişib, hər ötən gün adama Qarabağsızlığı daha yaxından hiss etdirir, o torpaqların harda yerləşdiyini, necə və kimlərin köməyi ilə işğal olunduğunu bilməyən nəsillər yetişir. Təbii ki, Azərbaycanın xarici siyasət kursu bütünlüklə Qarabağla bağlı ədalətli mövqeyimizi dünyaya qəbul etdirməyə yönəlib. Bu yolda çoxlu iş görülsə də, gerçəklik budu ki, dünya hələ də hər şeyi öz adıyla çağırmır, torpaqlarımız işğaldan azad olunmayıb, dərdimiz şişir, həsrətimiz bitmir. ATƏT-in Minsk Qrupu bir işə yaramasa da, təcavüzkarla təcavüzə məruz qalanı qəsdən ayırd etməsə də, faktiki xarici işlər nazirinin işi başından aşır, həm şəxsən onun, həm də bütövlükdə diplomatlarımızın önündə çox ciddi vəzifələr dayanır.

Qarabağ öz yerində, bildiyiniz kimi, son vaxtlar dünyanın siyasi düzənində ciddi dəyişikliklər baş verir. Böyük dövlətlərin siyasi-iqtisadi-imperialist maraqları Azərbaycan kimi kiçikləri də tez-tez seçim qarşısında qoyur, dost-düşmən məsələsində çevik manevrlər işlətməyə məcbur edir. Digər tərəfdən, ölkəmiz heç də dostlarla əhatə olunmayıb. Azərbaycanın indiki mürəkkəb sınaq dövründən uğurla çıxa bilməməsini arzulayan qüvvələrin sırası o qədər genişdi ki…

Və belə bir durumda xarici siyasət idarəsinin başçısı futbol təsərrüfatındakı idarəçiliyə iddiasını ortaya qoyur. Daha doğrusu, kimsə bu fikri onun beyninə yeridib, görünür, cənab nazir də hansı yükün altına çiyin verməyə hazırlaşdığının fərqinə varmayıb. Məncə, yolun yarısından qayıtmaq da xeyirdi. Ölkə futbolu bu seçimdən heç nə qazanmayacaq. Düzünə qalsa, İcraiyyə Komitəsi formal bir qurumdu, artıq neçə illərdi ki, onun iclaslarında ciddi, səmimi, işgüzar diskussiya mühiti yoxdu. Amma futbol heç nə qazanmasa da, xarici siyasətimiz nəsə itirəcək. Cənab nazir, etməyin, yapmayın, ne delayte tak…

Fikirlərini bizimlə bölüş!