Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“Qarabağ” qrupda qalacaq – Bilmirsiz niyə?

“Qarabağ” inqilab edir. Azərbaycanlıların düşüncəsində. İnqilablar inkişaf vəd etmir. Amma “Qarabağ”ın etdiyi inqilab tam başqa bir inqilabdı. “Sent Etyen”lə oyundan sonra “onsuz da məğlub olacağıq, “biz zəifik” düşüncəsinə sahib olanların sırası xeyli seyrəldi.

İndi hər kəs “qrupdan çıxmalıyıq” deyir. Ancaq əmin olun, “Qarabağ” qrupdan çıxa bilməyəcək. Bilirsiz niyə? Ona görə ki, bu inqilabı gözü götürməyənlər var. Onlar işlərini əvvəlcədən görüblər. “Qarabağ” inqilabı başa çatdıra bilməyəcək. Bu inqilab çoxdan yatırılıb. 2014-cü ilin mart ayında. “Qarabağ”ın inkişaf vəd edən inqilabının düşmənləri də AFFA-da oturan “dəllallar”dı. Müasir zəmanəmizdə onlara “marketoloq” deyirlər.

Siz elə bilirsiz Elxan Məmmədov “Qarabağ”ın uğurlarına sevinir? Ə tövbə… “Qarabağ” uğur qazandıqca, qara qanlar axır Elxan Məmmədovun qara bağrından. Bilmirsiz niyə? Ona görə ki, istəsək də istəməsək də, “Qarabağ” futbol oynaya, uğur qazana bilirsə, milli komanda niyə oynaya, nəticə qazana bilmir” sualı düşüncəmizə hakim olur axı…
Milli komandaya da cavabdeh Elxan Məmmədovdu axı. “Qarabağ” uğur qazandıqca AFFA-dakı “dəllallar”ın uğursuzluğu göz oxşayır. Amma dəllal da dəllaldı axı. Onlar gəlir-çıxarlarını bilməsəydilər, dəllal olmazdılar ki…

Mart ayında “dəllallar” limiti 6+5 etməklə inqilabı boğmuşdular. “Qarabağ” qrupdan çıxa bilməyəcək. Bilirsiz niyə? “Sent Etyen”lə oyunda Cumbinyo zədələndi. Beş ay oynamayacaq. Onun yerini tutacaq futbolçu varmı “Qarabağ”da? Yoxdu!

Hələ bu ilk oyundu, növbəti qarşılaşmada Reynaldo da zədələnə, Aqolli, Almeyda, Leroy cəzalı duruma düşə bilər. Kim tutacaq onların yerini? Səviyyəli yerli futbolçu yoxdu Azərbaycanda. Legioner almamaq üçün də “dəllallar” 6+5 limitini tətbiq ediblər.

Vəssalam, bu qədər sadə: Azərbaycan millisi uğur qazana bilmirsə, klub futbolumuz da inkişaf etməməlidi.

6+5 tətbiq olunarkən ortaya atılan “yerli futbolçular inkişaf etməlidi” arqumentinin də heç bir əsası yoxdu. Mənə bircə yerli futbolçu göstərin ki, əsas heyətdə yerini təmin edəndən sonra inkişaf edib. Üç ildi Araz Abdullayev “Neftçi”nin əsas heyətindədi. Neynəyib? Üç il əvvəl, Araz ehtiyatda qalanda onunla “Everton” maraqlanırdı, indi heç “Bursaspor” da gözünün ucu ilə baxmır ona.

Rauf Əliyev bütün komandalarda əsas heyətin dəyişilməz simasıdı. Adam az qala qol vurmağı da yadırğayıb. Rahid Əmirquliyev düz 10 ildi ki, “Xəzər Lənkəran”da hər oyunda 90 dəqiqə meydanda olur. Kərəni kürə edib? Ruslan Abışov hansı komandamızda ehtiyatda oturub? Heç birində. Bəs niyə futbolçu ola bilmədi?

“Qarabağ”da Qara Qarayev, Bədavi Hüseynov nisbətən inkişaf ediblər. Amma və ancaq… Yalnız Qurban Qurbanovun sayəsində. Bunu da əsaslandırmaq üçün arqumentim var. Hanı Əfran İsmayılov, hanı Elvin Məmmədov, hanı Rauf Əliyev? “Qarabağ”dan ayrılandan sonra bu futbolçular niyə inkişaf etmədilər? Azərbaycanın futbol təsərrüfatında inkişaf üçün mühit yoxdu. Qurban Qurbanov təkbaşına inqilab etmək istəyir. Ancaq bu inqilabı da boğacaqlar. Boğublar artıq. Mart ayında 6+5 sistemini tətbiq etməklə. Birdəfəlik bilin, azərbaycanlı futbolçu oynayanda inkişaf etmir, "şişir". Əsas heyətdə yer təminatı, ağlasığmaz məvacib. Ardı da məlumdu: bahalı maşın, əyləncə.

Azərbaycan 2020-ci ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi edəcək 13 şəhərdən biridi. Bax, "dəllal" işi budu. Rövnəq Abdullayevin "dəllallar"ı 7 ildə Avropada oynayacaq bircə futbolçu da yetişdirə bilməyib. Bu "dəllallar"ın formalaşdırdığı milli komanda Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq gücündə deyil. Heç eybi yox, əvəzində bu "dəllallar" Avropa çempionatının özünü Azərbaycana gətirir.

“Qarabağ” qrupdan çıxa bilməyəcək. İnqilab yatırılıb. İnqilab başlamamış yatırılmışdı zatən…

Natiq MUXTARLI

Fikirlərini bizimlə bölüş!