Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“Qarabağ” üçün SOS yox, sakitlik – “Rudar”ı necə keçməli?

Bilirəm, nə qədər ki, "Rudar"ın futbolçuları ayaqlarını Tofiq Bəhramov adına Respublika stadionunun qazonuna basmamışdılar, "Qarabağ"ın hücumları divara dəyibmiş kimi geri qayıtmırdı, biz öz çempionumuzun Monteneqro çempionunu darmadağın edəcəyini düşünürdük. Hətta oyundan əvvəl çoxumuz buna o qədər əmin idik ki…

Niyə yanıldıq?

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oyundan əvvəl "Rudar"ı nə dərəcədə çək-çevir etdiyini bilmirəm, amma mətbuat da, ictimaiyyət də bir balaca yanılmışdı. Hələ də beyinlərdə ötən Avroliqa mövsümündə fırtına kimi əsən "Qarabağ" var idi. Bunun üzərinə "Neftçi"nin hər iki oyunda açıq-aşkar üstün oynadığı, amma hansısa səbəblərdən mərhələ keçə bilmədiyi "Mladost" nümunəsini gələndə, "Qarabağ"ın "Rudar"ı rahatca məğlub edəcəyinə inamın hardan qaynaqlandığı məlum olar. Axı həmin o "Mladost" da Monteneqronu təmsil edirdi.

Amma çoxumuz unutmuşduq ki, "köhlən atlar"ın ötən il avrokuboklardakı oyunları bütün gələcək rəqibləri üçün onları "oxumaq baxımından" əyani vəsaitə çevrilmişdi. "Qarabağ" "Neftçi", "İnter", "Qəbələ" deyil ki, hər il heyətini, baş məşqçisini dəyişsin, hər il başqa cür oynasın. "Qarabağ"ın bəlli oyun sistemi, oyunçuları var ki, onları təhlil etmək istənilən orta səviyyəli məşqçi üçün çətin deyil. Və insafən, "Rudar"ın çalışdırıcısı Mirko Mariç "Qarabağ"la ilk "dərs"ə əla hazırlaşmış, bütün suallara cavab tapmışdı.

Müqayisə bir az böyük görünə bilər. Amma yenə də olsun… Pep Qvardiolanın dövründə fırtına kimi əsən, amma zaman keçdikcə rəqibləri üçün asanlıqla oxunan "kitab"a çevrilən "Barselona" yadınızdadı? Həmin o "Barselona" Avropanın nəhənglərini diz üstə çökdürüb bir gün "Nou Kamp"da Kazan "Rubin"inə təslim olmuşdu. Sıradan bir məşqçi – türkmən Kurban Berdıyev dünyanın ən güclü klubunu "oxumağı", dayandırmağı bacarmışdı.

Hə, bir də, onu da unutmayaq ki, "Qarabağ" son mövsümdə Azərbaycan futbolu tarixində ən zəif çempionatın qalibi oldu. "İnter"in, "Neftçi"nin, "Xəzər Lənkəran"ın vaxt keçirdiyi, AZAL-ın, "Bakı"nın, "Simurq"un, "Sumqayıt"ın süründüyü, "Qəbələ"nin sonradan ayıldığı bir çempionatın rəqabət görməyən çempionu oldu "köhlən atlar".

Öncə – Sakitlik

Məncə, biz Bakıdakı 0:0-lıq nəticədənsə, "Rudar"ın gözləniləndən də möhkəm komanda olmasına görə narahat olmalıyıq. "Qarabağ" zatən uzun zamandı doğma divarlar arasında qələbə qazanmır, səfər komandasına çevrilib. Məyər ötən Avropa Liqası mövsümündə "köhlən atlar" "Tvente" səddini səfərdə keçməmişdi? Ya bəlkə "Dnepr"i Ukraynada məğlub etməmişdik? Sakitləşmək lazımdı.

"Qarabağ" necə oynamalıdı?

"Rudar"ın doğma meydanda irəli atılacağını, bununla da "Qarabağ"a istədiyi hücumları qurmaq üçün boş zonalar yaradacağını düşünmək sadəlövhlük olar. Rəqibin baş məşqçisi Mirko Mariç Bakıda ona sərf edən nəticəni qazandıran ağlını itirməsə, komandası Monteneqroda da təxminən eyni üslubda oynayacaq – daha çox əks-hücumlara bel bağlayacaq. "Köhlən atlar" məhz buna görə də, səfərdə Bakıdakından daha az aqressiv olmalı, müdafiəni daha çox düşünməlidi. "Qarabağ"a bir qol lazımdı, sadəcə bir qol. O qolu vurmaq üçün ilk dəqiqələrdən irəli atılmaq yox, zaman keçdikcə təzyiqi artırmaq lazımdı. Bakıdakı oyun da göstərdi ki, "Rudar" fiziki cəhətdən ideal formada deyil, yorulur. Bunu da nəzərə almaq şərtiylə, Qurban Qurbanov əvəzetmələri dəqiq, qüsursuz həyata keçirməlidi.

"Rudar"ın baş məşqçisinin Reynaldo, Almeyda kimi futbolçuların Bakıda əl-qolunu "bağladığını" da unutmamalıyıq. Bunu qətiyyən gözardı etmək olmaz. Rəqib "Qarabağ"ın əsas silahlarının "sambaçılar" olduğunu düşünürsə, o zaman onlara gözləmədikləri "silahlar"dan atəş açmaq olar. Əminəm ki, Qurban Qurbanov artıq bu haqda düşünüb və yəqin bir planı var.

Növbəti mərhələyə vəsiqə cibimizdə deyil!

Bunu "Qarabağ"ın futbolçularından tutmuş, sıravi azarkeşədək hər kəs bilməlidi: "Rudar" asan yem deyil və artıq bunu Bakıda sübut etdi. "Köhlən atlar" Monteneqro çempionuna qarşı maksimum istəklə mübarizə aparmalıdı. Elə mətbuat da, azarkeşlər də nəhayət, "Qarabağ"ın elə ilk mərhələdəcə mübarizəni dayandıra biləcəyi fikrini yaxına buraxsalar, yaxşı olar. Azərbaycan çempionunun Çempionlar Liqasının növbəti mərhələsinə vəsiqəni cibində gəzdirdiyini düşünmək: bu, bizi uzağa aparmaz.

İndi hər kəs bir yumruq kimi "Qarabağ"ın ətrafında birləşməli və "Rudar" səddini keçmək üçün əlindən gələni əsirgəməməlidi. "Qarabağ" meydanda, jurnalistlər və azarkeşlər isə monitor, ekran qarşısında.

Rəşad ERGÜN

Fikirlərini bizimlə bölüş!