“İnter”lə oyundan sonra çempionluğu təmin edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun duyğusal şəkilləri saytları, sosial şəbəkələri başına almışdı. Qurban bəy, hönkür-hönkür ağlayırdı. İlk baxışdan normal yanaşmaq lazımdı. Hətta bir qədər duyğusal insanlar bu görüntülərə romantik çalarlı münasibət də bildirməkdə haqlıdılar. Qurbanovun komandası ən azı 3 il çempionluğa layiq olsa da, çempion ola bilmirdi. Nəhayət ki, bu il oldu. Məşqçinin hisslərinə hakim ola bilməməsini də bu əməyin bəhrəsinin görüntüsü kimi yozmaq olardı. Amma…
Amma “Qarabağ” 3 il sərasər çempionluğa layiq ola-ola niyə çempion ola bilmirdi” sualı da asılıb qalır adamın dilinin ucunda. Deməmək olmur. İcazə vermirdilər. “Qarabağ”ın çempionluğu icazəli çempionluqdu. Buna “Sumqayıt”la oyundan sonra bir daha əmin oldum. “Qarabağ” icazəli çempionluğunu ləkələdi Sumqayıtda.
Hələ qarşılaşmadan əvvəl “Qarabağ”ın “Sumqayıt”a bilərəkdən məğlub olacağı xəbəri ölkəni başına götürmüşdü. Hətta azərbaycanlıları dolayan “Topaz” da “Qarabağ”ın Azərbaycanı dolayacağından duyuq düşmüşdü.
“Qarabağ” “Sumqayıt”a bilərəkdən niyə məğlub olmalıydı? Ramin Musayevlə Elxan Məmmədovun maraqları belə tələb edirdi. Bir halda ki, bu şəxslər “Qarabağ”a çempion olmağa icazə vermişdilər, bu çempionluq Qurban Qurbanovu hönkür-hönkür ağlamağa məcbur etmişdi, onda izacə verənlərin marağını təmin etmək mütləq idi.
Bilirəm, bu yerdə bəziləri “Qarabağ” əvəzedici heyəti buraxmışdı, aparıcı futbolçularına istirahət vermişdi” kimi bambılı arqumentlər gətirəcəklər. Siz Allah, buraxın belə söhbətləri. Vüqar Nadirov, İlqar Qurbanov, Gelaşvili, Namiq Yusifov, Rəşad Sadıqov, Maksim Medvedev, Bədavi Hüseynov, Muarrem Muarremdi əvəzedici heyət üzvləri? Yadınıza salıram, “Qarabağ” əvəzedici heyətlə “Qəbələ”ni məğlub etmişdi. İstəsəydi, bu heyətlə “Sumqayıt”ı da asanlıqla məğlub edərdi.
İstəsəydi…
Amma istəmədi. İstəsəydi, Qurban Qurbanovla Ramin Musayevin dostluğuna kölgə düşərdi. Dostluğa kölgə salmaq olmaz, bu, mentalitetimizə ziddi. Amma “Qarabağ”ın şərəfinə tüpürmək olar. Buna görə kiməsə nəsə deməzlər. “İnter”lə oyundan sonra axıdılan göz yaşlarının altında gizlətməyə çalışdılar bu ləkəni.
“Sumqayıt”la oyundan əvvəl “Qarabağ”ın bilərəkdən məğlub olacağı deyilirdi. “Qarabağ” bu söz-söhbətin yersiz olduğunu sübut etmək üçün baş katibin orta yaş həddi 26 olan “gənc” və qıltır komandasına qalib gəlməliydi.
Qurban Qurbvanov onun komandasına çempion olmağa icazə verən şəxsin sözündən çıxa bilmədi. Ola bilsin ki, belə çempionluq “Qarabağ” rəhbərliyinə, Qurban Qurbanova lazımdı. Amma futbola lazım deyil… Bu ölkənin xarabaya qoyulmuş futbol təsərrüfatında hansı mütəxəssisin ətəyindən yapışıb sağlam rəqabət umursansa, fıs çıxır. Bu da belə getdi… Qurbanın göz yaşlarına inanmayın!




Fikirlərini bizimlə bölüş!