O vaxt belə idi. Biz Çempionlar Liqası haqda radiodan eşidərdik, televizorda kiçik reportajlar görərdik. Heç yadımdan çıxmaz, bir gün səhər məktəbə gələndə rəhmətlik Həzi müəllim məni yanına çağırdı, “xəbərin var, “Dinamo” “Barselona”nı 3:0 uddu” dedi. Cavab qarşılaşmasındakı 0:4 haqda isə mənə xüsusi həvəslə danışıb, sonra da qəzetdəki reportajdan bir cümləni oxudu: “bu qol həm də o demək idi ki, 21 yaşlı Şevçenko “Barselona” ilə oyunda “het-trik”ini rəsmiləşdirdi”. Biz Çempionlar Liqasını sevməyə belə başlamışıq. Onu da yaxşı xatırlayıram ki, bir dəfə “Qalatasaray”ın “Barselona” ilə qarşılaşmasına baxmaq üçün qonşu kənddəki dostumgilə piyada getmişdim.
Çempionlar Liqası təkcə bir futbol yarışı deyil. Həm də möhtəşəm bir sənət əsəri, milyonlarla insanın diqqətini çəkən televiziya tamaşası, ssenarisi olmayan filmdi. Onun himni belə səslənəndə, insanı sözlə izahı çətin olan hisslər ağuşuna alır, bir anlıq bu dünyanı problemləri, dərd-səri ilə birlikdə unudursan. İllərdi izləyirik, dinləyirik, sevdiyimiz klublara azarkeşlik edirik. Kimsə “Qalatasaray”, başqa birisi “Mançester Yunayted”, digəri də “Real”la “Barselona” üçün həyəcan keçirir. Həmişə də ürəyimizdə bir arzu, kövrək ümid olub. Arzulamışıq ki, nə vaxtsa Azərbaycan çempionu da bu möhtəşəm futbol bayramının bir parçasına çevrilsin, bizim stadionlarda da o möhtəşəm Çempionlar Liqası himni səslənsin, qitənin adlı-sanlı komandalarını, məşhur futbolçuları Bakıda görək.
Arzular reallaşanda, xəyallar gerçəkləşəndə daha gözəl olur. Necə ki, bizim Çempionlar Liqası ilə bağlı arzularımız da reallığa çevriləndə möhtəşəm hisslər keçirdik, sevincimizdən çılğına döndük, kövrəldiyimizi gizlətməyə çalışdıq. Özü də bu hissləri yaşayanlar təkcə futbolla dərindən maraqlananlar, top oyununa maraq göstərənlər, “Qarabağ”a azarkeşlik edənlər deyildi. “Qarabağ” bütün Azərbaycanı sevindirməyi, böyük arzular və hədəf ətrafında birləşdirməyi bacardı. Sıravi azərbaycanlıdan tutmuş ölkə prezidentinə qədər “Qarabağ”ın zəfərini, böyüklər sırasında adına yazdırmasını eyni fəxarət hissi ilə qarşıladı, bu sevinci paylaşdı. İnsanlarda böyük hədəflərə çatmağın mümkünlüyü haqda inam yarandı. Qurban Qurbanov və futbolçuları bir andaca ölkə gündəminin əsas adamına, millətin fəxrinə, neçə-neçə azyaşlının kumirinə çevrildi.
Qrupumuz ən çətinlərdən sayılsa da, “Çelsi”, “Roma” və “Atletiko”nun bizə rəqib olması də böyük şans idi. Məlum məsələdi ki, belə komandaların mübarizə apardığı qrup daha çox diqqəti cəlb edir, onların iştirakı ilə keçirilən oyunlar seçim qarşısında qalan azarkeşlərin böyük qisminin tələblərinə cavab verir. Bu mənada əminliklə demək olar ki, “Qarabağ”ın iştirakı ilə keçirilən qarşılaşmalar Çempionlar Liqasının qrup mərhələsində itib-batmayıb, dünyanın bir çox ölkələrində özünə auditoriya toplaya bilib. Məlum məsələdi ki, “Spartak”ın əvəzinə “Çelsi” ilə qarşılaşmaq, “Leypsiq”dənsə, “Roma” ilə “Atletiko”ya rəqib olmaq hərtərəfli sərfəli idi. “Qarabağ”ın qrupu xalsız və qolsuz başa vurmaması, adlı-sanlı Madrid klubuna uduzmaması isə çempionumuzun boyundan yuxarı tullanması idi. Hələ “Roma” ilə Bakıdakı oyundan sonra bütün Avropanın bizə münasibəti dəyişmiş, rəqiblərimizin ehtiyatlanması hiss olunmağa başlamışdı. Hadisələrin sonrakı axarı bunun heç də əbəs olmadığını, “Qarabağ”ın Çempionlar Liqasının qrupunda qola da, xala da layiq olduğunu isbatladı.
Artıq bütün bunlar barədə keçmiş zamanda danışmağa məhkumuq. Nə qədər çətin olsa da, builki avrokubok mövsümünün bizim üçün bitdiyini deməliyik. Düzdü, nəticələr tarixdə qalacaq və “Qarabağ”ın göstərdiyi bu hünər uzun müddət unudulmayacaq. Eyni zamanda Avropada Azərbaycan futboluna münasibətin də dəyişəcəyi, bundan sonra “Qarabağ”ın timsalında bizə daha hörmətlə yanaşacaqları şübhəsizdi. Özümüz də “Qarabağ”ın çıxışını hələ bir müddət təhlil edəcək, qazandığımız təcrübəni incələyəcək, səhvləri ortaya çıxarmağa çalışacağıq. Amma təkcə bunlar olmamalıdı. Artıq Azərbaycan futbolunda yeni mərhələ başlayıb, bunu yarıda saxlamamalı və davamını gətirməliyik.
Bundan sonra hər şey fərqli olmalıdı. “Qarabağ”ın uğuru özümüzə inanımızı artırmaqla yanaşı, məsuliyyətimizi də çoxaltdı. Təkcə futbolçular və məşqçilər yox, mətbuat da, azərkeşlər də bu təcrübədən özlərinə vacib olan məqamları müəyyənləşirməli, ondan faydalanmalıdılar. Biz bir mərhələnin sonuna gəlmişik. Bu son həm də yeni mərhələnin başlanğıcıdı. Daha yaxşıya çalışmalı, hədəfləri yüksəltməliyik. Birvaxtlar xəyalında olduğumuz, fotoşəkillərdə baxdığımız, himnini eşidib, özünü televiziyadan canlı izləmək üçün min bir əziyyətə qatlaşdığımız Çempionlar Liqası adlı futbol möcüzəsini Bakıya qədər gətirə bildik. Möcüzəni “Qarabağ” gercəkləşdirdi. Davam etdirmək, yükəsldiyimiz səviyyədə duruş gətirmək lazımdı. Çətin tapşırıqdı, amma mümkünsüz deyil. Bundan sonrası təkcə “Qarabağ”ın yox, bir toplum olaraq hamımızın borcudu. Azərbaycan çempionatının səviyyəsini yüksəltməli, rəqabəti artırmalı, tribunaları doldurmalıyıq. Daha keyfiyyətli yazılar yazmalı, futbolumuzun problemlərini dərindən araşdırmalı, onların həlli yollarını tapmalıyıq. Futbolu bölgələrə qaytarmalı, kütləviləşdirməli, infrastrukturu lazımı səviyyəyə çatdırmalıyıq. Mümkündü, əmin olun. Sadəcə, hər kəs üzərinə düşəni etməlidi. Hazırıq?!
Amal ABUŞOV
“Qarabağ”dan əvvəl və sonra




Fikirlərini bizimlə bölüş!