Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“Qarabağ”ı ÇL-in qrupunda görəcəyikmi?

Həftəsonu azarkeşlərimiz əvvəl bir, indi iki dövlət olan Çexiya və Slovakiyadan sevindirici xəbərlər aldı. "Jilina"nın heyətində Çempionlar Liqasında debüt edəcək Ramil Şeydayev Slovakiya çempionatının son turunda meydanda 29 dəqiqə olmasına baxmayaraq, iki qol vurdu. Bu isə yığmanın əsas forvardının Şimali İrlandiya ilə taleyüklü oyuna yaxşı əhval-ruhiyyədə gələcəyi deməkdi.

İkinci və daha önəmli xəbər isə "Slaviya"nın Çexiya çempionluğunu rəsmiləşdirməsidi. Məsələ burasındadı ki, "Slaviya"nın reytinqi "Qarabağ"dan aşağıdı. Bu isə klubumuzun növbəti ÇL-də yalnız ikinci yox, həm də 3-cü təsnifat mərhələsində daha güclülərin olduğu “səpələnmişlər” arasında yer alacağı deməkdi. Onu da qeyd edək ki, bu, futbol tariximizdə bir ilk olacaq. İndiyəcən heç vaxt Azərbaycan çempionu bu mərhələdə “səpələnmişlər” arasında olmayıb.

"Qarabağ"ın prezidenti Tahir Gözəl "biz həm özümüz işimizi ən yüksək səviyyədə görürük, həm də qismət məsələlərinə çox inanırıq" tipli açıqlama vermişdi. Ramazan ayının ilk günündə "Qarabağ"ın 3-cü mərhələdə də “səpələnmişlərdən” olmasının bilinməsi bəlkə də Allahın bir lütfü idi. Yəni bu dəfə qismət məsələsinin öncədən çox yüksək səviyyədə alındığını deməliyik. Davamını isə artıq klub özü gətirməlidi. Səmimi etiraf etmək lazımdı ki, bu artıq "Qarabağ"ın, ümumiyyətlə, Azərbaycan çempionunun ÇL-in qrupuna düşmək üçün son şansıdı.

Ən azı yaxən gələcəkdə. Belə ki, növbəti mövsümdən reytinqi zəif ölkələrin ÇL-in qrupuna düşməsi sırf möcüzəyə bağlı olacaq. İşləri qəlizləşdirən UEFA-nın qitənin əsas klub turniri ilə bağlı etdiyi dəyişikliklərdi. İndi "Qarabağ"ın ÇL-in qrupuna düşməsi üçün 3 rəqibi keçməsi kifayətdisə, gələn mövsümdən bunun üçün 4 mərhələ adlamaq lazım gələcək. Gələn mövsümdən seçmə mərhələdən qrupa vəsiqə qazanan çempionların da sayı azalacaq. UEFA reytinqinin önündə olan ilk 10 ölkədən başqa qalan ölkələrin çempionları qrupa düşmək şansı verən 4 yer uğrunda ölüm-dirim savaşı aparacaq. Yəni açıq etiraf etmək lazımdısa, bu, Azərbaycan çempionunun ÇL-də qrupa düşmək üçün son şansıdı…

Növbəti mövsümdən Avroliqanın qrupuna düşmək isə ölkə çempionlarının "cibində" olacaq. Belə ki, ÇL-də elə ilk mərhələdəcə mübarizəni dayandıran ölkə çempionu Avroliqada mübarizəyə davam edəcək. Bu isə o deməkdi ki, çempionumuzu gələn ildən daim Avroliqanın qrupunda görəcəyik.
Bəs "Qarabağ" bu "son şans"dan yararlana biləcəkmi? Azarkeşlərin xəyalları gerçəyə çevriləcəkmi?

Yuxarıda vurğuladığım kimi, komandamızın püşk sarıdan bəxti gətirib. Amma komanda özü hələlik transfer bazarında çox passivdi. Adı "Qarabağ"la hallanan futbolçular da "ÇL qrupu" məqsədini həll edəcək səviyyədə görünmür. İtaliyanın aşağı liqasından, "Gənclərbirliyi"nin ehtiyatından alınan oyunçularla bu hədəfə çatmaq işi yenə mövüzəyə buraxmaqdı. Bəs "Qarabağ" nə etməlidi?

Tahir Gözəl kubok finalından sonra məqsədin ÇL-in qrupu olduğu və bunun üçün Qurban Qurbanova istədiyi qədər vəsait ayrılacağını demişdi. Belə olan halda niyə aşağı liqalarda, hansısa mənasız komandaların ehtiyatında oyunçu axtarılır? Düzdü, Reynaldo da ehtiyatdan gəlmişdi. Amma "Anderlext"in ehtiyatından. Avropanın say-seçmə klublarında heyətə düşməyənləri, əlbəttə, yenə almaq olar. Amma dediyim kimi hələlik "Qarabağ"ı ÇL-in qrupuna daşıyacaq oyunçuların adını eşitmirik. Bəlkə də bu klubun gizli taktikasıdı.

Tam əminliklə deyə bilərik ki, bu "Qarabağ" öncəkilərdən daha zəifdi. Artıq klubda Reynaldo səviyyəsində bir futbolçu belə yoxdu. Dani çətin əvvəlki formasına qayıda. Almeyda da əvvəlki deyil…

Əlbəttə, klubda ÇL-in qrupuna düşəcəkləri təqdirdə nə qədər pul qazanılacağını daha yaxşı bilirlər. Bu məbləğə yetərincə səviyyəli futbolçular transfer etmək olar. İkincisi, bu təkcə qazanc məsələsi olmamalıdı. Bu artıq bir qürur məsələsidi. Və yalnız klubun yox, bütün ölkənin!

İslam Oyunları, Avropa Oyunları kimi yarışlardan bir klubumuzun – həm də "Qarabağ" adını daşıyanın – ÇL-in qrupunda oynamasının ölkə adına qat-qat önəmli olduğunu anlamaq üçün çox ağıllı olmaq da lazım deyil!

Anar ŞABANOĞLU

Fikirlərini bizimlə bölüş!