,

“Qarabağ”ın qara forması: Mif və gerçəklik arasında

“Qarabağ” yarandığı gündən Azərbaycan xalqı üçün rəmzi və prinsipial məna kəsb edib. Erməni işğalı dövründə bu ad xüsusilə həssas bir dəyərə çevrildi. Qəhrəman oğullarımızın sayəsində torpaqlarımız azad edilsə də, “Qarabağ”ın önəmi heç azalmayıb. Odur ki, Ağdam təmsilçisiylə bağlı hər bir nüans xüsusi diqqət tələb edir.

27 illik işğal dövründə klubun ətrafında çoxlu əfsanələr dolaşıb. İndi bu əfsanələr ya mifə çevrilib yoxa çıxa, ya da əksinə, gerçək və təsirli bir hekayəyə dönə bilər. Çox şey “Qarabağ” klubunun göstərəcəyi mövqedən asılıdır.

Bu hekayələrdən biri komandanın forması, daha doğrusu, rəngləri ilə bağlıdır. “Köhlən atlar”ın qara geyim dəstinə üstünlük verməsinə azarkeşlər rəmzi bir məna yükləyiblər. Onlar işğal altındakı torpaqlara görə matəm rənginin seçildiyini düşünməyi xoşlayırlar – necə ki, “Beşiktaş” Balkan müharibəsində itirilən torpaqlara görə “Qara Qartal” adlanıb.

Əslində isə “Qarabağ” klubunun əsas rəngləri tünd göy və kremdir; rəsmi brendbuklarında da belə göstərilib. 2001-ci ildən “Azərsun Holding”in himayəsinə keçdikdən sonra qara rəngdən tez-tez istifadə olunmağa başlandı. Bunun səbəbi qaçqınlıq həyatını vurğulamaq yox, sadəcə, estetik seçim və zövq məsələsi olub.

Amma azarkeşlərin bu rənglərə verdiyi rəmzi mənanı gerçəyə çevirmək və ona daha dərin bir anlam qatmaq, əslində, çox asandır – əgər klub rəsmilərinin buna həvəsi varsa. Məsələn, komanda yenidən tikilməkdə olan “İmarət” stadionunda ilk matçına çıxanda elan edə bilər ki, doğma yurda qayıtdıqları üçün bu gündən etibarən qara rəngdən imtina edirlər. Və dərhal bu gözəl nağıl bütün dünya mediasını bəzəyərdi…

Təəssüf ki, klub rəhbərliyinin belə məqamlara lazımınca diqqət yetirdiyini demək çətindir. Komandanın əfsanəvi kapitanı və baş məşqçisi Allahverdi Bağırovla bağlı fakt yetərincə qabardılmır. Yalnız azarkeşlərin sayəsində bu klubun milli qəhrəmanın komandası olduğu unudulmur. Şəhid olmuş tərəfdarların da adı az hallanır.

Həmçinin klubun gerbində yer alan Qarabağ atlarına daha çox vurğu etmək olardı. Jurnalistlər “atlılar”, “süvarilər” deyə ləqəblər qoşublar, lakin bundan o tərəfə keçilməyib. Məsələn, çempionluq mərasimində və ya Çempionlar Liqası matçları zamanı Azərbaycanın fəxri olan bu cins atların nümayişini heç vaxt görməmişik.

“Qarabağ”da az qala hər şey ikonikdir – dəyərini bilən olsa. Təəssüf ki, nə qədər uğurlu olsalar da, Tahir Gözəl və ətrafı bu dəyərlərdən uzaqdırlar. Gəlişigözəl və süni sözlərə aldanmayın. Dövlət məcbur etməsə, onların “Qarabağ”ı doğma el-obasına aparacaqlarına da inanmıram. Yoxsa Ağdamda deyil, Bakıda akademiya tikmək üçün torpaq axtarmazdılar…

Turan ŞAHSEVƏNLİ


Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!