Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Qarışıq fikirlər

"Neftçi"də yaxından tanıdığım iki nəfər var. Hər ikisi işini bilən, yüksək keyfiyyətli kadrlardı. Eldəniz Yusifov illərdi AZAL-ın, demək olar, bütün işlərini təkbaşına görən işgüzar və peşəkar biridi. Bunu bütün futbol ictimaiyyəti bilir. Əminəm, premyer-liqanın hər bir klubu Eldəniz kimi kadr arzulayır.

Eyni sözləri Rüstəm Əfsərli haqda da deyə bilərəm. Rüstəmlə virtual tanışlığımız sports.ru saytında oxuduğum bir yazısından sonra başlayıb. Yazı o qədər ləzzət etdi ki, idman jurnalistikamıza yeni və çox böyük bir istedadın gəldiyini zənn etdim. Bu haqda keçmiş həmkarım və o zaman məndən fərqli Rüstəmi şəxsən tanıyan Elsevər Paşayevə də demişdim. Real tanışlıqdan sonra zənnimdə yanılmadığıma əmin oldum. Rüstəmin qələmini də, radiodakı çıxışlarını da, TV-də aparıcılığını və şərhçiliyini də çox bəyənirəm. Hətta sevirəm də demək olar. Başqa ölkədə doğulsa, televiziyalar ona görə milyonlardan keçərdi. Adam TV üçün doğulub sanki. Amma yeni vəzifəsinin öhdəsindən də layiqincə gəlir və gələcək.

Rüstəmdən əvvəl də "Neftçi"də yetərincə istedadlı gənclər vardı. Məsələn, Mehman Rəsulov. "Neftçi"nin özünə gəlməsi, "Qarabağ" və "Qəbələ" ilə rəqabətə girməsi üçün hər sahədə belə peşəkar kadrlar olmalıdı! Klubda ciddi islahatlar aparılmalıdı! Əsas komandanın bir çox futbolçularından tutmuş nəticəyə təsir edəcək vəzifələrdə olan bəzi "zəif bəndlər"ə kimi öz səviyyələrinə uyğun yerlərə getməli, yeni nəfəs gəlməlidi.

Bəlkə də tələsirəm. Amma cəmi 2 tur keçsə də, "Neftçi"yə "təcili yardım" gərəkdiyi hissi var… Köhnə-yeni dələduzlar, acgözlüklə klubu ələ keçirib büdcəsini "sağmağı" düşünən dəllallar yox, klubun adını, tarixini, futbolumuzu sevən gənc kadrlar lazımdı. Futbolumuzun, ümumiyyətlə, ölkədəki "yeyinti” sisteminin çirkabına bulaşmamış yeni kadrlar. Sözsüz, belə entuziastlar var. Xaricdə təhsil almış, dünyagörüşü fərqli, saf, amma peşəkar gənc kadrlardan faydalanmaq lazımdı!

Yeyinti, rüşvət, day-day, tapşırıq və bu kimi başqa mental axsaqlıqlardan qurtulmasaq, nə "Neftçi"nin, nə başqa hansısa klubumuzun, ümumiyyətlə, futbolumuzun heç bir gələcəyi olmayacaq. Klassik Azərbaycan variantları ilə müvəqqəti uğur qazanacaq "qoca qurdlar"a yox, yaltaqlıqdan uzaq, vəzifəsinə əyri yollarla varlanmaq mənbəyi kimi baxmayan müasir gənclərə meydan verilməlidi.

Deyəsən, çox uzağa getdim…O zaman qayıdaq geriyə …gələcəyə. "Qarabağ"ın "Kopenhagen" üzərində qələbəsindən sonra Türkiyə telekanallarından birində yayımlanan verilişdən Azərbaycan çempionu və baş məşqçi Qurban Qurbanov haqda xoş sözlər söylənən hissəni çoxunuz sosial şəbəkələrdən və saytlarımızdan izləmisiz. Mənim diqqətimi xüsusi çəkən məqam "Həmdi Sərpil Tüzün və Əli Yavaşı apardılar" yeri idi. Tanımayanlar varsa, bu iki adamın Türkiyə uşaq futbolunun babası, atası və hər şeyi olduğunu deyim. Tanıdığınız və sevdiyiniz az qala bütün ulduz türk futbolçuları bu mütəxəssislər kəşf edib. Həmdi hoca "Qarabağ"da çalışanda dostlardan biri ağzından köpük tökülə-tökülə deyirdi ki, o futbolçunun yerişinə baxan kimi deyir ki, səndən futbolçu olacaq, ya olmayacaq! Bax, belə dahilər lazımdı futbolumuza. Konstantin Abramenko rəhmətə gedəndən sonra sanki "Gəncə futbol konveyeri" bağlandı…

…"Neftçi" də legionerləri topdan göndərib belə uşaq mütəxəssisləri gətirsə, 3-5 ilə ölkə hüdudlarından kənara səs salar. Elə başqa klublarımız da. Məsələn, "Səbail"in legionerlərindənsə, bir babat əcnəbi uşaq futbolu mütəxəssisi olsaydı, klubun gələcəyinə yönəlik doğru bir addım atıldığını deyə bilərdik.

Nə qədər ki özümüzdə yeni Kostya dayılar yetişmir, ən doğru addım xaricdən kütləvi şəkildə uşaq futbolu mütəxəssisləri gətirməkdi. Amma yoldan keçəni və yeyinti variantı daha çox olanları yox, Həmdi Sərpil Tüzün və Əli Yavaş kimiləri! Paralel şəkildə yerli uşaq futbolu mütəxəssislərinin yetişdirilməsinə xüsusi önəm verilməlidi. Nə isə, deyəsən, qarışıq və çox danışdıq…

Fikirlərini bizimlə bölüş!