Araz Abdullayev. “Neftçi”nin və milli komandamızın futbol oynamağa çalışan üzvü. Futbolçu sözünü özüm yazmadım. Messiyə də futbolçu deyim, Araza da? Ona görə elə futbol oynamağa çalışan deyim.Ya da belə deyək, Azərbaycan çərçivəsində futbolçu. Bu cür deyək, nə Araz yansın, nə də Messi.
Həmin bu Azərbaycan çərçivəsində olan futbolçu yenə tərbiyəsizlik edib. “Sumqayıt”a uduzmağını demirəm. Futboldu,komanda udar da, uduzar da. “Barselona” kimi komanda da autsayderə uduzur. Heç çempionluğun əldən çıxmasına görə də onu qınamıram. Hər il “Neftçi” çempion olmalı deyil ki. Amma azarkeşi təhqir etmək… Bax bunu heç bir futbolçuya bağışlamaram. Şəxsən mənim üçün Abdullayevin o hərəkəti qeyri-adi gəlmədi. Azərbaycan səviyyəsində yaxşı futbol oynamaq hələ yaxşı insan olmaq anlamına gəlmir. Bu gün bu yazını yazarkən istər jurnalist, istərsə də sadə azarkeş tanıdıqlarımın çoxuna bu sualı verdim ki, “Araz necə insandır?”. Hamısı bir ağızdan dedi ki, özündənrazı, yekəxana, “tirpaş”, bir sözlə, insan kimi sıfır”. Əslində, mən bunu özlüyümdə çoxdan qəbul etmişdim. Sadəcə, dedim bəlkə yanılaram. Amma gördüm ki, yox, yanılmıram.
O, hələ vaxtilə ona dəstək olan, futbol ictimaiyyətinə tanıtdıran, milliyə çağırmadığı üçün Berti Foqtsla hər mətbuat konfransında dava-qırğına çıxan mətbuata qarşı hörmətsizlik edəndə, onun necə insan olduğunu görmüşdüm. Deməli, günah biz jurnalistdədi ki, belə bir insanı vaxtilə dəstəkləyib milliyə gətirmişik.
Günah həm də Sadıq Sadıqovdadır. Bəli, bəli, “Neftçi”nin prezidenti Sadıq Sadıqovda. Çünki Arazın qudurğanlığının, tərbiyəsizliyinin bu həddə çatmasında klub prezidenti kimi, onun da böyük günahı var. Bu gün Araz etdiyi cinayətə görə, içəridə “yatmalı” idi. Amma Sadıqov heç atanın doğma oğluna etmədiyi yaxşılığı etdi və Abdullayevə zamin duraraq onu azadlığa çıxardı. “Azadlığa çıxardı” deyəndə ki, Sadıqov heç Arazı içəridə qalmağa qoydu ki? Bu gün adam vurdu, gecə getdi polis bölməsində izahat verdi, sabah məşqə çıxdı. Klub prezidenti heç olmasa 1 ay bu harınlamış avtoş-cinayətkar-futbolçunu içəridə “yatırdardı” ki, bir azca burnu ovulardı. Yaxşı, deyək ki, Sadıqov fikirləşib gəncdir, gələcəyi qabaqdadır, bir qələtdi eliyib, bir də eləməz və onun azadlıqda qalmasını təmin edib. Arazın yerinə kim olsa, bu yaxşılğın qarşılığını vermək üçün hər şeyə tövbə edər və ömrünün sonuna kimi canını “Neftçi”nin uğrunda qoyardı.
Ancaq aradan bir az keçən kimi, hər şey unuduldu və yenə avtoxuliqanlıq başladı. Nəticədə ötən həftə eşitdik ki, yenə nə hoqqa çıxardıbsa, maşınını polislər saxlayıb və cərimə meydançasına aparıb. Deməli, Sadıqov onu içəridən çıxartmaqda səhv iş görüb. Çünki belələri yaxşılıqa qanmır.
Bunlar da qoyuram bir qırağa və gəlirəm futbolçunun son tərbiyəsizliyinə. Bir futbolçu nə qədər qudurmalı, öz klubuna, geyindiyi formaya nə qədər xəyanət etməlidir ki, onu dəstəkləyən, daim arxasında duran azarkeşə söyməlidir. Amma Araz bunu da etdi. Özü də atası yaşında kişiyə. Kim verib ona bu haqqı? Araz bu kluba nə verib ki, onun azarkeşini də təhqir edir? Yoxsa özünü futbolçu sayır? Xeyr, futbolçu Mxıtaryandı. “Borussiya” kimi klubda oynayır.
Sonda məsələ ilə bağlı yekun fikrimi bildirmək istəyirəm. Məncə, Araz artıq “Neftçi”də oynamağa layiq deyil. Heç bir futbolçu “Neftçi”dən, onun atributlarndan və ən əsası, azarkeşlərindən yüksəkdə dayana bilməz. Bunlar 75 illik əmanətdir. Bu əmanətə xəyanət edənin isə “Neftçi”də yeri olmamalıdır. Sadıq Sadıqov da qəbul etsin ki, Araz ona olan inamı, etibarı çoxdan itirib. Əgər Sadıqovun fikrincə, Rəşad Sadiqov aldığı pulun qarşılığını öz oyunu ilə vermədiyi üçün xəyanətkardırsa, o zaman şərəfini qoruduğu klubun azarkeşini təhqir edən Araz xəyanətkarın yekəsidir. Xəyanətkarı isə komandada saxlamazlar.
Anar XANLAROV




Fikirlərini bizimlə bölüş!