Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Qoyun ilinin ağır söhbəti

Şükür edirsiz, hə, bir qoyun ilində də yaşaya bildiyinzə görə? Qoyun ilində yaşamaq asandı ey, çətin olan qoyun ilində qoyun təfəkküründən, qoyun mənəviyyatından qurtulmaqdı. Kim qoyun təfəkküründən xilas oldu, kim hələ də qoyun mənəviyyatı ilə yaşayır?

Yadımdadı, 2014-cü ilin son ayları idi. Azərbaycan qoyun ilinin gəlişinə hazırlaşırdı. Özü də təntənəylə. Birdən xəbər yayıldı ki, Berti Foqts Azərbaycan yığmasının baş məşqçi postundan istefaya göndərilib. AFFA prezidenti Rövnəq Abdullayev "nemes"lə şəxsən görüşərək, onu istefa verməyə razı sala bilib. Hələ onda dalağım sancmışdı. AFFA rəhbərliyinin qoyun təfəkküründən xilas olacağına gümanım artmışdı. Necə də artmayaydı, 7 illik səhvi düzəltməyə özlərində cəsarət tapmışdılar axı. AFFA rəhbərliyi 7 illik səhvi 7 illik çaxır bilirdi. Çaxır qaldıqca keyfiyyətini artırır axı. Bunlar da elə bilirdi ki, səhvlər də qaldıqca futbolun keyfiyyəti artacaq.

O vaxtdan bir il ötdü. Qoyun ilinin son aylarında daha bir sevindirici xəbər eşitdik. AFFA "Dalğa Arena"nın süni örtüyünü dəyişib, təbii örtüklə əvəz edəcək. 2011-ci ildə arena istifadəyə verilərkən, AFFA rəhbərliyi örtüyün süni olmasını tənqid edənlərə belə cavab vermişdi: "Dalğa Arena" dənizə yaxın ərazidə yerləşib. Orda təbii örtüyün saxlanılması mümkün deyil". Amma qoyun ilinin sonunda məlum olub ki, mümkündü. Sən demə, arenanın yerləşdiyi məkanda təbii ot bitərmiş, hətta o otu qoyunlar da yeyə bilərmiş. Qoyun təfəkkürünün dəyişməsi deyil, nədi bu?

Qoyun ilinin təfəkküründən danışdıqsa, qoyun ilinin mənəviyyatından da danışaq. "Qəbələ" rəhbərliyi yerli futbolçuların pulunu mənimsəyir. Futbolçu pulunu istəyəndə "bu, mənəviyyat məsələsidi" deyirlər. Sən demə, bu komandada oynayarkən zədələnən futbolçu halal haqqını istəyə bilməzmiş. Buna onun mənəvi haqqı çatmırmış. Nədi, nədi meydana az çıxıb. Ancaq günahsız jurnalisti öldürən qatilləri müdafiə edərkən, "Qəbələ" rəhbərliyinin yadına mənəviyyat düşmür. Qoyun ilinin mənəvi dəyəri belə olur?

"Neftçi"nin keçmiş prezidenti Sadıq Sadıqov da qoyun ilində idman xadimi seçilir. Neftçilər Xəzər dənizində qırılan ərəfədə. Həmin ərəfədə ki, Sadıq Sadıqovun günahı ucbatından Azərbaycanın Emil Mpenzaya bir milyon manat ödəməli olduğu barədə xəbər gəlmişdi Avropadan. O pulu SOCAR ödəyəcək. Neftçilərin zəhmətiylə qazanılan vəsaitdən. Xəzər dənizində itkin düşən neftçilərin hamısına birlikdə ödəniləcək kompensasiya Mpenzaya veriləcək puldan təxminən iki dəfə azdı. Bu da mənəvi söhbətdi ha. Özü də çox ağır söhbət. Amma qoyun mənəviyyatına sahib olmayanlar üçün.

Bayramınız mübarək. Arzu edirəm ki, növbəti qoyun ilində də yaşayasız. Amma qoyun kimi yaşamayasız!

Fikirlərini bizimlə bölüş!