Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Qulağınızın dalını görərsiz

“Zenit”in baş məşqçisi Andre Villaş-Boaş Rusiya çempionatında tətbiq olunan legioner limitini kəskin tənqid edib. Rusiyada da limit eynən Azərbaycandakı kimidi – 6+5.

Rusiyalı mütəxəssislər limitin ölkə futbolunun inkişafına pis təsir etdiyini bildirərək, qadağanın aradan qaldırılmasına çalışırdılar. Ancaq Rusiya prezidenti Vladimir Putinlə bu ölkənin idman naziri və futbol federasiyasının prezidenti Vitali Mutko buna qarşı çıxdılar. Putinlə Mutko elə bilir ki, rusiyalı futbolçulara oynamaq imkanı versələr, 2018-ci ildə bu ölkənin yığması dünya çempionu olacaq. Amma bu adamlar Çempionlar Liqasında çıxış edən Rusiya klublarının oyununa yəqin ki, baxmırlar. Baxsaydılar, görərdilər ki, ruslar Avropada heç ortabab futbolçu statusunda da deyillər. Dumbiya, Əhməd Musa, Halk, Vitsel kimi legionerlər olmasaydı, Rusiya klubları heç Çempionlar Liqasının qrup mərhələsində də olmazdı.

Azərbaycanda da dəfələrlə 6+5 sisteminin dəyişdirilməsinin vacib olduğu gündəmə gəlib. Ancaq AFFA-ya nəzarət edən rusdillilər “böyük qardaşlar”ının getdiyi yoldan dönməyiblər. Yəqin ki, Rusiyada limit dəyişən kimi, Azərbaycanda da dəyişəcəklər. Rusca düşünənlər məhz bunu gözləyirlər. Amma hələ ki, limit var və klub futbolunun inkişafına ciddi zərbə vurmaqda davam edir. Baxın, “Qəbələ” Avroliqada başqa heyətlə, Azərbaycan çempionatında isə tam başqa heyətlə çıxış edir.

Roman Qriqorçuku Avroliqada legionerlərə güvənməkdə qınamağa haqqımız yoxdu. Çünki əlinin altında Avroliqda oynaya biləcək azərbaycanlı futbolçu yoxdu. İnanmırsızsa, bir il əvvəli xatırlayın. “Qəbələ” Avroliqanın ilkin təsnifat mərhələsində Bosniyanın hansısa komandasına hər iki oyunda məğlub oldu. Məğlub olmadı ey, biabır oldu. O komandada 9 yerli futbolçu vardı. Yadınıza düşdü? Amma Qriqorçuk özünün gətirdiyi ortabab futbolçularla ötən il biabır olan “Qəbələ”ni Avroliqanın qrupuna daşıdı. İndi bu yazıq ukraynalı neynəsin ki, Azərbaycanda ortabab səviyyəli futbolçu da yoxdu? Lütfən, “Qarabağ”dan, Qurban Qurbanovdan danışmayın. Qurbanovun 3-4 yerli futbolçunu oyun sisteminə hansı əzab-əziyyətlə alışdırdığı da gözümüzün qarşısında baş verib. Amma yenə də bu gün Avroliqada “Qarabağ”ın qapısına qolların əksəriyyəti məhz həmin yerlilərin səhvi ucbatından vurulur.

“Qarabağ” və “Qəbələ” Avroliqada bir, çempionatda tam başqa heyətlə oynayır. Bu da baş məşqçinin işinə təsir edir. İstər-istəməz oyunun keyfiyyəti aşağı düşür, xətlər arasındakı əlaqə pozulur. Avroliqada start heyətində yer alan legioner çempionat oyununda ehtiyatda qalır. Nəticəsi də o olur ki, “Qəbələ” AZAL-la oyunda xal itirir. Bu, Qriqorçukun günahı deyil ey, bu, “Qəbələ”nin yerlilərinin AZAL-ın yerlilərinə məğlubiyyətidi. Aşağı-yuxarı, hamısının səviyyəsi birdi.

Eyni problemləri Rusiyada “Zenit” də yaşayır. Ona görə də Villaş-Boaş Mutkonu kəskin tənqid edib. Villaş-Boaş avropalıdı. Onun üçün dövlət məmurunu tənqid etmək adi hal sayılır. Amma inanmıram ki, bizim məşqçilər limitin vurduğu ziyana görə naziri demirəm, Elxan Məmmədov statusunda olan funksioneri də tənqid edə bilsinlər. Heç bunu ukraynalı Qriqorçuk da etməz. “Qəbələ” rəhbərliyi yəqin ki, buna görə ona dəfələrlə xəbərdarlıq, xahiş-minnət edib.

Mutko elə bilir ki, rus futbolçuların Rusiya çempionatında meydana çıxması ilə dünya çempionu ola biləcəklər. Bədbəxt hələ də anlamır ki, dünya çempionu olan komandanın futbolçuları “böyük beşlik” ölkəsində top qovmalıdı.

Mutko 2018-ci ildə dünya çempionluğu əvəzinə qulağının dalını görəcək. Rövnəq Abdullayevlə Elxan Məmmədov da elə bilir ki, azərbaycanlı futbolçular Azərbaycan çempionatında oynamaqla yığmamız Avropa və dünya çempionatlarının final mərhələsinə vəsiqə qazanacaq. Qulağınızın dalını görərsiz!

Fikirlərini bizimlə bölüş!