Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Qurban Qurbanov günahkardırmı?

Azərbaycan dövlət bayrağı ilə bəzədilmiş tribunalar önündə keçirilən "Qarabağ" – "Monako" matçında qeydə alınan 1:1 hesablı heç-heçə çoxlarını narazı salıb. Buraxılan qolda ağdamlıların qapıçısı İbrahim Şehiçi günahlandıran kim, Əfran İsmayılova start heyətdə yerən Qurban Qurbanovu qınayanlar kim. Və nə yazıq ki, bütün bu tənqidləri rəqibin "Monako" olduğunu nəzərə almadan səsləndiririk, yazırıq.

Halbuki, Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi başa çatandan yaman şikayətlənmişdik. "Qarabağ"ın sanki Avroliqanın yox, Çempionlar Liqasının qrupun mərhələsində mübarizə aparacağını düşünürdük. Adlı-sanlı "Tottenhem", dəfələrlə Belçika çempionu olmuş "Anderlext" və Fransa Liqa 1-də yalnız zirvələr haqda düşünən "Monako" ilə təmsilçimizin eyni qrupda yer alması elə bunu da düşünməyə əsas verirdi.

Buna baxmayaraq, "Qarabağ" milyonlarla büddcəsi, bir futbolçusu Topaz Premyer Liqasında çıxış edən klubların ümumi maddi dəyərindən çox olan komandalara qarşı başa-baş mübarizə aparır. 4 oyundan sonra eyni sayda xal fikrimcə, yaxşı nəticədi. Bir halda ki, "Monako"nun baş məşqçisi Leonardo Jardim Bakıda qazanılan 1 xalı qələbəyə bərabər hesab edirsə, deməli, əlavə şərhə ehtiyac yoxdu.

Sadəcə, "Qarabağ" Azərbaycan futbol ictimaiyyətini və azarkeşləri pis vərdiş etdirib. Bəzən heyət, bəzən iradə və bəzən də əzmkarlıq sayəsində ciddi rəqibləri Tofiq Bəhramov adına Respublika stadionunda büdrədən ağdamlılardan daha artığı gözlənilir. Mən qeydə alınan nəticədən o vaxt narazı qalaram ki, rəqibin Bakıya gələn ən azı bir futbolçusu ilə ictimaiyyət şəkil çəkdirməyə can atmasın.

Nəzərə alaq ki, İtaliya millisinin üzvü Stefen Əl-Şaravi "Milan"dan "Monako"ya keçəndə fransızlar 16, 5 milyon avro xərcə düşmüşdü. "Qarabağ" isə ötən il Avropa Liqasında ağdamlıların heyətində at oynadan Leroy Corc və Muarem Muaremi heyətində saxlamaq üçün 300 min dolları olmamışdı. Bütün bunlar da başadüşüləndi. Bir halda ki, azarkeş 2-3 manat verib, sevimli komandasının oyununa gəlməməyini biletin baha olması ilə əlaqələndirirsə, nəyə görə ötən gecə qeydə alınan heç-heçəyə görə rəqibin gücünə önəm vermirik?

Lütfən, əməyə sayqı…

Emin SƏFƏROV

Fikirlərini bizimlə bölüş!