“Özü yıxılan ağlamaz” deyib atalarımız, Böyükağa bəy. İndi siz də yıxılmız. Köhnə kişilərin bir hikmətli sözü də var: “yıxılana balta çalmazlar”. Bu səbəbdən mən də “Neftçi”nin son biabırçı məğlubiyyətinə görə sizi tənqid etməyə heç həvəsli deyiləm.
Siz gərək belə yıxılmayaydız. Birbalaca uzaqgörən və səbrli olmağınız kifayət idi ki, aprelin 20-də öz ad gününüzü daha yaxşı əhval-ruhiyyədə, öz ailə üzvlərinizlə və dünyaya yeni göz açan şirin-şəkər nəvənizlə birlikdə qeyd edəsiz. Biz sizin iddialı açıqlamalarınıza və bu cür açıqlamalara uyğun da nəticə qazanmağı bacarığınıza yaxşı bələdik. Amma gör iş nə yerə çatıb ki, “ağ-qara” formanı günü-gündən daha uculaşdıran futbolçularınıza xitabən “Üzləri ağ olsun, oynamadılar. Bilə-bilə oynamadılar…” etirafını etməyə məcbur oldunuz.
Axı, biz hələ aylar öncədən həyəcan təbilini gumbuldadırdıq. Görünür, “Neftçi” prezidentinin müşaviri olanda komandada baş verən prosesslərdən bixəbər olmusuz. Yoxsa, xalq komandasının dəyərli formasına layiq olmayan futbolçulara güvənib “Neftçi” hazır maşındı, benzinini töküb, sürmək lazımdı” deməzdiz. “Skenderbeu”ya məğlubiyyətdən sonra təhvil verməyə məcbur olduğunuz posta qayıdanda o qədər sevincliydiz ki, “Neftçi”nin “torbatikən” futbolçularını zəhmətsevər və qanacaqlı oğlanlar kimi tanıdığımız övladlarınıza tay tuturduz. Bizsə yaxşı bilirdik ki, Rəşad, Mahir, Araz kimilər Rüstəm və Yusif Hacıyevlərə tay ola bilməz.
Özümüz dedik, özümüz eşitdik. Hələ onda “bu gün Nazim Süleymanovun arxasıyca ağzına gələni danışan futbolçular sabah asanlıqla təkcə Böyükağa Hacıyevin yox, lap elə Mourinyonun da “başını” asanlıqla yeyəcəklər” deyə fəryad edirdik. Eşitmək istəmədiz. Lap tutaq ki, idman mətbuatının dediklərinə əhəmiyyət verməyi özünüzə sığışdırmırdız. Bəs, niyə unutdunuz ki, elə həmin futbolçular Korçe qəsəbəsinin kasıb komandasının qarşısında diz çöküb, “Neftçi”nin və şəxsən sizin Avroliqanın qrup mərhələsinə yüksəlməklə qazandığı nüfuzu bircə günün içində heç etmişdilər?!
Mən sizin yaddaşınızın bu qədər zəif olduğunu bilməzdim. Ola bilsin ki, son aylar “Neftçi”də yaşanan maliyyə sıxıntısı, futbolçuların aylarla maaş və mükafat üzünə həsrət qalması hadisələrin bu yerə gəlib çıxmasına səbəb olub. Amma heç bir halda belə səbəblər bu cür biabırçı nəticələrə haqq qazandıra bilməz. İndiyə kimi “Neftçi” tərəfinin bir zəif təsəllisi vardı, yeri gəldi-gəlmədi “bizim tək rəqibimiz “Qarabağ”dı” deyirdilər. Reallıq isə başqa mətləblərdən xəbər verir. Çətin ki, “İnter” bərk-bərk yapışdığı ikinci pilləni “Neftçi”yə güzəştə gedər. Kubok yarışında da işlər fırıqdı. Səfərdə vurduğu qolun rahatlığını yaşayan “Rəvan”ı Bayılda məğlub etmək heç də asan olmayacaq. Deməli, “Neftçi”nin tək rəqibi “Qarabağ” deyilmiş. Premyer Liqanın iştirakçılarının az qala hamısı “Neftçi”yə layiqli rəqibə çevrilib. Beləsini heç Böyükağa bəy ən pis yuxusunda belə görə bilməzdi.
Bir həftə ərzində turnir cədvəlinin autsayderləriylə qarşılaşan və onların heç birini məğlub edə bilməyən “xalq komandası”nın əsas rəqibi elə öz dikbaş futbolçularıdı. Məhz elə bu futbolçuların sayəsində həm Böyükağa Hacıyev, həm də “Neftçi” gündən-günə nüfuzunu bir az da itirir, illərlə qazandıqlarını xərcləyir. Bəlkə də son qarşılaşmadakı məğlubiyyət “Sumqayıt”ın elitada saxlanmasına hesablanan “oyunun” tərkib hissəsiydi. İnanmaq istərdim ki, Böyükağa bəyin belə pərdəarxası “oyun”lardan xəbəri yoxdu. Onsuz da yaxşı günlərini yaşamayan çalışdırıcının Sumqayıtdakı məğlubiyyətin əvəzini çıxmaq üçün alışıb-yandığı məlum idi. Alınmadı, bəy. 77 yaşlı qocaman klub kimlərinsə şəxsi maraqlarına qurban verildisə, bu, bizim hamımızın faciəsidi.
Amal ABUŞOV




Fikirlərini bizimlə bölüş!