Azərbaycan futbolu

Xəbərlər və təhlillər

QURŞAQDAN AŞAĞI ZƏRBƏ

Flavinyo və Stamenkoviçi "Neftçi" rəhbərliyinin əleyhinə Bakıdan "danışdırırlar"

Son turda “Neftçi” “Qəbələ”ni qəbul etdi və peşman oldu. Masazır qəsəbəsində yerləşən “Əlincə Arena”nın tribunalarının böyük hissəsi yenə boş qaldı, bu isə qonaqların 8:0 hesablı darmadağınına kölgə salmadı.

“Neftçi”ni azarkeşləri bu dəfə də tək qoydu. Mövsümün əvvəlindən komandanı boykot edən fan-klublar ənənəni davam etdirdi. Yalnız “Forza Neftçi” fan-klubunun üzvləri oyuna gəldir. Dəstəkləmək yox, uğursuz nəticələrə görə öz etirazlarını bildirmək üçün tribunadakı yerlərini aldılar.

“Formanı çıxardın, rədd olun, gedin”, “Vəli, istefa”, “Çingiz, istefa” şüarları hayqırır, komandanı fitə basırdılar. “Neftçi” meydan sahibi olsa da, tribunada “Qəbələ, Qəbələ” şüarları daha gur səslənirdi.

Oyundan sonra "Neftçi" tərəfdarları avtobusun önünü kəsdi. Futbolçuları bir az sorğu-suala tutdular, bir az tənbeh etdilər. Klub rəsmiləri qarşılarına çıxmadı. Belədə gileylərini Ramin Musayevə – hazırda Peşəkar Futbol Liqasının prezidenti olan "Neftçi"nin keçmiş vitse-prezidentinə çatdırdılar.

Hamı ayaqdadı. Hamı narazılıq edir. Hamı "istefa" deyir. Əvvəl hədəfdə yalnız Vəli Qasımov idi, indi baş məşqçi ilə yanaşı, rəhbərliyin də tam tərkibdə klubdan getməsini istəyirlər. Şüşə yerə çırpılıb, çiling-çiling olub. Dünyanın ən yaxşı sənətkarını çağırsalar, qırılmış şüşə parçalarını birləşdirə bilməz. Azarkeş "Neftçi"dən yox, onun rəhbərindən, məşqçisindən və futbolçusundan çox uzaqlaşıb. Tribunaya qayıdarlar, bir şərtlə ki, "persona-no-qrant" elan etdiklərindən bir nəfər də gözlərinə dəyməsin.

Çingiz Abdullayev və ekipinə yalnız "12-ci oyunçu" qənim kəsilməyib. Sabiqlər də fəallaşıb. Xüsusən də Tahir Süleymanov. Ramin Musayevin 2010-ci ildə "Neftçi"yə gətirdiyi və 5 il vitse-prezident postunda poza verən sabiq beynəlxalq dərəcəli hakim hələ də ümid edir ki, ötən günləri geri qayıdacaq. Bunun üçün gecə-gündüz çalışır. Sosial şəbəkələrdə qızışdırıcı statuslar yazır, şərh verir, özünə yaxın jurnalistləri yönəldir. Başını hər yerə soxmaq və odun üstünə benzin tökmək bu məxluqun xislətindədi, dəyişə bilmir, dəyişmir. Səni aləm tanıyır, məşhur adam! Ustanı öyrədib, Bozdağa göndərən göygöz kosa…

"Neftçi"nin 0:8 hesablı rüsvayçılığı indiki rəhbərliyin əleyhdarlarını hzərəkətə gətirməklə yanaşı, sabiq futbolçuları da dilə gətirib. Flavinyo və Saşa Stankoviç sosial şəbəkə vasitəsilə komandanı idarə edənlərin ünvanına sərt ifadələr işlədib. Virtual etiraz aksiyasına cəlb olunan digər legionerlərin siyahını uzadacağı gözləniləndi. Bəli, düz yazdıq: cəlb olunanlar. Bizdəki məlumata görə, vaxtilə ağ-qara forma geyinən əcnəbiləri Bakıdan qızışdırırlar. Sadıq Sadıqovdan sonra "Neftçi"ni tərk etmək məcburiyyətində qalan bəzi eks rəsmilər bu kampaniyanın ssenristləridi.

Fikirlərini bizimlə bölüş!