Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Qurunun oduna yaş yananda…

Neftin dünya birjasında ucuzlaşması Azərbaycan futbolunun sabun köpüyündən heç nəylə fərqlənmədiyini açıq-aydın ortaya qoydu. Futbolun biznes olduğunu dərk etməyən klub sahibləri rəhbərlik etdikləri quruma bahalı oyuncaq gözüylə baxıb. Neft ucuzlaşan kimi, klublarda maliyyə böhranı baş qaldırmağa başladı. Çünki təməli olmayan, yalnız sponsorun kisəsindən qidalanan klubun dağılmaq ehtimalı dovşanın şirlə davadan qalib ayrılmaq şansları qədərdi. Onlar da dərhal bahalı oyuncaqlarından imtina etməyə başladı…

“Xəzər Lənkəran”, “Rəvan”, “Bakı” klublarının rəhbərliyinin səriştəsizliyi yekunda acı nəticələr verib. Elə “İnter” də növbəti mövsüm Avrokuboklara vəsiqə qazansa, böyük ehtimalla sanksiya ilə üzləşəcək və bu hüququnu itirəcək. “Neftçi” də vəziyyət kritik həddə çatıb. Emil Mpenzaya məhkəməni uduzan “ağ-qaralar” göstərilən son tarixədək borcu ödəməsə, sanksiya qaçılmaz olacaq.

“Sumqayıt”ın bəxti onda gətirib ki, bütün əcnəbilərinə Azərbaycan pasportu verib. Başqa sözlə, “Gənclik şəhəri” təmsilçisindən FİFA-ya şikayət edən ola bilməz. “Kəpəz” də baxti gətirənlər sırasındadı. Çünki yalnız bu il Premyer Liqaya qayıdıblar. Əcnəbilərin sayı minimum olan Gəncə təmsilçisindən şikayət olsa da, bu, yaxın 6 ayda baş tutmayacaq. Elə “Zirə” də eyni “qazan”dandı. Futbolçularının tarixində ilk dəfə Premyer Liqada iştirak edən klubdan şikayətçi düşməsi cari mövsümün sonunadək baş tuta bilməz.

Maraqlıdı ki, ötən mövsümü 1-ci divizionda keçirən “Kəpəz”lə “Zirə” hazırda avrokubok zonasına hətta “Qəbələ”dən də yaxındılar. Ancaq Gəncə təmsilçisinin tarixi varsa, “Zirə” yeni yaradılmış klubdu. UEFA-nın qanunlarına əsasən isə klub minimum 3 mövsüm çempionatlarda çıxış etməlidi ki, qitəmiqyaslı turnirlədə iştirakına icazə verilsin. Adil Şükürovun yetirmələri 3-cü dövrənin ilk turundaca güclü “İnter”i devirməklə medallara iddialarının ciddi olduğunu əyani sübut ediblər. Hazırda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan komandanın avrokubok zonasına düşdükdən sonra taleyinin öz əlində olmayacağı düşündürən məqamlardandı.

Çünki belədə, AFFA UEFA-ya müraciət edərək, istisna hal kimi “Zirə”yə Avropa Liqasında iştirak etməyə icazə verməsini xahiş etməlidi. Lakin məsələ burasındadı ki, hətta bu xahiş də bəhrə verməyə bilər. Yazının əvvəlində qeyd etdiyimiz vəziyyətə görə. Azərbaycan klublarının çoxsaylı sanksiyalarla üzləşdiyi bir dövrdə UEFA-nın hansısa güzəştə getməsi inandırıcı görünmür.

Bununla Avropanın ali futbol qurumunu günahkar çıxarmaq niyyətimiz yoxdu. Çünki Azərbaycanda bütün klublar “suyu bir bulaqdan içir” və heç kim təminat verə bilməz ki, 6 aydan sonra “Zirə” olacaq, yoxsa yox. Axı, futbolu “sabun köpüyü” olan ölkənin klublarına necə etibar etmək olar?

Lakin məsələ burasındadı ki, “tutulmayan, oğru deyil”. “Zirə” isə hələ ki, maliyyə məsələlərində heç bir “ÇP”yə yol verməyib. Verməyə-verməyə də sanksiyalarla üzləşdikləri üçün ölkənin imicinə zərbə vuran klubların güdazına gedə bilər. Necə deyərlər, “qurunun oduna yaş da yanır”.

Fikirlərini bizimlə bölüş!