Fasilədi, oyun-filan yoxdu deyə, idman mediasında gerçək və saxta transfer xəbərləri az qala dizə çıxır. Təbii, biz bu mənada hələ qonşu Türkiyədəki həmkarlarımızdan çox geridəyik. Onlar yalanı da elə şirin təqdim edirlər ki, adam doğru kimi qəbul etmək həvəsinə düşür. Hətta belə bir məşhur deyim də var ki, Türkiyə qəzetlərində yalnız ayın tarixi düz göstərilir. Nə isə, idman jurnalistikası ilə bağlı nəzəri-praktiki müqayisələrin yeri deyil. İl hər kəsin gözü önündə tarixə qovuşmaqdadı. Faktiki idmanda total uğursuzluqların, fiaskonun yaşandığı, futbolumuzun isə yerdə süründüyü 2019 nədən uğurlu il kimi qəbul olunur – vallah-billah, anlamıram. Amma bu məsələ də indi bəndənizin maraq dairəsində deyil.
Mənə elə gəlir ki, futbolumuzun son ilində iki-üç parlaq nöqtədən biri də Ramil Şeydayevdi. Əlbəttə, o, Moskva “Dinamo”sunda əsas heyət üzvünə çevrilmədi, demək olar ki, klubla vidalaşıb və buna görə ancaq təəssüflənməyə dəyər. Çünki sizlərin də fərqinə vardığınız kimi, “Spartak” tarixən ermənilərə, “Dinamo” isə azərbaycanlılara qucaq açan klub kimi tanınıb. Zəlzələdən, ya vəlvələdən Ramilin Moskvada işləri alınmadı. Bugünlərdə şəxsi işləri ilə bağlı Bakıya gəldiyindən tam təbii olaraq, onun karyerasını ölkəmizdə davam etdirəcəyi ilə bağlı xəbərlər yayılıb. Ramil artıq bu tipli xəbərləri təkzib edib və elə yaxşı ki təkzib edib. Bu ölkənin çempionatında iki peşəkar liqa var – premyer-liqa və 1-ci divizion. Artıq 1-ci divizionun bataqlıq olduğu, orda şıdırğı oyun alverinin getdiyi 7-dən 77-yə hər kəsə bəllidi. Az qala hər il 30-a yaxın futbol adamını qumarla məşğul olduğuna görə qovurlar, onlar da bir-iki gün atdanıb-düşürlər, sonra köpləri yatır və sakitcə yaşamlarını sürdürürlər. Elita ilə bağlı hələ ki alğı-satqı faktları aşkarlanmasa da, burdan da hansısa normal futbol ölkəsinə gedən soydaşımız olmadığından faktiki kimsəyə lazım deyil. Əlbəttə, mübarizənin sonunda çempion, Avroliqaya qatılanlar müəyyənləşir. Amma kimsə barmağını qatdayıb, hər mövsümün sonunda 5 yeni kəşfin adını açıqlaya bilməz, heç bir əcnəbi skaut-menecer çempionatımıza müştəri mənbəyi kimi baxmır, bu çempionat müxtəlif yaş qrupu üzrə yığmalara rəqabətədavamlı futbolçular vermir. Deməli, çempionat var olmaq xatirinə var, daim inkişafda olan futbol orqanizmi deyil.
Belə durumda Ramilin vətənə dönüşü faciədən də betər olardı. Qoy Rusiyanın istənilən klubunda və liqasında oynasın, amma futbolçu kimi məhv olmaq istəmirsə, dönməsin. Axı bu cavanın potensialı var, heç nədən Rusiya gənclər yığmasının bombardiri olmaq, bu gün də Azərbaycan yığmasını seçdiyinə görə şimal qonşumuzda kimlərisə təəssüf hissinə qərq etmək mümkün deyil.
Altını cızmaq istədiyim növbəti məqam isə odu ki, milli forma geydiyi oyunlarda Ramil nə özünə, nə rəqibə, nə də oyundaşlarına güzəşt edir. Yəqin məhlə futbolu oynayanların hər birinə belə mənzərə tanışdı: özün yaxşı oynayırsan, kimsə ayağını sürüyəndə isə boğazını üzmək istəyirsən. Bax, Ramilin Eddi İsrafilov, Riçard Almeyda, Dmitri Nazarov kimilər ilə münaqişəsinin kökündə də məhz bu məqam dayanırdı. Onlara demək istəyirdi ki, Azərbaycan yığmasını seçməzdiz, seçibsizsə, meydanda can qoymaq boynunuzun borcudu. Elə bu keyfiyyətlətinə, vətən, bayraq anlayışlarına hədsiz sevgisinə və fədakarlığına görə də bizim azarkeşlər onu elə çox sevirlər ki, əllərinin üstündə gəzdirməyə razıdılar. Deməli, Ramil də ona ümid bəsləyən, yeni yığmanın lideri kimi baxan adamların-azarkeşlərin gözləntilərini qarşılamalı, soydaşlarımızı xəyal qırıqlığına düçar etməməlidi. Təbii ki, bu yolda ən vacib addımlardan biri də indiki anda vətənə dönməmək, daha səviyyəli liqalarla inkişaf etmək və yenə də inkişaf etməkdi. Odu ki, məndən Ramilə dost məsləhəti: gəlmə, qal!
HUŞƏNG
Ramil, gəlmə, qal!




Fikirlərini bizimlə bölüş!