Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Ramin Musayevin müdhiş saxtakarlığı! – Azərbaycan biabır olur, AFFA susur

Birinci divizionda çıxış edən "Şuşa"nın adını dəyişdiyi barədə məlumat vermişdik. Komandanın baş məşqçisi Nadir Qasımov bildirmişdi ki, klub bundan sonra "Şuşa Qarabağ" adlanacaq.

Bu məsələylə bağlı olduqca ziddiyyətli məqamlar ortaya çıxıb. Məlum olub ki, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevdən dəstək alan Nadir Qasımov "Şuşa"nın adını dəyişməyib, Ədliyyə Nazirliyində "Şuşa Qarabağ" adlı yeni klubu qeydiyyatdan keçirib. Yeni klub isə 2-ci dövrədən birinci divizionda mübarizəyə qoşulacaq. Bu amil qanunsuzluğun olduqca xırda nüansıdı. Yeni yaradılmış klubun 2-ci dövrədən hansı əsaslarla çempionata qoşulacağı ilə bağlı məsələ qalsın bir tərəfdə. Dəhşətli cinayət odu ki, dağılmış klubun – "Şuşa"nın nəticələri yeni yaradılmış kluba – "Şuşa Qarabağ"a şamil olunacaq. Bu saxtakarlığın həqiqətən də analoqu yoxdu. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycanı bütün dünyada biabır edəcək bir saxtakarlığa, əslində cinayətə imza atıb.

Maraqlıdı ki, bu məsələylə bağlı Peşəkar Futbol Liqası ilə "Şuşa Qarabağ"ı qeydiyyatdan keçirən Qasımovun mövqeyi üst-üstə düşmür. Gəlin, əvvəlcə Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyevin dediklərini oxuyaq. PFL rəsmisi Komanda.az-a verdiyi açıqlamada "Şuşa Qarabağ"ın yenidən qeydiyyatdan keçmədiyini, sadəcə, köhnə klubun – "Şuşa"nın adının dəyişdirildiyini bildirdi:

"Klubda ad və rəhbərlik dəyişib. "Şuşa Qarabağ" "Şuşa"nın xələfi sayılır. Birinci divizionda da klubun davamçısı kimi çıxış edəcək".

İndi isə gəlin, yeni klubun təsisçisi və prezidenti Nadir Qasımovu dinləyək. Nadir bəy Şahgəldiyevin dediklərini tamamilə təkzib etdi, "Şuşa-Qarabağ"ın "Şuşa"ya dəxli olmadığını, komandanın yenidən qeydiyyatdan keçdiyini bildirdi:

"Bir müddətdi Azəri Hüseynovla ("Şuşa"nın prezidenti) əlaqə saxlamağa çalışırdıq. Komanda artıq dörd aydı ki, maaşsız çıxış edir. O isə hər dəfə "bu gün, sabah" deyə-deyə, bizi yola verirdi. Azərinin və onun komandaya tapdığı sponsorların heç bir kömək etmədiyini görüb, "Şuşa Qarabağ" adında klub yaratdım. "Şuşa"nın futbolçuları isə qanuna əsasən, iki aydan artıq məvacib almadıqlarından, azad agent oldular. Onlarla "Şuşa Qarabağ"ın oyunçusu kimi yenidən müqavilə bağladıq. Komandada əvvəlki futbolçulardı, sadəcə, yeni klub yaradıb, qeydiyyatdan keçdik".

Qasımov bildirdi ki, qeydiyyatdan keçmiş "Şuşa Qarabağ"ın özünün möhürü də var.

Vəssalam! Açıq-aşkar cinayət. Bu, bilirsiz nəyə bənzəyir? Deyək ki, "Araz Naxçıvan" Premyer Liqada fəaliyyətini dayandırandan sonra "Zirə"ni elitaya buraxıb, naxçıvanlıların nəticələrini onlara şamil edirlər. Peşəkar Futbol Liqasına rəhbərlik edən Ramin Musayev Azərbaycanın imicinə, qanunlara tüpürmək istəyirsə, tüpürsün. Bəs çempionatın keçirilməsini PFL-ə həvalə edən AFFA rəhbərliyi bu adamın əməllərinə niyə göz yumur? Olmaya Azərbaycanın imicinə zərbə vurulması, qanunların tapdalanmas Rövnəq Abdullayevin də vecinə deyil?

Axı AFFA-da Rəmiş Malıyev adlı hüquqşünas da olmalıdı. Görəsən, AFFA-nın hüquqşünası bu cinayətə necə hüquqi don geyindirəcək?
Məsələylə bağlı "Şuşa"nın "itkin düşən" prezidenti Azəri Hüseynovun, AFFA rəsmilərinin, müstəqil hüquqşünasların da mövqeyini öyrənməyə çalışacağıq.

Fikirlərini bizimlə bölüş!