Sizi bilmirəm, mən həmişə hücumçuların oyununa xüsusi maraqla baxmışam. Belə demək mümkünsə, düşüncələrimdə ideal hücumçu modeli yaradar, bu modelə az-çox uyğun gələnlərin oyununa həvəslə baxar, gəlməyənlərin heç adını da yadımda saxlamağa çalışmazdım.
Təbii ki, bu fikir çoxlarına subyektiv təsir bağışlayacaq. Amma səviyyəli azərbaycanlı hücumçu obrazı mənim üçün İsgəndər Cavadovla bitib. Sadəcə, ona görə ki, istənilən an meydanda gərginliyi artırmağı, təkbətək mübarizələrdə ən azı iki rəqibi aldatmağı, heçdən qol yaratmağı bacaran hücumçulara simpatiya bəsləmişəm.
Əlbəttə, Azərbaycan futbolunda Cavadovdan sonra da hücumçular üzə çıxdı, bəziləri – Nazim Əliyev, Müşfiq Hüseynov, Rövşən Əhmədov, Qurban Qurbanov, Samir Ələkbərov, Alay Bəhramov – hətta "qol maşını" kimi ixtisaslaşdı. Amma bunların heç biri İsgəndər qədər sevimli deyildi. Uzaqbaşı Nazim Süleymanov Cavadova "əlcək ata" bilərdi ki, onun da karyerasının müəyyən dövrü meydanda ideal mövqeyini axtarmağa getdi və bununla da mövzu qapandı.
Bilirsizmi, sözü hara gətirirəm? 2011-12-ci illərdə ölkə futbolunda Rauf Əliyev ad-soyadlı bir hücumçu parlayırdı. Artıq hər kəs sevinclə Qurban Qurbanovdan sonra yığmada üzə çıxan qolçu probleminin həllindən, Azərbaycanın Avropa səviyyəli ulduz qazanmasından danışırdı. Kəsəsi, sevincimizin həddi-hüdudu yox idi.
Amma adam növbəti il transfer söhbətlərindən özünü necə itirdisə, "Xəzər Lənkəran"ın, "Qəbələ"nin, "Bakı"nın pulları gözünü necə qamaşdırdısa, sonradan ölkəmizin Avropadakı qüruru olacaq "Qarabağ"a təpik atdı. Və bununla da bitdi – "inkassator" funksiyasını yerinə yetirən həmkarlarının sırasına qoşuldu.
Raufun sonrakı taleyi də hər kəsə bəllidi – nə maliyyə problemləri ilə üzləşən "Bakı"da, nə də elə eyni çətinliyi yaşayan "Xəzər Lənkəran"da qalmağı özünə sığışdırdı. Təsəvvür edin ki, bu ölkənin yığması məhz onun ümidinə qalıb. Yığmanın il ərzində keçirdiyi oyunlarda hamıdan çox meydanda olan, amma 613 dəqiqədə sarı vərəqədən başqa heç nə ilə yadda qalmayan hücumçunun ümidinə.
Bu adam üçün azarkeş marağı heç nədi. Yəni azarkeş amilinə fikir versəydi, oyunları ən azı 5-6 min tərəfdar toplayan "Xəzər Lənkəran"da qalardı. Hətta strategiyanı dəyişən kluba özünəməxsus şəkildə jest edər, minnət qoyardı ki, "baxın, lənkəranlı azarkeşə görə az pul müqabilində də oynamağa hazıram". Təbii ki, etmədi.
Bu adam karyeranı, qitədə ad çıxarmağı düşünsəydi, Avropanı heyran qoyan "Qarabağ"da qalar, biz də Reynaldo ilə Almeydadan yox, ondan danışardıq. Təbii ki, düşünmədi. Bəs onda bu adam nə düşünür? Nə qədər acı olsa da, faydalı heç nə. Adamı yaşıl meydanda qəhrəmanlığa səsləyən, ölkədə hamıdan güclü olmağa, bombardirlər cədvəlində hamını qabaqlamağa sövq edən heç bir dəyər, motivasiya, köklənmə mənbəyi yoxdu.
Başqa ölkələrdə ulduz hücumçular qarşısına mövsüm üçün konkret qol həddi qoyursa, Raufun hədəfi qol yox, pul həddidi. Məsələn, 300 min dollar qazanmadımsa, deməli, bu mövsüm boşa getdi. Yeni ev almadımsa, maşını təzələmədimsə, o biri mövsümə də bir quş.
Amma yaxşı ki "Neftçi" var. Başqa yerdə əli boşa çıxanların asanlıqla sığına biləcəyi, mərhəmətinə bel bağladığı "Neftçi". İllər boyunca AFFA-nın, yoxsa dövlətin olduğunu müəyyənləşdirə bilməyən, 80 yaşın astanasında belə stadionu, bazası olmayan "Neftçi". Daha nə əlavə edim?! Xeyirli-uğurlu olsun… Əlbəttə, olması mümkünsə…




Fikirlərini bizimlə bölüş!