Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Romanın xoş sonluğu

"Qəbələ”ylə birlikdə Almaniyaya səfərə gedənlər arasında mən də var idim. Həzin bir payız axşamında Dortmundun məşhur "Siqnal İduna Park” stadionunda baş tutan qarşılaşmanı izlədik, geriyə unudulmaz təəssüratlarla qayıtdıq. Özümlə bərabər məni düz 15 gün rahat buraxmayan zəhlətökən qrip də gətirmişdim. Bizi gətirən təyyarə Qəbələdəki hava limanına enərkən boğazımda dəhşətli göynəmə vardı, nəfəs almağa çətinlik çəkirdim. Evə çatanda isə artıq daha dəhşətli ağrılar başlamış, yüksək hərarət məni Almaniyaya getməyimə peşiman etmişdi. Şübhə etmirdim ki, havamı dəyişməyimin fəsadlarını yaşayıram. Orqanizmim qısa müddət ərzində bu cür dəyişikliyə hazır deyilmiş. Dortmund yaxınlğına yerləşən, tərcüməsi "yaşıl kənd” mənası verən Hagen şəhərinin təmiz havası mənə düşməmişdi. Dəhşətli ağrılardan əziyyət çəkdiyim, müxtəlif qiymətə aldığım zəhər dadlı dərmanları qəbul edərkən "Qəbələ”nin futbolçularının durumunu gözümün önünə gətirirdim. Hərəsi dünyanın bir məmləkətindən Azərbaycana gələn bu futbolçular Qəbələnin havasına və suyuna uyğunlaşmaq, eləcə də ayda azı bir dəfə uzaq səfərlərə yollanmaq məcburiyyətindəydilər. Üstəlik, mən evdə xəstəlikdən qurtulmağa çalışanda, onlar məşq etməli və ölkə çempionatının növbəti turuna hazırlaşmalıydılar. Düzdü, peşəkar idmançılar bütün bu çətinliklərə dözməyə borcludular. Onları başqalarından fərqləndirən əsas xüsusiyyətlərdən bir də də elə budu. Amma istənilən halda, insan robot deyil, onun bədəni dəmirdən, yaxud da plastik kütlədən hazırlanmayıb. İstənilən şəxs fərqli iqlimlərin, uzaq səfərlərin fəsadını öz canında hiss edir. Şübhə etmirəm ki, "Qəbələ”nin Avroliqanın qrup mərhələsinə vəsiqə qazanandan sonra qəflətən "qara zolağa” düşməsinə bu məqamın təsiri böyükdü.

Roman Qriqorçuku və onun futbolçularını məsuliyyətdən birdəfəlik azad etmək fikrində deyiləm. "Qəbələ”nin qış fasiləsinə lider "Qarabağ”dan 10 xal geridə, özü də 4-cü pillədə yollanması baş məşqçisindən tutmuş əsas heyət üzvü sayılman futbolçusuna qədər hər kəsin günahıdı. Subyektiv və obyektiv üst-üstə yığılıb, nəticədə qış fasiləsi ərəfəsində belə bir mənzərə ortaya çıxıb. Roman İosifoviçin ən böyük günahlarından biri Andrey Popoviçi zamanında komandasından uzaqlaşdırmaması, ona Bezotosnının əvəzləyicisi gözüylə baxmasıdı. Rotasiya həyata keçirməyə meyilli olmaması, bəzi futbolçulara göstərdiyi etimadın limitsizliyi, heyəti müəyyənləşdirərkən eqoist davranması da onun qüsurlarından önə çıxanlardı. Amma bütün bunlar ukraynalı çalışdırıcının mövsümün ortasında istefaya göndərilməsinə, Avroliqanın qrup mərhələsi bitər-bitməz "Qəbələ”də baş məşqçi dəyişikliyinin gerçəkləşdirilməsinə əsas vermir. Ona bəraət qazandıran ən vacib məqamlardan biri də elə "Qəbələ”nin heç kimin gözləmədiyi halda qrup mərhələsinə yüksəlməsi oldu. O, Azərbaycan premyer-liqasını avrokuboklardan üstün tutsaydı və "qırmızı-qaralar” avqustdan bəri yalnız bir cəbhədə mübarizə aparsaydı, indi tamam fərqli bir mənzərəyə şahidlik edərdik. Məhz buna görə də mən Qriqorçuku istefaya səsləyənlərlə eyni mövqeyi bölüşmürəm. Düşünürəm ki, qışdan sonra Roman İosifoviç və onun komandası çempionata rəng qatmağı, mükafatlar uğrunda mübarizəni qızışdırmağı bacaracaq. Bunun üçün isə istirahət imkanından maksimum yararlanmaq, təlim-məşq toplanışının startına qədər soyuq başla düşünmək lazımdı. Türkiyədəki toplanış zamanı heyətə yeni adlar cəlb olunmalı, komandanın iddialarına uyğun gəlməyənlərlə yollar ayrılmalıdı.

Azərbaycanlı jurnalistlər Roman İosifoviçi "ilin ən yaxşı məşqçisi” seçməklə onun çiyinlərinə böyük məsuliyyət qoydular. Ardınca klub rəhbərliyi çalışdırıcıyla müqavilənin müddətini uzatdığını açıqladı. Qriqorçuk üçün bundan yaxşı "dopinq” ola bilməzdi. Ukraynalı mütəxəssis ona etimad göstərənləri yanıltmamaq üçün əlindən gələni etməlidi. Düzdü, heç bir məşqçi hansısa klubda ömürlük çalışmır, gec-tez yollar ayrılır. Bir var qarşıya qoyulan məqsədlərə çatıb, komandanı başıuca tərk edəsən, bir də var uğursuz nəticələrə görə istefaya göndəriləsən. "Qəbələ”nin Romanı müqavimətsiz təslim olmamalı, daha xoş sonluq üçün çalışmalıdı. Qış fasiləsindən sonra tamam fərqli "Qəbələ” izləmək ümidiylə.

Fikirlərini bizimlə bölüş!