2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin ilk turunda Azərbaycan yığması nəhəng futbol ölkəsi San-Marinoya səfərdə qalib gəldi. İlk turdan sonra yığmamız Almaniya ilə birlikdə qrupa liderlik edir. Almaniya deyirəm ey sizə…
Son dünya çempionları ilə qrupa şərikli liderlik etmək Azərbaycan futbolunun fantastik inkişaf göstəricisinin təzahürüdü. AFFA prezidenti Rövnəq Abdullayevin möhtəşəm və uzaqgörən layihələri hesabına futbolumuz belə mötəbər mərtəbəyə yüksələ bilmişdir. Abdullayev 2008-ci ildə AFFA prezidenti seçilərkən 2016-cı ildə yığmamızın Avropa çempionatının final mərhələsində iştirak edəcəyini bildirmişdi. Ancaq xarici və daxili düşmənlərimizin təxribatı nəticəsində bu vəd yerinə yetirilməmişdir. Həşəmətli AFFA-mız xarici və daxili düşmənlərin təxribatlarını dəf edərək, inkişafı təmin etməyi bacardı. Bu yay "Qarabağ" və "Qəbələ"nin də Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması məhz Abdullayevin futbolu dəhşətli dərəcədə yüksək səviyyədə bilməsinin nəticəsi idi.
Turnir cədvəlinə diqqətlə baxın. Baxın ki, gözünüz işıq, simanız nur görsün. AFFA-nın baş katibi Elxan Məmmədov bu turnir cədvəlini şəkil formasında çıxartdıraraq, böyür-başını Avropa ornamentləriylə bəzətdirərək, otağından (məlumatı Məşqçilər Komitəsinin üzvlərindən biri sızdırıb) asıb. Deyilənlərə görə, Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki də Xorvatiyada tanış rəssama göstəriş verib ki, turnir cədvəlinin hazırki durumunu fırça ilə tarixiləşdirisin. Mənzilində gözəgəlimli yerdən asacaq. Gələcəkdə nəvələrinə "mənim çalışdırdığım Azərbaycan millisi Almaniya ilə eyni xal toplayıb, qrupda liderlik edirdi, Çexiyadan, Norveçdən yuxarıda dayanırdı" demək üçün.
Rövnəq Abdullayevə və Elxan Məmmədova yaltaqlanmaq üçün fürsət axtaran jurnalistlər də AFFA-ya müraciət ediblər: icazə verin, bu uğura qara yaxanların ağzını qaralayaq qələmimizlə.
Bu şəkilə diqqətlə baxın. Allah eləməsin, qulaqlara qurğuşun, Rövnəq Abdullayev gələcəkdə AFFA prezidenti olmasa, başını dik tutub, gəzə bilər. Turnir cədvəlinin hazırki durumunu illər sonra (Elxan Məmmədov cədvəlin çəkilmiş şəklini çərçivəyə salaraq, ona bağışlayar yəqin) uğur qazana bilməyən xələflərinə göstərib "mənim vaxtımda yığma Almaniya ilə birgə qrupda lider idi" deyə bilər. Haqqı da var, vallah. Bu şəkilə diqqətlə baxın və AFFA-nı tənqid etməyi yığışdırın. Rövnəq Abdullayev bu şəkili bizim gözümüzə soxar ey…




Fikirlərini bizimlə bölüş!