Azərbaycan futbolu

Xəbərlər və təhlillər

RÖVNƏQ ABDULLAYEVIN XILAS(KAR)I

AFFA İcraiyyə Komitəsinin iclasından sonra keçirilən mətbuat konfransında Rövnəq Abdullayevin səsləndirdiyi fikirlər Azərbaycan futbolunun aciz, miskin durumda olmasının bir növ etirafı idi. Əhvalı yüksək olsa da, atmacalarından, zarafatlarından qalmasa da, real mənzərəni ortaya qoydu. Qurban Qurbanovla bağlı sualı cavablayarkən dediklərini nəzərdə tuturam.

Adam gec də olsa, acı həqiqəti dərk edib. Gec də olsa, bu yığmanın ciddi hədəflər uğrunda döyüşmək iqtidarında olmadığını özü üçün qətiləşdirib. Bu üzdən də Qurbanovun yığmada "yanmasını", bataqlıqda boğulmasını, nüfuzuna xələl gəlməsini istəmir. Sizə buna görə böyük bir "əhsən" düşür. İnanın, tam səmimi deyirəm. Qurbanovun indiki vəziyyətdə millinin baş məşqçisi vəzifəsinə təyinatının qəti əleyhinə olanlardan biri, bəlkə də birincisiyəm. Məhz Abdullayevin xeyir-duası ilə məşqçiliyə başlayan və bu sa-hədə az-çox uğuru olan birini yerindən tərpətmək ən böyük ağılsızlıq, hətta cinayətə bərabər addım olardı.

Qurbanov Azərbaycan klub futbolunu yeni müstəviyə çıxaran şəxsdi. Qurbanov "Qarabağ" adlı mükəmməl layihənin müəllifidi. Qurbanov azarkeşlərin ümid yeridi. Bu gün uğura ac ölkənin vətəndaşları ondan daha artığını umur və bu istək də boşuna deyil. Adamlar Qurbanovlu "Qarabağ"ı Avroliqanın pley-offunda, Çempionlar Liqasının qrupunda görməyin xəyalları ilə yaşayır. Adamlar onu bir növ əlində sehrli çubuq olan nağıl qəhrəmanına bənzədir. Qurban bəy də futbol həvəskarlarının arzusunu çin etmək yolunda əmin addımlarla irəliləyir. Əl çəkin, imkan verin kişi işini başa çatdırsın, milyonların futbol zövqünü oxşamaqda davam etsin. Onun adını yığma ilə yanaşı hallandırmağın başını birdə-fəlik buraxın. Çünki bu futbolçular yığını ilə Mourinyonun da nəticə qazana bilməyəcəyini hamımız etiraf ediriksə, heç olmasa, Qurbanovu və "Qarabağ"ı itirməyək.

Mən Rövnəq Abdullayevin ağıllı adam olduğuna heç vaxt şübhə etməmişəm. Futbol biliyi lazımi səviyyədə olmasa da, Berti Foqtsla bağlı məlum məsələdə Elşad Nəsirov – Elxan Məmmədov tandeminə uduzsa da, vaxt gələndə bu cütlüyün yox, məhz özünün sorğu-suala çəkiləcəyinin, onilliyin hesabatını verəcəyinin fərqindədi. Bu üzdən də kişi özünün də eti-raf etdiyi kimi, Əli aşından da, Vəli aşından da olmaq istəmir. Adam gözəl anlayır ki, hazırda rəhbərlik etdiyi futbol təsərrüfatında yeganə parlaq nöqtə "Qarabağ"dı. Adam gö-rür ki, bu parlaq nöqtənin zamanla böyüyüb Günəşə çevrilmək ehtimalı çoxdu ki, az deyil. Və adam onu da dərk edir ki, gələn il verəcəyi hesabatın ana xətti, ən parlaq nöqtəsi yolunda milyonları havaya sovurduğu aciz yığma yox, məhz Qurban Qurbanovlu "Qarabağ" olacaq. Bu klub hazırda Azərbaycan futbolunun yeganə görən gözüdüsə, ora burmaq soxmaq ən axmaq addım olardı ki, AFFA başqanı da bu variantı arxa plana atıb. Bir sözlə, Qurban Qurba-novlu "Qarabağ" Abdullayev üçün bir növ xilaskara çevirilib.

Prosineçki xoş gəlib, səfa gətirib. Gəlişigözəl sözlər deməkdən usanmır. Adam çox nikbindi. U-17 və U-19-un elit mərhələyə yüksəlməsindən, izlədiyi premyer-liqa oyunlarında diqqətini çəkən gənc futbolçulardan ağızdolusu danışır, hər şeyin yaxşı olacağına işa-rə vurur. Amma fikrimcə, onda belə əminliyin formalaşmasında "Qarabağ"ın varlığı və uğurlu çıxışı daha böyük rol oynayıb. Futbolçu kimi mükəmməl olan, məşqçilikdə hələ ki adından söz etdirməyən birinin nikbinliyini qoruması heç də pis deyil. Əlbəttə, hələ onu irəlidə nələrin gözlədiyinin fərqinə varmır. Adam hələ ki bu günlə yaşayır, gördüklərinin təsiri altındadı. Enerjilidi, həvəsi var, özünü məşqçi kimi sübut etmək üçün alışıb-yanır. Təki axırı yaxşı olsun. Bir-birinin ayağının altını qazan, paxıllığını çəkən, kiçik uğurunu belə həzm etməyən yerli mütəxəssislərdənsə əcnəbinin, indiki halda Prosineçkinin millini çalışdırması mənə görə heç də pis variant deyil.

Müsbət sonluğa bir faiz belə inamım olmasa da, zamanı qabaqlamayıb gözləyək. Hər halda, qoca almandan yaxşı olacaq ki, pis olmayacaq.

Məşqçilər Komitəsi və Klublar Komitəsi haqda da fərqli düşünmürəm. Əlbəttə, istənilən sahədə yenilik gələcəyə ümid verir. Amma hər ikisinin AFFA-nın xeyir-duası ilə yaradılması və qurumun "qanadı altında" fəaliyyət göstərməsi heç də xoş sonluqdan xəbər ver-mir. Bu üzdən hansısa dəyərli təklifin, yeniliyin gündəmə gətiriləcəyinə inanmaq sadə-lövhlük olardı.

Fikirlərini bizimlə bölüş!