Rövşən Nəcəf və Cahangir Fərəcullayevlə Azərbaycan futbolunun gələcəyi ola bilərmi?!

Rövşən Nəcəf və Cahangir Fərəcullayevlə Azərbaycan futbolunun gələcəyi ola bilərmi?!

Xeyr, mən Azərbaycan futbolunun gələcəyini görmürəm. Bizi çox ağır gələcək gözləyir və çıxış yolu da görmürəm. Niyə çıxış yolu görmürəm? Çünki bunun üçün ilk növbədə idarəçilər və idarəetmə sistemi dəyişməlidir. Amma təəssüf ki, Azərbaycan futboluna daim səriştəsiz və korrupsiyaya bulaşmış adamlar rəhbərlik ediblər. Bir korrupsioner gedib, yerinə başqa korrupsionerlər gəlib.

Biz Rövnəq Abdullayevin və Elxan Məmmədovun gedişinə ümidlə baxırdıq. Fikirləşirdik ki, onlar gedəcək, yerinə yeni adamlar gələcək və futbolun gələcəyi üçün real addımlar atılacaq. Amma çox təəssüf ki, belə olmadı. Biz yanılmışıq. Rövnəq Abdullayev getdi, onun yerinə daha betəri – Rövşən Nəcəf gəldi. Elxan Məmmədov getdi, onun yerinə daha betəri – Cahangir Fərəcullayev gəldi. Bunlar daha böyük korrupsionerlərdir. Bunlar daha böyük yağmaçılar, daha böyük talançılardır. Təsəvvür edin, Rövnəq Abdullayevin dövründə AFFA-nın büdcəsi 30 milyon manat idi. Bunlar gələn kimi ilk növbədə büdcəni 60 milyon manata çatdırdılar. Yəni, daha çox pul yumaq, daha çox vəsaiti mənimsəmək üçün. Gözləmək olardı ki, bu vəsaitdən Azərbaycan futbolunun gələcəyini qurmaq, onun təməlini möhkəmləndirmək üçün istifadə edəcəklər. Amma belə olmadı.

Biz uzun illər, elə mən “Komanda” qəzetində işlədiyim vaxtda yazırdıq ki, milli komandalara, yəni, aşağı yaş qrupları üzrə yığmalara ildə 10 milyon manat büdcə ayrılması absurddur. Bu, yeyintidir, cənablar, bunu yığışdırın. Bu yığmalara ildə 2-3 milyon manat kifayətdir. Qalan 7-8 milyon manatı isə bölgələrdə uşaq futbolunun infrastrukturunun qurulmasına yönəldin. Özü də bölgələrdən başlayın.

Amma bunlar nə etdilər? Gəlib həmin yığmaların, yəni, aşağı yaş qrupları üzrə komandaların 10 milyon manatlıq büdcəsini 30 milyon manata çatdırdılar. Təsəvvür edirsiz, nə boyda qarət, nə boyda quldurluqdur bu? Və biz bu adamlarla Azərbaycan futbolunun gələcəyini düşünürüksə, deməli, çox sadəlövhlük edirik. Azərbaycan futbolu böyük korrupsiya yuvasıdır. Burada korrupsiyaya qarşı mübarizə aparılması mütləq vacibdir.

Artıq dünya bizi görür. Xalq hər şeyi görür, nəyin necə olduğunu bilir. Artıq heç nəyi gizlətmək mümkün deyil. Açıq-aşkar cinayətlər törədilir, milyonlar mənimsənilir. Ölkədə deyirlər ki, korrupsiyaya qarşı mübarizə aparılır. Bəs hanı? Korrupsiyaya qarşı mübarizə aparılırsa, AFFA-da bu adamlar belə işləri necə rahatlıqla görə bilirlər? Azərbaycan futbolu bu gün “çirkli pullar”ın mənimsənilməsi üçün münbit məkana çevrilib, bir dəstə dələduzun əlində alətə çevrilib. Bu adamlarla Azərbaycan futbolunu inkişaf etdirə bilməyəcəyik.

Rövşən Nəcəf gələndən sonra 5 milyona yazdırdığı bu çıxışlara əsaslanan Azərbaycan futbolunun inkişaf strategiyası hanı? Həmin inkişaf strategiyasına görə bizim yığmamız ortababdan aşağı səviyyədə olan Monteneqro kimi bir komandadan 7 qol buraxmalı idi? 2:7 hesabı ilə məğlub olmalı idi? Belə şey ola bilməz, bu, mümkün deyil.

Bu uşaqlar ümumiyyətlə, futbol oynamağı bilmirlər. Azərbaycan futbolu dünya qarşısında belə bir biabırçılıq yaşamamalıdır. Uduzmaq, məğlub olmaq olar, amma belə yox. Axı əvvəl heç olmasa, futbolçuların ayağı top tuturdu. Bu uşaqların isə ümumiyyətlə, ayağı top tutmur. Çox maraqlıdır, bunları haradan tapıb gətiriblər? Kimdir bunlar? Kimin övladlarıdır?

Vəziyyət o həddə çatıb ki, artıq cəmiyyət arasında, ictimai rəydə müxtəlif şayiələr dolaşır, müxtəlif söhbətlər gəzir. Deyirlər ki, bu adamları gətirirlər, kimlərinsə qohumlarını, əqrabalarını, nazirlərin, AFFA rəhbərliyində təmsil olunan şəxslərin yaxınlarını yerləşdirirlər. Sonra da onları U-20-də məşq etmək, əsgərlik xidmətini keçmək üçün göndərirlər, milli komandaya düşürlər. Yəni, bu adamların ümumiyyətlə, futbolla yaxından-uzaqdan əlaqəsi yoxdur. Söhbət U-17, U-19 və U-21 yığmalarının heyətindəki futbolçulardan gedir. Belə söz-söhbətlər gəzir və bunların hamısı araşdırılmalıdır.

FİFA və UEFA-da korrupsiya qalmaqalları ilə bağlı aparılan əməliyyatlar Azərbaycan futbolunda da həyata keçirilməlidir. Nə qədər ki, biz bunları deyəcəyik, amma heç bir tədbir görülməyəcək, Azərbaycan futbolunun gələcəyi daha da bərbad olacaq. Bizi daha ağır günlər gözləyir. Beş, on ildən sonra bu uşaqlar Azərbaycan futbolunun əsasını təşkil edəcəklər. Bəs onlar Avropada nə edə biləcəklər? Azərbaycan futbolunun gələcəyi yoxdur. Azərbaycan futbolu bir dəstə dələduzun, istedadlı dələduzların “çirkli pullar”ı mənimsəməsi üçün məkana çevrilib. Bunlar burada istədiklərini edirlər. Belə getsə, Azərbaycanda futbol olmayacaq. Bunu birmənalı şəkildə qəbul etmək lazımdır.

Nəyəsə ümid bağlamaq sadəlövh və düşüncəsiz insanların işi ola bilər. O qədər sadəlövh olmalısan ki, Rövşən Nəcəf və Cahangir Fərəcullayev kimi adamlarla Azərbaycan futbolunun gələcəyinin olacağına inanasan. Bu, mümkün deyil.

Natiq MUXTARLI

Fikirlərini bizimlə bölüş!

E-poçt ünvanınız yayımlanmayacaq. * işarəli sahələr mütləqdir.